Bir qrup naməlum şəxs vəkil, hüquq müdafiəçisi Samirə Ağayevaya hədə-qorxu gəlib. Hadisə axşam fevralın 24-dü axşam saatlarında S.Ağayevanın evinin yaxınlığında baş verib. Bu barədə o özü məlumat verib.
İçərisində 2 nəfərin olduğu avtomobil onu avtobus dayanacağından evə qədər izləyib. Blokun qabağında yüksək sürətlə S.Ağayevanın üstünə sürməyə cəhd edib. S.Ağayeva blok tərəfə keçib və maşın arxaya sürüb, o deyir.
“Qaranlıq olduğu üçün maşının nömrəsini görə bilmədim. Yuxarı qalxdım, balkondan baxdım. Maşın 5 dəqiqə gözlədi və getdi”, – S. Ağayeva bildirib.
Hüquq müdafiəçisi baş verənləri onu qorxutmaq cəhdi kimi qiymətləndirib.
O, "Turan"ın müxbirilə söhbətində bildirib ki, bu, çox güman, onun hüquq-müdafiə və siyasi fəaliyyəti (S.Ağayeva D18 Hərəkatının sədr müavinidir), məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə etməsilə bağlıdır.
Hüquq müdafiəçisi polisə müraciət edib-etməyəcəyi barədə sualın cavabında deyib ki, avtomobilin nömrəsini görməyib, yaşadığı evin həyətində isə müşahidə kamerası yoxdur.
Hüquq mühafizə qurumları vəkilin açıqlamasını şərh etməyiblər.