Sunay RAMAZANOVA
hüquqşünas
Nikah müqaviləsi nədir? Azərbaycanda nikah müqaviləsi bağlanırmı? Bu müqavilənin əhəmiyyəti nədən ibarətdir?
Ailə Məcəlləsinə görə, nikah müqaviləsi nikaha daxil olan şəxslər arasında bağlanan, nikah dövründə və (və ya) nikah pozulduqda ər-arvadın əmlak hüquqlarını və vəzifələrini müəyyən edən sazişdir.
Bu müqavilə ilə ər-arvad birgə mülkiyyətin qanunla müəyyən olunmuş rejimini dəyişərək, ümumi əmlaka, onun ayrı-ayrı növlərinə və ya ər-arvadın hər birinin əmlakına birgə, paylı və ya ayrıca mülkiyyət rejimi tətbiq edə bilərlər.
Ancaq reallıqda bu müqavilə, demək olar ki, bağlanmır və nəticədə nikah pozularkən çoxlu sayda problemlərin yaranmasına, bir-birini sevən cütlüklərin sonradan məhkəmə dəhlizlərində bir-birinə qəzəb və nifrət püskürməsinə gətirib çıxarır.
Başqa sözlə desək, nikah müqaviləsinin bağlanmamasının dərin ictimai səsbəbləri olmaqla yanaşı, həm də psixoloji əsasları da var. Sanki, nikah müqaviləsinin bağlanması gələcəkdə nikahın pozulmasına eyham kimi qəbul edilir və bu səbəbdən də hər vəchlə bu müqavilənin bağlanılmasından vaz keçilir.
Halbuki, nikah müqaviləsinin mövcudluğu bir sıra hallarda tərəfləri nikahın pozulmasından çəkindirici rol oynaya bilərdi. Yəni, nikah müqaviləsi boşanmaların azalmasının səbəblərindən birinə çevrilə bilərdi.
Ailə qanunvericilyinə görə, nikah müqaviləsi ər-arvadın mövcud olan və gələcəkdə əldə edəcəkləri əmlaka dair bağlana bilər.
Müqavilədə tərəflərin bir-birinin gəlirlərində iştirak üsulları, hər birinin ailə xərclərində iştirakı qaydası ilə bağlı hüquq və vəzifələri, nikah pozulduqda hər birinə düşəcək əmlakı və ər-arvadın əmlak münasibətlərinə dair hər hansı başqa müddəa müəyyənləşdirilə bilər.
Bu isə o deməkdir ki, belə müqavilə bağlanaması gələcəkdə hər hansı uzun surən, gərgin münaqişələri istisna edir.
Qanun deyir ki, nikah müqaviləsi nikahın bağlanmasının dövlət qeydiyyatına qədər, həmçinin nikah dövründə istənilən vaxtda bağlana bilər.
Yəni, əgər nikaha daxil olana qədər müqavilə bağlanılmayıbsa, bu o demək deyil ki, nikaha daxil olduqdan sonra bağlanıla bilməz. Ona görə də gənc ailələr qanunun verdiyi bu imkandan sonra da yararlana bilərlər.
Nikah müqaviləsi yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. İstənilən vaxt dəyişdirilə və yaxud da pozula bilər.
Müqavilənin dəyişdirilməsi və yaxud da pozulması üçün bunu ər-arvadın qarşılıqlı razılığına bağlayır. Belə razılıq olduqda istənilən vaxt müavilə dəyişdirilə və ya pozula bilər.
Razılıq olmadıqda isə tərəflərdən birinin iddiasına əsasən məhkəmənin qətnaməsi ilə nikah müqaviləsi dəyişdirilə və ya pozula bilər.
Müqavilənin şərtləri əri (arvadı) çox əlverişsiz vəziyyətə saldıqda nikah müqaviləsi onun tərəfindən mübahisələndirilə bilər.
Nikah müqaviləsində nikah pozulduqdan sonrakı dövr üçün nəzərdə tutulan vəzifələr istisna olmaqla, nikaha xitam verilməsi anından nikah müqaviləsinə də xitam verilir.
Ancaq nikah müqaviləsinin icrasından birtərəfli qaydada imtina etməyə yol verilmir.