XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 November 2015 - 10:36

Vəkil bürosu: Nikah münasibətlərinin pozulmasında yaranan problemlərə dair suallar və cavablar

vekil-1.png

Strateq.az-ın “Vəkil bürosu” layihəsində vətəndaşların müxtəlif hüquqi məsələlərlə bağlı suallarını hüquqşünas Sunay Ramazanova cavablandırır. Aşağıdakı suallar vətəndaşların nikah münasibətlərinin pozulması zamanı ortaya çıxan problemlər haqqındadır:

sunay-1.jpg

Hüquqşünas Sunay Ramazanova

 

SUAL:  İki ilə yaxındır ailə qurmuşam. 11 aylıq bir uşağımız var. Hazırda ailə münasibətlərimiz pisdir. Mən nikahın pozulmasını tələb edə bilərəmmi? Vaqif Quliyev

CAVAB : Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci maddəsinə əsasən arvadın hamiləliyi dövründə və ya uşağın doğulmasından sonra 1 il müddətində arvadın razılığı olmadan ər nikaha xitam verilməsi barədə iddia qaldıra bilməz.

 

SUAL: Birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsinə iddia müddəti tətbiq olunurmu? Yeganə Məmmədova

CAVAB : Azərbaycan Respublikasın Ailə Məcəlləsinin 36.9-cu maddəsində deyilir ki, nikah pozulduqda ər-arvadın umumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.

 

SUAL: Nikah hansı hallarda məhkəmədən kənar pozulur? Azər ibrahimov

CAVAB: Ailə Məcəlləsinin 17-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında nikaha qeydiyyat şöbəsində xitam verilə bilər. Bu zaman hər iki tərəfin razılığı lazımdır. Əgər bir tərəf razılıq ərizəsi vermədikdə və ya ərizə verməkdən yayındıqda nikah məhkəmə qaydasında pozulur.  Qanuna görə yetkinlik yaşına çatmayan ümumi uşaqlarının olmasından asılı olmayaraq ərin (arvadın) ərizəsi əsasında nikaha xitam verilməsi aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanında aparılır: ər (arvad) məhkəmə qaydasında itkin düşmüş hesab edildikdə; ər (arvad) məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; ər (arvad) cinayət törətməyə görə ən azı 3 il müddətinə azadlıqdan məhrum olunduqda.

 

SUAL:  Bir il olar nikahım pozulub. Birgə nikamızdan bir uşağımız var. Keçmiş ərim məhkəmə qətnaməsində qət edilmiş aliment məbləğini ödəmir. Bilmək istəyirəm, aliment məbləğini ödəməyən əri valideynlik hüququndan məhrum etmək olarmı? Səidə Quliyeva

CAVAB: Ailə Məcəlləsinin 64.0.2-ci maddəsinə əsasən alimentin qəsdən ödənilməməsi valideynlik hüququndan məhrum etməyə səbəb ola bilər. Əgər sizin keçmiş həyat yoldaşınız, alimenti qəsdən ödəmirsə və yaxud da ödəməkdən yayınırsa, onun atalıq hüququndan məhrum edilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilərsiniz.

 

SUAL: Uşaqların saxlanması üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı nə qədərdir? Günay Həbibova  

CAVAB: Ailə Məcəlləsinin 76-cı maddəsində deyilir ki, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı.

 

SUAL: Bizim birgə nikahmızdan bir oğlumuz var. Uşağın 11 yaşı var. Mən həyat yoldaşımla yola gedə bilmirəm və nikahın pozulması qaçılmazdır. Uşaq nikah pozulduqdan sonra mənmlə qalmaq istəyir. Bilmək istəyirəm, görüm, məhkəmə nikahı pozarkən uşağın fikrini nəzər ala bilərmi? Aydın Hümmətov

CAVAB: Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı  öz fikrini bildirmək,  habelə məhkəmə istintaqi  və inzibatı  araşdirmaların gedişində dinlənilmək hüququna malikdir. Qanuna görə, onun maraqlarına zidd olan hallar istisna olunmaqla 10 yaşına çatmış  uşağın fikri mütləq nəzərə alınmalıdir Məhkəmə və qəyumluq və himayə orqanı yalnız  10 yaşına çatmiş uşağın razılıği ilə qərar qəbul edə bilər.

 

SUAL: Mən boşanmışam, birgə nikahdan 2 uşağımIz var, boşanandan sonra həyat yoldaşım uçşalarla görüşümə imkan vermir, müxtəlif maneçiliklər törədir. Mən nə edim? Eldəniz Qasımov

CAVAB: Uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak hüququna malikdir.  Ailə Məcəlləsinin 61-ci maddəsinə əsasən uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır. Əgər sizin uşaqlarınızla ünsiyyətinizə problem yaradılırsa, bununla bağlı məhkəmədə iddia qaldıra bilərsiniz. Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq yerli icra hakimiyyətinin qəyyumluq və himayəçilik komissiyasının rəyi alınır. Rəydə bu hüququn həyata keçirlməsinə hər hansı maneənin mövcud olub-olmaması öz əksini tapır.