XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2015 - 07:26

Borc müqaviləsi necə bağlanır? Hüquqşünas məsləhəti

borc-1.jpg

Sualları hüquqşünas Sunay  Ramazanova cavablandırır:

Sual: Bir neçə il bundan əvvəl bir firma ilə müqavilə bağlamışdım, indi xəbər tuturam ki,   mənim müqavilə müddətində hüququm pozulub. üstündən 7 il keçib, mən indi hüquqlarımın bərpası ilə bağlı məhkəmədə iddia qaldıra bilərəmmi? Orxan Əliyev

Cavab:  Mülki qanunvericliyə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Müqavilə tələbləri üzrə isə iddia müddəti üç il müəyyən edilib. Siz hüququnuzun pozulduğunu yeni bildiyinizdən, hüquqlarınızın bərpası ilə bağlı məhkəməyə müraciət edə bilərsiniz.

Sual: Səhhətinə görə hüquqlarını müstəqil yerinə yetirə bilməyən bir bacım var. Mən işlədiyimə görə həmişə onun yanında ola bilmirəm. Bilmək istəyirəm ki,  dövlət bacıma himayəçi təyin edə bilərmi ? İnci Maksudov

Cavab: Qanuna görə, sağlamlıq vəziyyətinə görə müstəqil surətdə öz hüquqlarını həyata keçirməyə və müdafiə etməyə, öz vəzifələrini icra etməyə qadir olmayan yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin xahişi ilə onun üzərində patronaj təyin edilə bilər. Yetkinlik yaşına çatmış fəaliyyət qabiliyyətli fiziki şəxsin patronu (köməkçisi) həmin fiziki şəxsin razılığı ilə qəyyumluq və himayəçilik orqanı tərəfindən təyin edilir. Patronaj təyin edilməsi fiziki şəxsin hüquqlarının məhdudlaşdırılmasına səbəb olmur.

Sual: İş yoldaşım radio vasitəsi ilə mənim ünvanıma xoş olmayan sözlər səsləndirib, mənim ailədaxili sirrlərimi açıb danışıb. Bilmək istəyirəm ki, mən nə edə bilərəm? Lalə Allahyarova

Cavab: Siz şərəf, ləyaqət və ya işgüzar nüfuzunuzu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilərsiniz, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Əgər sizin şərəfi, ləyaqəti, işgüzar nüfuzunuzu ləkələyən və ya şəxsi və ailə həyatınızın sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılıbsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir. Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir. Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Siz həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb də edə bilərsiniz.

Sual: Yaxın qohumum məndən borc alıb, bu münasibətə görə notariusda borc müqavləsi imzalamadıq. Ancaq o, illərdir pulumu geri qaytarmır. Mən nə edim? Kərim Əfəndiyev

Cavab: Qanuna görə borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər. Əgər qohumunuz sizin borcu geri qaytarmayıbsa, pulun qaytarılması tələbinə dair məhkəmədə iddia qaldıra bilərsiz.

Sual: Bizim rayonda əmlakımız var, yanğın nəticəsində əmlakımız yararsız hala düşüb, həmin əmlakın qediyyatının necə ləvğ edə bilərik? Nəriman Osmanov

Cavab: Siz bununla bağlı məhkəmədə qeydiyyatın ləğvinə dair iddia qaldıra bilərsiniz. Əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itiribsə, siz məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilərsiniz. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən reyestr xidmətinin vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. İstənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər

Sual: Qardaşımla eyni həyətin içindəki bir mənzildə, amma ayrı-ayrı otaqlarda yaşayırıq. Mənzil birgə mülkiyyətdədir. Hazırda qardaşım evini satıb, çıxmaq istəyir.  Ancaq mənə satmaq istəmir, mən qanunla bu hala və ya mənə satmamağına etiraz edə bilərəmmi? Malik Yaqubov

Cavab: Qanuna görə, umumi paylı mülkiyyət hüququndakı pay üçüncü şəxsə satılarkən, paylı mülkiyyətin qalan mülkiyyətçiləri satılan payı, açıq hərracdan satış halı istisna olmaqla, satıldığı qiymətə və digər bərabər şərtlər əsasında almaqda üstünlük hüququna malikdirlər. Siz bu mənada qardaşınıza məxsus mənzili almaqda üstünlük hüququna maliksiz. Payın satıcısı öz payını üçüncü şəxsə satmaq niyyəti barəsində payın qiymətini və digər satış şərtlərini göstərməklə paylı mülkiyyətin qalan mülkiyyətçilərinə yazılı bildiriş verməlidir. Əgər paylı mülkiyyətin qalan mülkiyyətçiləri daşınmaz əmlaka mülkiyyət hüququndakı satılan payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 45 gün ərzində onu əldə etməzlərsə, daşınar əmlaka mülkiyyət hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını istədiyi şəxsə sata bilər.

Sual: Bacımla mənim ümumi birgə mülkümüz var. Mən həmin mülkü girov qoyub bankdan pul götürmək istəyirəm. Bunu necə edə bilərəm? Elnaz Əfəndiyeva

Cavab: Qanuna görə, ümumi birgə mülkiyyətdə olan əşya yalnız bütün mülkiyyətçilərin yazılı razılığı olduqda girov qoyula bilər. ümumi paylı mülkiyyət isə, mülkiyyətçilərindən hər hansı biri tərəfindən onun payı digər mülkiyyətçilərin razılığı olmadan girov qoyula bilər. Girov saxlayanın tələbi ilə həmin paya tutma yönəldildikdə və o satıldıqda bu Məcəllənin satın almaqda üstünlük hüququ haqqında qaydaları tətbiq edilir.