Məişət zorakılığı problemi günü-gündən aktuallaşır. Hər gün xəbərlərdə çoxlu sayda ailədaxili zorakılıqla bağlı xəbərlərə rast gəlmək mümkündür.
2010-cu ildə Azərbaycanda “Məişət zorakılığın qarşısının alınması haqqında” qanun qəbul edildi. Qanun bir sıra anlayışları, məişət zəminində fiziki zorakılıq, məişət zəminində psixi zorakılıq, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqi və məişət zəminində cinsi zorakılıq anlayışlarını fərqləndirir. Məişət zorakılığının qarşısının alınmasının əsas prinsipləri insan hüquq və azadlıqlarının təmin edilməsi, qadınlara qarşı ayrı-seçkiliyin qadağan edilməsi, hər kəsin şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, şəxsi və ailə həyatı sirrinin qorunması məqsədi ilə konfidensiallığa riayət edilməsi, zərər çəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası və məişət zorakılığının qarşısının alınması sahəsində dövlət orqanlarının və qeyri-dövlət qurumlarının qarşılıqlı əməkdaşlığıdır.
Azərbaycanda ən geniş yayılmış zorakılıq, sözsüz ki, məişət zəminində fiziki zorakılıqdır. Sonrakı yerlərdə psixi, cinsi zorakılıq və s. gəlir.
Baxmayaraq ki, ailələrdə tez-tez zorakılıq halları baş verir, lakin əksər vaxtlarda bu barədə danışılmır.
Halbuki adını yuxarıda çəkdiyimiz qanunda məişət zorakılığı barədə müraciət daxil olduqda onun araşdırlması, şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılması nəzərdə tututlur.
Bir çox hallarda məişət zorakılığının qurbanına çevrilmiş, zərərçəkmiş qadınlar isə bu barədə məlumatlı deyil, bir çoxu isə ona münasibətdə yol verilmiş əməlin cinayət olduğunu belə qəbul etmir.
Bəs ailədaxili zorakılıq necə inkişaf edir?
lkin işarə, münasibətlərin gərginləşməsi, pozulmasıdır. Qadınlar bu gərginliyə həddən artıq səbr və təmkin nümayiş etdirməklə, zorakılığın baş verməsinə faktiki olaraq yol açırlar. Gərginlik artdıqca isə zorakılıq və şiddət qaçılmaz olur.
Bəs bünun baş verməməsi üçün nə etməli? Hesab edirik ki, ilk öncə ailədaxili münaqişələrin səbəbləri araşdırılmalı, bu səbəblər müzakirə olunmalı, yeri gəlkdikdə mütəxəssisə müraciət olunmalı, problemlər aradan qaldırlmalıdır. Məsələn, deyək ki, kişi narkomaniya xəstəliyindən əziyyət çəkirsə və yaxud sipirtli içki aludəçisidirsə, o, həkimə müraciət etməyə həvəsləndirilməlidir və yaxud hər hansı psixoloji çatışmazlıqdan əziyyət çəkirsə, psixoloqa, psixiatra, Psixoloji Yardım Mərkəzinə müraciət edilməldir.
Azərbaycanda zorakılıqdan əziyyət çəkən qadınlar üçün sığınacaq evləri, dövlət yardım mərkəzləri yaradılıb. Yardım mərkəzlərində zərər çəkmiş şəxslər hüquqi və ya tibbi yardım ala, işlə təmin edilə, yeni peşələrə yiyələnməsinə kömək göstərilə, psixoloji reabilitasiya kursu keçə bilər və s. Zəruri hallarda zərər çəkmiş şəxslər müvəqqəti sığınacaqla təmin edilir. Qadınlar sığınacağa qaynar xətt və ya polis vasitəsi ilə istiqamətləndirilir. Yalnız 14 yaşına qədər oğlan uşaqları anaları ilə bu siğınacaqlarda yerləşdirilir.
Hesab edirik ki, məişət zorakılığının qarşınının alınmasında ən vacib məsələlərdən biri də düzgün yönəltmə və kampaniyaların aparılmasıdır.
Sunay Ramazanova,
hüquqşünas