Şəmsəddin ƏLİYEV,
"Polisə dəstək" İctima Birliyinin sədri
“Mənim arvadıma şübhənin kölgəsi də düşməməlidir”.
Yuliy Sezar.
Ailə cəmiyyətin ən mühüm institutlarından biridir. Ailən yoxdursa, deməli, heç nəyin də yoxdur. Ailə kiçik dövlət, deyərdim ki, elə dövlətin özüdür. Əbəs yerə “Hakimiyyətin yeganə mənbəyi xalqdır” ifadəsi işlədilmir.
Ailə cəmiyyətin əsas özəyi kimi xalqı yaratdığından, nəticədə hakimiyyətin mənbəyinin ayrılmaz tərkib hissəsinə çevrilir. Bu mənada ailə hər şeyi əvəz edir və onu qurmaq üçün sevgi, bir az da ciddilik kifayətdir. Amma onu qorumaq üçün insana səbr və bağışlamağı, bəzən də çox şeyi unutmağı bacarmaq hissi lazımdır.
Ailəni əvəzi olmayan nadir və az tapılan qiymətli sərvət kimi dağıtmaq yox, qorumaq hər bir vətəndaşın borcudur. Zənnimcə, ailəni quran hər iki tərəf birgə həyata başlarkən hüquqlarını yarıbayarı azaltmalı, vəzifələrini isə iki dəfə artırmalıdırlar. Ər də, arvad da yaşadıqları birgə həyat zamanı ağılla hərəkət etməli, hissə qapılma halları zamanı onu içində boğmağa cəsarət və iradə tapmalıdır. Qarşılıqlı güzəştə getmək ailənin özülünü bərkidir.
Təcrübə göstərir ki, əksər hallarda tərəflər arasında əvvəlki sevgi uzun çəkmir. Ona görə də ailənin qorunması üçün başlıca məsələ səbr nümayiş etdirməkdir. Nikahın təntənəli qeyd olunmasına qədər hər iki tərəf bir-birilərinin xarakterini, vərdişlərini, cəmiyyət üçün önəm daşıyan mənəvi dəyərləri nə dərəcədə qoruya biləcəklərinə əmin olduqdan sonra razılığa imza atmalıdırlar.
Ailə uşaqlardan başlayır. Uşaqların gələcəyi və ailənin müqəddəsliyini qorumaq xətrinə ailədə orta xətt olmamalıdır. Ailə yeganə yerdir ki, qarşılıqlı hörmət və ehtiramı yalnız orada ərsəyə gətirib, gələcək nəslin sağlam inkişafına da orada zəmin yaratmaq olar. Ailənin xoşbəxtliyini hiss etmək və yaxud görmək üçün səbr və yenə də səbr etmək lazımdır. Bütün hallarda səbirsizlik ailəni uğursuzluğa aparır. Böyük mütəfəkkir R.Taqor deyir: “Ailə istənilən sivilizasiyanın və cəmiyyətin əsas özəyidir”.
Tərəflərin iki qəlbi olsa da, iradələri bir olmalıdır ki, daha da möhkəmlənsin. Bu mənada ailə intizamlı məktəb kimi cəmiyyətə görk olmalıdır. Bir az da obrazlı ifadə etsəm, ailə (uşaqların olduğu ailəni nəzərdə tuturam) insanlığı da öyrədən bir akademiyadır.
Son zamanlar ailə-nikah münasibətlərindəki mübahisələr ictimai müzakirələrin predmetinə çevrilib. Cütlüklər sevgi və məhəbbətə, qarşılıqlı hörmət və ehtirama söykənən bəşəri dəyərlər əsasında ailə həyatı qursalar da çox çəkmədən yollar ayrılır. “Xasiyyətimiz uyğun gəlmədi”, “Məni tez-tez aşağılayır”, “Kobudluq edir, uşaqlara baxmır!” və s.
Səbəbləri aradan qaldırmaq üçün müxtəlif təkliflər irəli sürülür. Nikah qeydə alınan zaman tərəflər arasında ailə müqaviləsinin imzalanması təklif edilir. Guya, bu təklifin qəbulu boşanma zamanı əmlakın bölünməsi məsələsinin həllində məhkəmələrə çətinlik yaratmayacaq.
Nikahın pozulmasına təsir edən digər səbəblər sırasında tərəflərin bilik səviyyəsi, intellekt qabiliyyəti vurğulanır. Cütlüyün mədəni və əxlaqi keyfiyyətləri də bu məsələdə rol oynayır… Daha sonra sosial səbəblərin – işsizliyin, yoxsulluğun, narkomanlığa və spirtli içkilərə aludəçilik hallarının olmasını da qeyd edənlər var.
Lakin boşanmaya gətirəcək real səbəblərin tapılması, həmin səbəblərin təhlili, doğuran şəraitin – sosial faktorların öyrənilməsi və aradan qaldırılması üçün sosial institutların rolu hiss olunmur. Bir az keçmişə nəzər yetirsək, bu gün üçün ibrət götürüləsi faktorların olduğunu görə bilərik.
Keçmişdə ata-babalarımız ailə həyatı qurarkən nə təhsilləri vardı, nə də oxuya, yaza bilirdilər. Amma ailə həyatı davamlı olurdu. 10-11 uşaq böyüdən valideynlərin həyatı bu günkü gənclərə görk olmalıdır. Yoxsulluq və işsizlik şəraitində yaşayan keçmiş kişi və qadınlarda gərginliyə gətirib çıxaracaq fikir ayrılıqları olmuşsa da, ailə həyatı məcrasından çıxmazdı. Çünki ailənin müqəddəsliyi və Allah tərəfindən “himayə” olunması faktoru təkzib olunmurdu. Həmin dövrün deyiminə görə, “Ailə yalnız xəyanət olarsa dağıla bilər”di! Kişi bir az ucadan danışardısa, qadın həddini aşmazdı. Nə yoxsulluq, nə işsizlik, nə də təhsilin səviyyəsi həmin dövrdə boşanmağa təsir edə bilməzdi və "boşanma halları ümumiyyətlə olmurdu" desəm, yanılmaram.
Bu gün, doğrusu, şəhər həyatı üçün kişilərin spirtli içkilərə aludəçiliyi və narkomanlığa meyl halları diaqnostika edilən və cəmiyyətin müalicə oluna bilən xəstəliklərindəndir. Bu səbəbdən qadınlar tərəfindən boşanmalara üstünlük verənlərin sayı da az deyil.
2017-ci il ərzində (dekabrın 1-nə olan məlumat) Azərbaycanda boşanmaların sayı 11 min nəfər olmuş, həmin dövrün yanvar-noyabr ayları ərzində 78,5 min nikah qeydə alınmışdır. Əhalinin hər 1000 nəfərinə olan nisbətdə nikahların sayı 9,1 ; boşanmaların sayı isə 1,3 olmuşdur.
Qənaətimcə, müasir dünyada boşanmalara gedən yol açıq və hamardır. Gənclərin əksəriyyəti ailənin cəmiyyətin əsas özəyi olduğunu dərk etmir və yaxud onun konstitutsion mahiyyətini anlamırlar. “Ailə cəmiyyətin əsas özəyidir” ifadəsi əsas qanunumuzda da əksini tapıb. Amma bunun açması gənclərə aşılanmır. Nikahın təntənəli qeydə alınması zamanı “Ailə məcəlləsinin (9,10 və 11-ci maddələri) maddələrini rəhbər tutmaqla “Siz ər-arvad elan olunursunuz!” ifadəsinin əvəzinə, hər iki tərəfin bir-birilərinə sədaqət göstərəcəkləri, köməksiz vəziyyətdə (ərin və yaxud arvadın) olduqları, ağır xəstəliklərdən əziyyət çəkdikləri zaman bir-birinin yanında olacaqları, bir-birinə hörmət və ehtiramla qulluq edəcəkləri, həyatlarının son gününədək sevgiyə sadiq qalacaqlarına dair hamıya görk olacaq və ətrafı riqqətə gətirəcək məzmunda müraciət edilməli, bir növ, “Ailəyə Sədaqət Andı” içilməli və hər iki tərəf də ona imza atmalıdır. Bu And təntənəli toy mərasimlərinin və ailənin bir növ himninə – rəmzinə çevrilməlidir. Konstitusiyamızın 74-cü maddəsində “Vətənə sədaqət” vəzifəsi hər bir vətəndaşın (dövlət qulluqçusunun, hərbçinin, dövlət qulluğunun xüsusi növündə çalışan məmurlarının içdiyi and da “Vətənə sədaqətin” nümunəsidir.) müqəddəs, konstitusion vəzifəsidir. Bu vəzifəni icra etməmək sədaqətsizliyin bariz nümunəsi kimi xəyanətə bərabər tutulur və cinayət məsuliyyəti yaratdığı üçün dəyər kəsb edir.
Zənnimcə, “Ailəyə Sədaqət Andı”nın (mətni dərin məna kəsb edən məzmunda tərtib etmək lazımdır) içilməsi, toy şənliyində iştirak edənlərin hüzurunda ucadan səsləndirilməsi və həmin andı hər iki tərəfin imzalamasından sonra Ailə Məcəlləsinin müvafiq maddəsinə uyğun nikahın bağlanması ailənin nüfuzunu artıra, onu gənclər üçün müqəddəsləşdirə bilər. Qeydiyyat Şöbələri tərəfindən toy mərasimlərində təqdim edilən nikah şəhadətnamələri toydan sonra dəyərini itirir. Həm qız, həm də oğlan tərəfindən şahidlik edib, zamin duranların imzaları ilə nikahı təsdiqləmələri isə tədbirin formal tərəfidir.
İlk baxışdan uyğun görünməyən bir müqayisəyə diqqəti yönəldək: banklarda kredit verilən zaman zamin duran şəxs krediti götürəni tanımasına və onun işləməsinə, habelə onun maddi imkanlarının borcu qaytarmaq həddində olmasına zaminlik edir və sənədə imza atır. Lakin borclu borcunu qaytara bilmədikdə və yaxud ölkənin hüdudlarından kənara çıxdıqda, zamin duranın vəziyyəti ağırlaşır, bank yerdə qalan borcu hüquqi məntiqə sığmayan tərzdə ona – zamin durana yönəltməyə başlayırlar.
Ailə münasibətləri iflasa uğradıqdan sonra zaminlik edənlərə qarşı belə davranmaq, təbii ki, yolverilməzdir. Zənnimcə, nikah məsələləri bank əməliyyatlarından fərqli olaraq cəmiyyət və dövlət üçün taleyüklü müqəddəs məsələdir. Amma zamin duranlar burda da, bankda da fiziki şəxslərdən ibarətdirlər. Nikahın pozulması zamanı nə zaminlər, nə də qudalar heç yada düşmürlər. Ailə dağılır, amma havadarlar məhkəmələrə dəvət olunmurlar. Belə hallar ailənin dəyərini heçə endirməklə, boşanmaları da sadələşdirir və adiləşdirir.
Azərbaycanda boşanmaların səbəbləri diqqətlə araşdırılmadığından öncədən proqnozlar vermək çətindir. Yuxarıda qeyd etdiyim kimi, tərəflər (ər/arvad) həyatı və gələcək taleyi ilə bağlı atdığı addımları diqqətlə, ötəri eşqə, ehtirasa uymadan saf-çürük etməli, təkcə zahiri görünüş, bəlağətli və yaxud pafoslu sözlər diqqət çəkməməlidir. Nikah zamanı gənclərin şüurunda gələcəkdə vətən və cəmiyyət üçün həyata gələcək uşaqların yüksək tərbiyəsi hər iki valideynin borcu kimi dərk edilməli, ailənin rifah halının yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi üçün cütlük bütün imkanları daxilində çalışacaqlarının mahiyyətinə varmalıdırlar. Bu mənəvi dəyərlər nikahdan öncə tərəflərə Qeydiyyat şöbələrinin peşəkar işçiləri və yaxud, Komitənin məsul işçiləri tərəfindın aşılanmalıdır. Hər iki tərəfin nikahdan öncə psixoloji (peşəkar psixoloqların, sosioloqlarının, hüquqşünasların, müvafiq icra hakimiyyəti orqanının nümayəndələrinin iştirakı etdiyi) testdən keçmələri də gələcək ailənin qorunub saxlanılmasında mühüm şərtdir.
Yeni ailə quranlara ixtisaslarına uyğun işlə təmin edilərkən üstünlük verilməli və mənzilə ehtiyacları olarsa az faizlə, uzunmüddətli kredit verilməlidir.
Hər bir yeni ailənin gələcək həyatı Ailə, Qadın və Uşaqların İşləri üzrə Komitənin nəzarətində olmalı, mövcud çətinliklərin aradan qaldırılmasına diqqət yetirilməlidir. Belə yanaşma ailənin daxili işinə müdaxilə kimi qəbul edilə bilməz. Əksinə, cəmiyyətin sağlam inkişafı, daha doğrusu, ailənin cəmiyyətin əsas özəyinə çevrilməsi üçün geniş imkanlar açılır.
Ailə Məcəlləsində nikahın pozulması ilə bağlı hallara yenidən baxmağa ehtiyac var. Hər bir boşanma halı mürəkkəbləşməlidir. Bütün hallarda boşanmalar bir qayda olaraq, yalnız və yalnız məhkəmənin aktı ilə baş tutmalıdır. Boşanmaya əsas verən səbəblərin ciddi və mühüm səbəb kimi qəbulu məsələsi də məhkəmələrin səlahiyyətinə aid edilməlidir.
Ailənin bütövlüyünü qoruya bilməyən, uşaqların tərbiyəsinə və onların sosial ehtiyaclarının ödənilməsinə biganə qalan ər-arvad dövlətin etibar etdiyi vəzifənin də öhdəsindən gələ və yaxud, tutduqları vəzifələrinin icrasına başlamazdan öncə içdikləri anda sədaqət göstərə bilməzlər. Ailənin xoşbəxtliyi iflasa uğramışsa, karyera yüksəlişi də ola bilməz. Nikahı pozmaq istəyən ərin və yaxud arvadın hərəkətləri ailənin yüksək adı və nüfuzu ilə bir araya sığmadığına, ailə-nikah münasibətlərinə qəsd etdiklərinə və yaxud ər-arvad münasibətlərini qoruya bilmədiklərinə, habelə vəziyyətə seyrçi mövqedə dayandıqlarına görə onların tutduqları vəzifədə qalıb-qalmaması məsələsinə də baxılmalıdır.
Yaxşı olardı ki, dövlətin himayəsində olan ailənin qorunub saxlanılması üçün əhali arasında interaktiv sorğular keçirilsin, verilən təkliflər sırasında diqqət çəkən faktorlar nəzərə alınsın.
Səbrsizlik və dözümsüzlük nümayiş etdirmək də boşanmaları doğuran obyektiv faktorlardır.
Digər mürəkkəb məsələ boşanmadan sonra ərdən (arvaddan) alimentin tutulmasıdır. Burada aliment ödəyənin işləməməsi problem olaraq qalır. Heç cürə təfəkkürə sığmır ki, aliment ödəyə bilməyən şəxs əvvəl inzibati qaydada, sonra isə ödənilməyən borc yığılıb artdığından iddiaçının şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunur. Anlamaq olmur, alimenti ödəyə bilməyəni həbs etməklə uşaqların sosial rifahı yaxşılaşırmı? Qənaətimə görə, əgər aliment ödəyənin heç bir əmlakı da yoxdursa, onun işə düzəlməsi üçün imkanlar axtarılıb tapılmalıdır. Atanın həbs edilməsi arzu olunan hal deyil. Ata və yaxud ana cəmiyyət üçün heç bir təhlükə törədəcək subyekt olmadığından, onların cəmiyyətdən, ən başlıcası isə ayrı yaşayan övladlarının tərbiyə edilməsi borcundan müəyyən müddətə məhkum edilməsi Cinayət Məcəlləsinin humanizm, ədalət və qanunçuluq prinsipləri ilə bir araya sığmır. Hesab edirəm ki, məsələnin həlli və belə ailələrin ehtiyaclarını ödəmək üçün “Aliment fondu”nun yaradılması çox vacibdir. Bu, həm də ölkə konstitutsiyasının 12-ci maddəsində ehtiva edilən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir” müddəası ilə üst-üstə düşər. Belə bir fondun yaradılmasından sonra açılan bank hesablarına imkanlı hüquqi şəxslərin pul köçürəcəklərini də ehtimal etmək olar, dövlətə o qədər də yük düşməz. Bununla da gələcək nəslin əlindən tutmuş olarıq.
Bəs Qərb ölkələrində vəziyyət necədir?
İngiltərədə nikah üç hakimin və dövlət orqanı nümayəndəsinin, hər iki tərəfin valideynlərinin də iştirak etdiyi, dövlətin və ədliyyənin atributları olan zalda baş tutur. Əvvəlcə tərəflər üçün nəzərdə tutulan andın mətni oxunur və tərəflərin razılaşdığı təqdirdə imzalanır. Dövlət orqanının nümayəndəsi və hakimlər müəyyən sualların mahiyyətinə uyğun cavab aldıqdan sonra nikah mərasimi bitir və dövlət sənədi təqdim olunur…
Böyük Britaniyada bir ilə qədər rəsmi nikahda olanlar boşana bilməzlər və yaxud bir ildən az ailə həyatı yaşayanlar boşanmağa ərizə verə bilməzlər. Boşanmaq istəyənlər ilk növbədə yaşamaq üçün şəraitin dəyişilməsinin mümkünsüzlüyünü sübut etməlidirlər. Bura aiddir:
– Tərəflərdən birinin xəyanəti;
– Tərəflərdən birinin arzuolunmaz davranışı (məişət zorakılığı);
– Tərəflərdən biri digərini 2 ildən çox müddətə atıb getmişsə;
– Əgər tərəflər 2 ildən çox müddət ərzində bir yerdə yaşamırlarsa və hər ikisi boşanmağa razıdırlarsa;
– Əgər cütlük 5 ildən artıq ayrı yaşayırlarsa, ər və yaxud arvad (biri) boşanmağa razı olmazsa;
Bütün göstərilən hallarda məhkəmə sübutlar tələb edir. Böyük Britaniyada tərəflər hüquqi yardım üçün hüquqşünaslara və yaxud “Əhali üçün məsləhət bürosuna” müraciət edə bilərlər. Boşanma iddiası məhkəməyə daxil olduqdan sonra cavabdeh tərəfə (ər və yaxud arvada) xəbərnamə forması göndərilir. Cavabdeh həmin formada boşanmaq istəmədiyinin səbəblərini xırda detalına qədər göstərir, qeyd edilən suallara aydın cavab verir və ağlabatan səbəbləri sadalayıb geri göndərir. Bunları qiymətləndirmək məhkəməyə həvalə olunsa da, bəzən bu səbəblərin aydınlaşdırılmasına III tərəf – mediatorlar, ailə üzrə məsləhətçilər, arbitlər qatılırlar. Belə hallarda boşanmanın tezləşdirilməsi mümkün olmur. Ailə-məişət zorakılığına məruz qalan tərəfə pulsuz hüquqi yardım etmək Böyük Britaniyada geniş yayılıb. Qurbanlar yaşayış yeri ilə təmin edilir və onlara digər pulsuz yardımlar göstərilir.
İgiltərədə bir uşağa görə əmək haqqının 15%, 2 uşağa 20%, üçdən artıq uşaqlara görə isə 25% həddində aliment tutulur. Boşanma zamanı hakim uşaqların kimin himayəsində qalmasını qət edərsə (mənzilin kimin adında olmasına baxmayaraq) ev də ona qalır. Əksər hallarda ev anada qalır, eyni zamanda 18 yaşına və tələbəlik illəri ərzində də cavabdeh alimenti ödəməli olur. Xəyanət faktoru məhkəmədə sübut olunsa da, “uşaqlara pis anadır” ifadəsini işlətmək qəbul olunmur.
Əvvəlki illərdən fərqli olaraq, İngiltərədə boşanma halları azalmağa meyl edir. Sırada 25-29 yaşlı gənclər liderlik edir. Qadınlar daha çox səbirsizlik nümayiş etdirdiyindən boşanmaların da 68%-i qadınların iddiası ilə baş tutur. Əgər 1901-ci ildə İngiltərədə 512 boşanma faktı qeyd olunmuşdusa, 2001-ci ildə bu rəqəm 141135 fakt olmuşdur. 1970-ci ildə ailə qanunvericiliyində edilən dəyişikliklərlə əlaqədar boşanmaların sayı çoxalmışdır. Analitiklərin nəzərinə görə, boşanmalara təsir edən böhranlı səbəblər ilk ailə həyatının 3-cü ayı ərzində, sonra 1 il ərzində və 5-ci ildə kəskinləşməyə başlayır. 5 ildən artıq yaşayan cütlüklərin ailə həyatə şanslı və davamlı olur. İngiltərə məhkəmələrində əmlakın bölünməsi zamanı “nikah kontraktının” olmasına əhəmiyyət verilmir, əmlak tərəflər arasında bərabər bölünür, lakin azyaşlı uşaqların maraqları nəzərə alınır.
Böyük Britaniyada da səbrsizlik və dözümsüzlük nümayiş etdirmək boşanmaların artımına təsir edir.
Amerikada boşanma proseduru mürəkkəbdir. Bir yerdə yaşamağın qeyri-mümkünlüyü səbəbindən nikahın pozulması halları yalnız məhkəmə yolu ilə baş tutur. Boşanmalara vəsatət verildikdən 6 ay sonra baxılır. “Şerif” tərəfindən cavabdehə çağırış vərəqəsi təqdim edildikdən 21 gün sonra isə proses başlanılır. Adətən, qız uşaqları boşanmadan sonra ana ilə qalır. İl ərzində qeyd olunan nikahların 45,5%-i pozulur.
Fransa dövlətində nikahın pozulması müəyyən səbəblər tələb edir:
– birgə razılıq əsasında qərarın qəbulu;
– ər və arvadın birinin təqsiri;
– tərəflərin ayrı yaşaması (6 il olmalıdır).
Burda da boşanma yalnız məhkəmə qaydasında həyata keçirilir. Hətta əgər ər-arvad birgə qərar qəbul ediblərsə belə. Birgə qərar zamanı tərəflər məhkəmədə səbəb göstərməsələr də nikah pozula bilər. Əgər boşanmağa tərəflərdən biri müraciət etmişsə, digəri də buna etiraz etmirsə, məhkəmə üç ay vaxt verir. Lakin həddi- buluğa çatmış uşaqlar olduğu təqdirdə hakim boşanmaya etiraz edə bilər.
Almaniyada isə boşanma zamanı səbəblərin qeyd olunmasına ehtiyac duyulmur. Hər iki tərəfin razılığı kifayət edir. Ərizə məhkəməyə verildikdən sonra “ayrılıq dövrü” – 8 aydan 3 ilədək olan uzanan dövr başlanır. Bu müddət ərzində cütlük boşanma üçün verdikləri ərizənin mahiyyətini anlamalıdırlar. Almaniyanın ailə hüququ ana və uşaqların marağına xidmət edir. Uşaqların maraqlarının tanınmasına 4 yaşdan başlanır. Bir qayda olaraq uşaqların ana ilə qalmasına üstünlük verilir. Alkoqola və narkomaniyaya aludə olan valideynlərin işinə tez baxılır. Orada hər üç nikahdan biri pozulur. Almaniyada hər il 180-200 min boşanma baş verir. Əhalinin 1000 nəfərinə nisbətdə 2,2 və ya 2,5 % edir…
Sonda demək istərdim ki, xoşbəxt ailə qarşılıqlı dostluğun istedadı üzərində qərar tutur. O, kökü dərinlikdə olan, kövrək budaqları ilə cəmiyyət üçün şirin bar verən ağaca bənzər. Ağac dövlətin himayəsində olsa da, ona qulluq etmək valideynlərin konstitusion borcudur. Bunun mənasını anlasaq və səbrli olsaq ağrı-acıları unudar, tikilən doğma, əziz və isti yuvanı da qoruya bilərik. Səbirsizlik və qəzəb şeytan əməlidir. Ona uyanlar yolunu tez azarlar. Adətən, oğru içinə və sahibinə bələd olan evi qarət edir. Şeytan da kimin qəlbində onun üçün yer olduğuna əmin olduqdan sonra ora daxil olur və məqsədinə çatır.
Hər birimizə şeytandan uzaq olmaq arzusu ilə…