XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

09 April 2018 - 16:26

İnzibati Xətalar Məcəlləsində valyuta tənzimi qaydalarının pozulmasına görə məsulliyət və mübahisəli məsələlər –Hüquqşünas şərhi

 

Zakir ŞİRİYEV,

Hüquqşünas, ədliyyə müşaviri

 

Azərbaycan Resbublikası İnzibati Xətalar Məcəlləsinin yeni redaksiyasnın 430-cu maddəsində valyuta tənzimi haqqında qaydaların pozulmasına görə inzibati məsulliyət nəzərdə tutulub.

Həmən məcəllənin 430.1-ci maddəsində göstərilir ki, valyuta tənzimi haqqında Azərbaycan Resbublikası qanunvericiliyni pozmaqla valyuta sərvətlərinin içtimai yerlərdə alınıb satılmasına görə təqsirkar şəxs inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizdən səksən faizinədək məbləğdə cərimə edilir

“Azərbaycan Resbublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VG nömrəli Qanunun tətbiqi haqqında 15 fevral 2016- cı il tarixli  795 nömrəli və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli fərmanlarının tələblərinə müvafiq olaraq, həmin məcəllənin 430.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə, həmin işlər üzrə inzibati icraatı başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən baxılır.

İnzibati Xətalar Məcəlləsinin 430.2-ci maddəsinə əsasən, valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə, təqsirkar şəxs inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin qırx faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Qeyd edilən inzibati xətalara dair işlərə Azərbaycan Respublikasnın Vergilər Nazirliyi tərəfindən baxılır.

İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə əsasən, Müvəkkil banklar tərəfindən müştərilərin xarici valyuta əməliyyatlarının qanunvericiliklə müəyyən olunmuş qaydalarnın pozularaq aparılmasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilirlər.

Eyni zamanda, İnzibati Xətalar Məcəlləsnin  430.4-cü  maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə muvafiq mallar idxal edilmədikdə, işlər görulmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər  inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğnin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilirlər. Həmin işlərə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən baxilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Prezidentinin 2016-ci il 10 mart tarixli  808 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının Nizamnaməsinə əsasən, Palata qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılması, tənzimlənməsi və ona nəzarət, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ona nəzarət, habelə  cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmiləşdirilməsini, həmçinin bu sahələr (bundan sonra-maliyyə bazarları) üzrə nazarət sisteminin şəffaflığını və çevikliyni təmin etmək məqsədi ilə yaradılmışdır.

Eyni zamanda, Palata Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş maliyyə bazarlarına nəzarət orqanının və maliyyə monitorinqi orqanının səlahiyyətlərini həyata keçirir.

İnzibati Xətalar Məcəlləsinin istər 430.3, istərsə də 430.4-cü maddələrində nəzərdə  tutulmuş inzibati xətalar haqqında işlərə baxılması Maliyyə Bazarlarına Nəzarət Palatasının səlahiyyətinə aiddir.

İnzibati Xətalar Məcəlləsinin 430.3-cü və 430.4-cü maddəsinin subyekti vəzifəli və hüquqi şəxslərdir. İlk növbədə vəzifəli şəxs anlayışının şərh etməyə ehtiyac vardır.

Belə ki, Azərbaycan  Respublikası  Cinayət Məcəlləsinin 308-ci maddəsinin (vəzifə səlahiyyətlərindən sui-istifadə) “vəzifəli şəxs” dedikdə, aşağıdakı şəxslər  başa düşülür:

1. Hakimiyyət nümayəndələri, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən olunmuş qaydada dövlət orqanlarına seçilmiş və ya təyin edilmiş, yaxud xüsusi səlahiyyət əsasında dövlət və ya yerli özünüidarə orqanlarını təmsil edən şəxslər, zabit, gizir və ya miçman olan hərbi qulluqçular, dövlət qulluqçuları (dövlət qulluğunun xüsusi növündə çalışan şəxslər daxil olmaqla), bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları;

2. Dövlət orqanlarında seçkili vəzifələrə namizədliyi qanunla müəyyən edilən qaydada qeydə alınmış şəxslər;

3. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, o cümlədən publik hüquqi şəxslərin, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarının rəhbərləri və işçiləri;

4. Dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, o cümlədən publik hüquqi şəxslərdə, həmçinin kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər;

5. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər;

6. Xarici ölkələrin dövlət orqanlarının vəzifəli şəxsləri, xarici ölkələrin seçkili dövlət orqanlarının üzvləri, beynəlxalq təşkilatların vəzifəli şəxsləri və digər qulluqçuları, beynəlxalq parlament assambleyalarının üzvləri;

7. Beynəlxalq məhkəmələrin hakimləri və digər vəzifəli şəxsləri, Azərbaycan Respublikası və ya xarici ölkələrin qanunlarına, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən fəaliyyət göstərən yerli, xarici və beynəlxalq arbitrlər, andlı iclasçılar.

Azərbaycan  Respublikası Konstitutsiya Məhkəməsinin Azərbaycan  Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “Vəzifəli şəxs” anlayışının  şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli Plenum Qərarına əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsinin mənasına görə:

– qanunvericiliklə müəyyən edilmiş qaydada tabeçiliyində olan və ya olmayan şəxslər barəsində sərəncam vermək səlahiyyətlərinə və ya hüquqi və fiziki şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək hüququna malik olan dövlət qulluqçuları, bələdiyyə üzvləri və bələdiyyə qulluqçuları, zabit, gizir və ya miçman olan hərbi qulluqçular hakimiyyət nümayəndəsi kimi vəzifəli şəxs hesab olunurlar;

– dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarının, habelə digər kommersiya və qeyrı-kommersiya təşkilatlarının işçiləri, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər yalnız hüquqi əhəmiyyət kəsb edən, yəni başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması ilə nəticələnən və ya nəticələnə bilən hərəkətlər etdikdə vəzifəli şəxs hesab olunurlar.

Eyni zamanda Azərbaycan  Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin subyekti olan hüquqi şəxsin  anlayışı Mülki Məcəllədə ətraflı qeyd  edilmişdir.

Belə ki, Azərbaycan  Respublikası Mülki Məcəlləsinin 43.1-cü maddəsinə əsasən, hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində olan ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün  bu əmlakla cavabehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və ya  həyata  keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna  malikdir.

Valyuta  tənzimi  qaydalarının pozulmasına gəldikdə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin  dispozisiyasında:

– Avans yolu ilə ödənilmiş valyuta vasitəsinin müqabilində  müəyyən edilmiş  müddətdə müvafiq  mallar idxal  edilmədikdə;

– İşlər görülmədikdə və ya  xidmətlər  göstərilmədikdə ödənilmiş valyuta  vəsaitinin  xaricdən  geri qaytarılmamasına görə  həmin  inzibati xətanın  tərkibi yaranır.

“Valyuta tənzimi haqqında” Azərbaycan  Respublikasının 27 noyabr 2001-ci il tarixli (əlavə və dəyişikliklərlə bir yerdə) Qanununun valyuta  qanunvericiliyinin pozulmasına görə məsuliyyyətə dair 18-ci maddəsinə əsasən, iki halda müvəkkil banklar da daxil olmaqla, bu qanunun müddəalarını pozmuş rezidentlər və qeyri-rezidentlər aşağıdakı şəkildə məsuliyyət daşıyırlar:

1. Bu qanuna görə etibarsız hesab edilən əqdlər üzrə, habelə əqdlər üzrə deyil, qeyri-qanuni fəaliyyətlər nəticəsində əldə edilən gəlirlərin dövlətin mədaxilinə silinməsi;

2. Müvəkkil banklar da daxil olmaqla rezidentlər və qeyri-rezidentlər valyuta əməliyyatları uçotunu aparmadıqlarına və onu müəyyən edilmiş qaydaların pozulması ilə həyata keçirdiklərinə, bu qanunun 17-ci maddəsinin 2-ci bəndinə müvafiq olaraq valyuta nəzarəti orqanlarına və agentlərinə sənədləri və məlumatları təqdim etmədiklərinə və ya vaxtında təqdim etmədiklərinə görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

“Valyuta  tənzimi haqqında” Azərbaycan  Respublikası Qanunun 7.8-ci maddəsinə əsasən, rezidentlər Azərbaycan Respublikasında müvəkkil banklarda xarici valyuta hesablarına malik ola bilərlər.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən başqa hal müəyyən edilmədikdə rezident müəssisə və təşkilatlar əldə etdikləri xarici valyutanı məcburi şəkildə müvəkkil banklardakı öz hesablarına köçürməlidirlər.

Müvəkkil banklar tərəfindən rezidentlərin xarici valyuta hesablarının açılması qaydasını maliyyə bazarlarına nəzarət orqanı, bu hesablar üzrə əməliyyatların aparılması qaydasını Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyən edir.

Azərbaycan Respublikası Mərkəzi Bankının 03 mart 2016-cı il tarixli 16/1 nömrəli qərarı ilə təsdiq  edilmiş “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycan  Respublikasına  gətirilməsi və Azərbaycan  Respublikasından çıxarılması” və 28 boyabr  2016-cı il tarixli 45/1 nömrəli  qərarla  təsdiq  edilmiş “Azərbaycan  Azərbaycan  Respublikasının  rezident  və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” qaydalarının və digər normativ aktların tələblərinə müvafiq olaraq, avans yolu ilə ödəniş aparılan zaman ödənişin aparıldığı gündən 180 (yüz səksən) gün müddətində malların ölkəyə idxalını təsdiq edən Yük Gömrük Bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd (akt və s.) Banka təqdim olunmalıdır.

Həmin müddət ərzində mallar idxal edilmədikdə, xidmətlər göstərilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda, bir sözlə, həyata keçirilən əməliyyatların təsdiqedici sənədləri (Yük Gömrük Bəyannaməsi, akt və s.) Banka təqdim edilmədikdə, Bank qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün 2 (iki) iş günü ərzində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli 1233 nömrəli Fərmanı ilə “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın yeni redaksiyasına və bu qaydalara  əsasən, hüquqi və fiziki şəxslər (fərdi sahibkarlar) tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır, ixrac olunan malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Bankdakı hesaba  köçürülməsi və bu ixrac üzrə Yük Gömrük Bəyannaməsinin nömrəsinin Banka verilməsi təmin olunmalıdır.

Həmin  Qanunun 8-ci maddəsinə əsasən, hüquqi şəxs olan rezidentlər valyuta sərvətlərini köçürmə yolu ilə Azərbaycan Respublikasına gətirmək və Azərbaycan Respublikasından çıxarmaq, habelə gömrük prosedurlarına əməl etməklə nağd şəkildə ölkəyə gətirmək və ölkədən çıxarmaq hüququna malikdirlər.

Hüquqi şəxs olan rezidentlər tərəfindən cari valyuta əməliyyatlarının həyata keçirilməsi üçün heç bir məhdudiyyət qoyulmur.

Eyni zamanda, fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə nağd şəkildə Azərbaycan Respublikasından çıxara və ya gətirə bilərlər.

Qeyd  etmək lazımdır ki, xarici valyuta və ya  xarici  valyutada qiymətli kağızlarla əməliyyatlar iki qrupa bölünür.

  1. Cari valyuta əməliyyatları;
  2. Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları.

Cari valyuta əməliyyatları aşağıdakılardan  ibarətdir:

– malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə hesablaşmaların, eləcə də ixrac-idxal əməliyyatlarının 180 gündən artıq olmayan müddətə kreditləşdirilməsi ilə əlaqədar hesablaşmaların həyata keçirilməsi üçün xarici valyutanın Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi;

– 180 gündən artıq olmayan müddətə maliyyə kreditlərinin alınması və verilməsi;

– əmanətlər, investisiyalar, kreditlər və kapitalın hərəkəti ilə bağlı başqa əməliyyatlar üzrə faizlərin, dividentlərin və digər gəlirlərin Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından köçürülməsi;

– Azərbaycan Respublikasına və Azərbaycan Respublikasından qeyri-ticarət xarakterli köçürmələr, o cümlədən, əmək haqqı, təqaüd, aliment və miras üzrə məbləğlərin köçürülməsi, eləcə də digər bu kimi əməliyyatlar.

Kapitalın hərəkəti ilə bağlı valyuta əməliyyatları aşağıdakılardan  ibarətdir:

– birbaşa investisiyalar, yəni gəlir əldə etmək və müəssisənin idarə edilməsində iştirak etmək hüququna malik olmaq məqsədi ilə müəssisənin nizamnamə kapitalına qoyulan sərmayə;

– qiymətli kağızların əldə edilməsi;

– torpaq və yerin təki də daxil olmaqla binalar, qurğular, eləcə də yerləşdiyi ölkənin qanunvericiliyi ilə daşınmaz əmlaka aid edilən digər əmlak üzərində mülkiyyət hüququnun, habelə daşınmaz əmlak üzərində başqa hüquqların ödənilməsi üzrə köçürmələr;

– malların, işlərin və xidmətlərin ixracı və idxalı üzrə 180 gündən artıq müddətə ödəniş möhlətinin verilməsi və alınması;

– müvəkkil banklar tərəfindən valyuta vəsaitlərinin 180 gündən artıq müddətə depozitə cəlb edilməsi;

– cari valyuta əməliyyatları olmayan bütün digər valyuta əməliyyatları.

Azərbaycan  Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiq  edilmiş “Azərbaycan  Respublikasının rezident və  qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının  aparılması qaydaları”nın 3.1-ci bəndinə əsasən, Bank  hesabı açılmadan Azərbaycan  Respublikasının  daxilində və Azərbaycan  Respublikasından kənara  xarici valyutada pul  köçürmələri yalnız  rezident və qeyri-rezident fiziki şəxslər tərəfindən  aparıla bilər.

Hal-hazırda ölkəmizdə “Monex”, “Contact”, “Western Union”, “Lider” və “Zolotoy korona” təcili pul köçürmə sistemlərindən istifadə edilir.

Köçürmələrin limiti 20.000 ABŞ dolları məbləğində olmaqla, müştərinin  (fiziki şəxsin) yalnız şəxsiyyət  vəsiqəsi tələb edilir.

Rezident və qeyri-rezident hüquqi  şəxslər tərəfindən bank hesabı  açılmadan  cari  valyutada pul köçürmə əməliyyatlarının aparılmasına yol verilmir.

Həmin Qaydaların 3.3-cü bəndinə əsasən, yalnız rezident və ya qeyri-rezident fiziki şəxs Azərbaycan  Respublikasından kənara  bank hesabı açılmadan valyuta  vəsaitini köçürə  bilərlər.

Azərbaycan Respublikası Mərkəzi Bankının idarə heyətinin 17 sentyabr 2013-cü il tarixli 19/1 nömrəli qərarı ilə təsdiq  edilmiş “Azərbaycan  Respubliaksında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında təlimat”ın aşğıdakı bəndlərinə əsasən:

– Pul köçürmələri milli və xarici valyutada həyata keçirilir.

– Pul köçürmələri bu Təlimatın 9.5-ci bəndində qeyd edilmiş hal istisna olmaqla, sahibkarlıq fəaliyyəti iiə əlaqəli olmamalıdır, sistemin qaydalarında əlavə istisnalar nəzərdə tutulduqda pul köçürmələri bu istisnalar da nəzərə alınmaqla həyata keçirilir.

Pul köçürməsi həyata keçirildikdə bank əvvəlcədən ödəyicini ən azı aşağıdakılar haqqında məlumatlandırır:

– sistemin adı;

– pul köçürməsinin maksimum icra müddəti;

– vəsait alanın əldə edəcəyi məbləğ;

– tətbiq olunduqda, tutulan xidmət haqqı;

– sistem vasitəsilə mübadilə əməliyyatı həyata keçirildikdə tətbiq olunan məzənnə;

– pul köçürməsinin geri qaytanlması proseduru (bu Təlimatın 11.3-cü və 11.4-cü bəndlərində nəzərdə tutulmuş məlumatlandırmanı həyata keçirmək üçün əlaqə vasitələrinin təqdim edilməsinin zəruriliyi bildirilməklə).

Bank pul köçürməsini icra etdikdə bankın məsul şəxsi pul köçürməsini təsdiq edən sənədi öz imzası və ştampı ilə təsdiq edərək ödəyiciyə təqdim edir. Həmin sənədin ödəyici tərəfindən imzalanmış bir nüsxəsi bankda qalır.

Nəzərə almaq lazımdır ki, qüvvədə olan qanunvericilik normalarına görə, birmənalı olaraq İnzibati Xətalar Məcəlləsinin 430.3 və 430.4-cü maddələrinin  subyekti yalnız vəzifəli şəxs və ya hüquqi şəxslərdir. Odur ki, ilk növbədə bank hesabı olmasa hüquqi şəxsin pul  köçürmə səlahiyyəti yoxdur.

Nəzərə almaq lazımdır ki, fiziki şəxslər  tərəfindən 2002-ci ildən adambaşına 10.000 (on min) ABŞ dolları ekvivalenti məbləğində valyuta  sərvətləri (fond sərvətləri istisna  olmaqla)  sənəd  təqdim etmədən, gömrük orqanlarında bəyan  edilməklə Azərbaycan  Respublikasından nəğd şəkildə çıxara bilərlər.

Qeyd etmək lazımdır ki, “Malların  və nəqliyyat  vasitələrinin  gömrük sərhədlərindən keçirilməsıi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə  qaydaları”nın təsdiq  edilməsi haqqında 21 may 2016-cı il tarixli fərmanın icrası yalnız Gömrük Komitəsinin  səlahiyyətlərinə aiddir.

Azərbaycan  Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli fərmanı ilə təsdiq  edilmiş “Azərbaycan  Respubliaksında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nda dəyişikliklər  edilməsi haqqında Azərbaycan  Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli  fərmanına əsasən  edilmiş dəyişikliklə bağlı hüquqi və fiziki şəxslər tərəfindən malların (işlərin, xidmətlərin) konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır. Konsiqnasiya yolu ilə ixrac əməliyyatları xarici şəxslərlə bağlanmış müqaviləyə əsasən ixrac olunmuş malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin müəyyən edilmiş müddət ərzində ixracatçıya ödənilməsini nəzərdə tutur.

Hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etməlidirlər.

İxrac olunan malların (işlərin, xidmətlərin) müqabilində əldə olunmuş vəsaitin Azərbaycan Respublikasına köçürülməsinə və gətirilməsinə, müvafiq olaraq, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (bundan sonra – Palata) və Dövlət Gömrük Komitəsi nəzarət edir. Bu məqsədlə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi bütün ixracatçılar tərəfindən gömrük bəyannamələri və ixrac müqavilələri də daxil olmaqla, ixrac olunan mallar barədə aidiyyəti məlumatların elektron gömrük xidməti vasitəsilə Palataya ötürülməsini təmin edir.

Müvəkkil banklar şəxslərin aidiyyəti hesablarına ixrac müqavilələri üzrə xarici valyutanın daxil olması barədə məlumatı Palata tərəfindən müəyyən edilmiş formada və qaydada vəsait daxil olduğu gündən 3 (üç) iş günü ərzində Palataya ötürürlər.

Palata müvəkkil banklardan daxil olmuş məlumatlar və elektron gömrük xidmətindən əldə olunmuş məlumatlar əsasında ixrac olunan malların müqabilində vəsaitlərin müəyyən olunmuş müddətdə ixracatçının müvəkkil bankdakı hesabına köçürülmədiyini müəyyən etdiyi halda ixracatçı barədə qanunvericiliklə müəyyən edilmiş nəzarət və digər tədbirlərin görülməsi məqsədilə 2 (iki) iş günü müddətində Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə məlumat verir.

İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsinə əsasən,  aşağıdakı hallarda inzibati xtalar  haqqında işlər üzrə icraat başlana bilməz, başlanmış icraata isə  xitam  verilməlidir.

  1. İnzibati xəta hadisəsi olmadıqda;
  2. İnzibati xəta tərkibi olmadıqda və s.

İnzibati xətanın  törədilməsi faktı aşkar edildikdən dərhal  sonra İnzibati  Xətalar Məcəlləsinin  101-ci maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib  edilir.

Işin  hallarının, eləcə də  barəsində inzibati  xəta haqqıında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyəti (İnzibati Xətalar Məcəlləsinin 430.4-cü  maddəsinə aidiyyatı yoxdur) və ya  hüquqi şəxs barəsində məlumatların əlavə  aydınlaşdırılması tələb  olunduğu hallarda, inzibati xəta  haqqında protokol inzibati xəta  aşkar  edildiyi vaxtdan  iki  gün  müddətində tərtib edilir.

Eyni zamanda, inzibati araşdırma  aparıldığı hallarda, inzibati xəta haqqında protokol İnzibati Xətalar Məcəlləsinin 102.5-ci maddəsinə əsasən, icraatın  başlanma  vaxtından bir aydan  artıq  olmayan  müddətdə aparılır. Lakin icraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin  əsaslandırılmış vəsatəti olduqda, bu müddət  yuxarı vəzifəli şəxs  tərəfindən bir  ayadək artırıla bilər.

Bundan əlavə, inzibati arşdırma başa  çatdıqda, inzibati  xəta haqqında protokol tərtib edilir və ya  inzibati xəta haqqında işin icraatına xitam verilməsi barədə qərar qəbul edilir.

Yekun olaraq,  aşağıdakıları qeyd etməyi zəruri hesab  edirəm:

Azərbaycan  Respublikası Mülki Məcəlləsinin 954.3-cü maddəsinə əsasən, bank  müştərinin pul  vəsaitindən  istifadə edilməsi istiqamətlərini müəyyənləşdirə və buna nəzarət edə bilməz. Habelə müştərinin pul vəsaitinə dair öz  istədiyi kimi  sərəncam  vermək hüququ üzərində  bank hesabı müqaviləsi ilə nəzərdə  tutulmamış digər  məhdudiyyətlər qoya bilməz.

“Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli Qanununun (əlavə və  dəyişikliklərlə birlikdə) 36.5-ci maddəsinə əsasən, Bank müştərinin öz pul  vəsaitindən  istifadə istiqamətlərini müəyyənləşdirə və nəzarətdə saxlaya bilməz, müştərinin öz  pul vəsaiti barəsində öz  istədiyi kimi sərəncam  vermək  hüququ üzərində qanunla  və ya müqavilə ilə nəzərdə  tutulmayan  məhdudiyyətlər qoya  bilməz.

Odur ki, Banklar tərəfindən  qeyd  edilənlərə əsasən, “Valyuta tənzimi haqqında” Qanunun müddəaları və valyuta qanunvericiliyinin pozulmasına dair 18-ci maddəsi, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin subyektini vəzifəli və hüquqi şəxslər olması, fiziki şəxslərin isə həmin  İnzibati  Xətaların  subyekti olmaması nəzərə  alınmalıdır.

Eyni zamanda, fiziki şəxsin avtonəqliyyat vasitələri, mebeli və s. daşınar əmlak üçün  müvəkkil Bankda hesab açmaq tələbi və ya  bütün  hallarda  pul  köçürmələri ilə bağlı Banka sənəd təqdimetmə barədə bildiriş göndərməsi və  bildirişdə iki gün  müddətində sənəd təqdim edilmədikdə bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına rəsmi məlumat veriləcəyi barədəki tələbi əsassızdır. Burada terrorçuları maliyyələşdirmə, çirkli pulların  yuyulması, müqavilə öhdəçiliyindən irəli gələn  tələblər istisnalıq təşkil edir.

Odur ki, müvəkkil banklar Palataya hesabat verərkən, fiziki şəxslərə qarşı əsassız bildiriş göndərib yoxlamaların  aparılması barədəki tələbi səmərəsiz  vaxt  itkisinə  və  vətəndaşların  kütləvi bürokratik əngəllərlə qarşılaşmalarına səbəb olur.

İstər Palata, istərsə də müvəkkil banklar Azərbaycan  Respublikası Konstitusiyasının 147-ci maddəsinə əsasən, konstitusiyanın ölkəmizdə ən yüksək hüquqi qüvvəyə malik olmaqla yanaşı, qanunvericilik sisteminin əsası olduğunu nəzərə alıb, qeyd edilən qurumlar birmənalı olaraq Konstitusiyanın normalarına riayət  etməlidirlər.

Bunları qeyd etməkdə məqsəd odur ki, Maliyyə Bazarlarına Nəzarət  Palatası qarşılıqlı əlaqədə olduğu qurumların əsasnamələri, qaydaları və  digər normativ aktlarına zidd olan qərarlar qəbul  etməməli, o cümlədən heç bir  öhdəçiliyi olmayan müştərilərin, xüsusən də fiziki şəxslərin hesablarına, pul  köçürmələrinə müdaxilə etməməli, müvəkkil banklarda Palataya hesabat verərkən qeyd edilənlər nəzərə alınmalı, fiziki şəxslərin kütləvi surətdə qeyd  edilən səbəblərə görə  çağırılması və əsassız bürokratik əngəllər yaradılmamalıdır.