XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 April 2018 - 02:50

Hüquq fəlsəfəsi seriyasından:"İnsan hüquqlarının əsasları" (I yazı)

Elşən Nəsibov

Siyasətşünas alim

 

Birinci yazı

İnsan maddi dünyaya təbii haqla gəlir. Bu haqqı ilə mənəviyyatı təmin edilir. İnsan haqqını özü ilə daşıyır. Bu baxımdan da haqq xətlərini cızır. Haqq şəbəkəsi yaradır. İnsanlar sivil yaşayış məskənlərində, ailə formalarında, cəmiyyətlərdə və dövlətlərdə, əlaqələr və münasibətlər strukturunda dünyaya qədəm qoyduqda müəyyən olunmuş əksər hüquqlar müstəvisinə daxil olurlar. Hüquq qapısı onların üzünə açılır. Hansı ki, bu qapıların içərisində təbii hüquqların müəyyən edilmiş formaları əksini tapmış olur. Başqa sözlə, insanlar onlar üçün hazır hüquq normaları sisteminə qədəm qoyurlar, ayaq basırlar. Hüquq mənbəyi (nəzəri baxımdan mövcud olan hüquq normaları və qaydaları, həmçinin  icraat mexanizmləri, strukturları) insanların enerji ilə təminatını həyata keçirir.

Hüquq müstəvisi onların hərəkətlərini müşayiət edir, izləyir, özünə daxil edir və hərkətləri tamamlayır. Müstəvidə hər bir şəxsin öz “hüquq bankı”, hüquq bazası mövcud olur.  İnsanlar bu  müstəvidə həkk olunmuş, isbat edilmiş, təsdiq olunmuş  normalarda əksini tapmış hüquqlardan istifadə etməyə başlayırlar. Hüquq müstəvisi hadisələr toplusundan və şərtləndirici, genişləndirici aktlardan ibarət olur.  Hüquq müstəvisi onların fəaliyyətinə, aktlarına haqlar qazandırır, səlahiyyətlər verir,  eləcə də vəzifələrini müəyyən edir. İnsanlar   özlərinin fərdi hüquqlarını ümumi hüquq müstəvisində tapır və hüquqlarını təmin etməyə başlayır. Bu təminat aktları fərdi hüquq müstəvisini şərtləndirir. İnsanlar dünyaya gəldikdə onun hüquqlarını ilk növbədə ailə, cəmiyyət və dövlət təmin etməyə başlayır. Dövlətlər birliyi (deyək ki, təşkilatlar)  isə müşayiət edir. Milli əsaslarla ailənin, dövlətin və cəmiyyətin hüquqları onlara daxil olan uşaqlara şamil edilir.  İnsanın gəlişi ilə  adət şəkilində hüquqlar, həmçinin pozitiv forma və tərkibdə  əvvəlcədən müəyyən edilmiş əsaslarda mövcud olur. Zaman-zaman yeni hüquqlar aşkarlanır. Bu aşkarlanma insan əməyinin tərəqqisinə söykənir. Hüquqların təkamülü ilə müstəvidə yeni aşkarlanmalar ortaya çıxır. Bununla da inkişaf etmiş hüquq sistemi meydana gəlir.

İnsanlar ümumi hüquq müstəvisinə daxil olduqda, müstəvidə mövcud olan təbii qaydalar, normalar, ölçülər və hədlər bütün insanları xaraktercə, davarınışına görə bir arada cəmləşdirir. Ümumi hüquq müstəvisi davranışlar üçün mənbələr, qaydalar, tətbiqi formula və modellər  rolunda çıxış edir.  Bu baxımdan da insanların, o cümlədən uşaqların, böyüklərin, kişilərin və qadınların hüquqları eyniləşir, oxşar məzmun alır. Hüquq modelləri hüquqları məchulluqdan, mücərrədlikdən çıxarır və məlum axara yönəldir.

Hüquq nəzəri baxımdan  elə bir tarixi inkişaf mərhələsinə gəlib çatıb ki, mövcud olan zəngin hüquq müstəvisi yenicə doğulan uşaqlar üçün hərtərəfli  mənbə rolunu oynamaq iqtidarında olur. Təbii ki, hüquqların açılım prosesi daima davam edir, bəşəri resurslar hüquqi imkanları hər zaman artırır. Həmçinin qarşılıqlı güzəştlər, kompromislər, dialoqlar, ideyalar, təşəbbüslər yeni-yeni hüquq norma və qaydalarını üzərə çıxarır. Çünki hüquq məkanları üzrə paylaşmalar baş verir. Törəmə prosesi genişlənir, müstəvi daxildən zənginləşir. Həm gərilir, həm də genişlənir.  Bu baxımdan da sivil və inkişaf etmiş cəmiyyətlərdə, stabil ölkələrdə  insanlar (yeni doğulan uşaqlar) xam, qeyri-müəyyən mühitə daxil olmurlar. (Qeyd: elə də olur ki, uşaqlar onlar üçün məhdud hüquq məkanında dünyaya göz açırlar.  Müharibələr, münaqişələr, böhranlar və digər  gərginlikər onları müşayiət edir. Belə məkanlarda uşaqlar üçün mövcud olan nəzəri hüquq sistemi praktiki olaraq faydalı əsaslarla işləyə bilmir. Elə destruktiv cəmiyyətlər də olur ki, orada heç kifayətedici hüquq nəzəriyyəsi belə mövcud olmur).

Onu da etiraf etmək olar ki, müxtəlif cəmiyyətlərdə hüquqlar öz zənginliyi baxımından fərqli ola bilir. Bu da dövlətlərin, cəmiyyətlərin fərqli resurslarına bağlı olur. Hüquq sistemi də fərqli qanunvericiliklə formalaşa bilir. Lakin bütün sağlam  sistemlərin başlıca qayəsi onun üzvlərinin həyatı maraqlarını yüksək səviyyədə təmin etməkdən ibarət olur.

Cəmiyyət təbii, dövlət təbiidir. Hər ikisi hüquq üçün həm mənbə, həm də funksiya həyata keçirən vasitələrdir.  Buna görə də strukturlar məqsədli şəkildə təşkil olunurlar. Strukturlar mənbə baxımından  təbii proseslərin nəticələri olaraq təbii münasibət və əlaqələrə söykənir.

İnsanların təbii hüquqları xassələnə bilir. Bu xassələnmə proseslərinə müxtəlif əsaslarla və müxtəlif bucaqdan yanaşmaq olar.  Xassələnmə müxtəlif kriteriyalar üzrə tərkiblərə ayrılmalardan ibarət olur.

İnsanın təbii hüququnun bu kimi xassələri ola bilir:

Hüquq normaları və qaydaları ilə

– hüquq- müəyyən olunur-məkanda və zamanda;

– hüquq – müəyyən olunur-  yaş, cins, əmək və təhsil kriteriyaları ilə, istedad və bacarıqla, bilik və elmlə,  doğum və ölümlə, böyümə və yaşlanma ilə, digər kriteriyalarla (Qeyd: ölüm özü də hüquq yaradır. Ölmüş insanın dini qaydalarla dəfn olunması adət və ənənə  halını aldığından hüquqi əsaslara da malik olur. Dəfn üçün hüquqi əsasları dövlət müəyyən edir. Dəfn  üçün maddi yardım, təşkilati yardım göstərmək prosedurları üçün   normalar yaradılır. Qəbirlərlə bağlı hüquq normaları müəyyən edilir);

-hüquq-təsdiqlənir (yaş, cins, əmək, təhsil, elm, istedad, bilik, qabiliyyət, dünyagörüşü,  bacarıq, peşə, sənət, ixtisas  və digər kriteriyalarla);

-hüquq-qorunur-dövlət qurumları və ailə tərəfindən (ailə başçısı ailə üzvlərinin və uşaqların hüquqlarını qorumaqada vəzifə və məsuliyyətə malik olurlar). Cəmiyyətin də iştirakı qəbul edilir;

-hüquq qorunur-məxsusluq və mənsubiyyətliliklə,  eləcə də universallıqla;

-hüquq təmin olunur-inzibati əsaslarla;

-pozulmuş hüquqlar bərpa olunur-məhkəmə qaydasında;

-hüquqlar təsnif olunur-mövcudluq və fəaliyyət amilləri ilə, yaşayış və fəaliyyət göstəriciləri ilə;

-hüquq müəyyən olunur-əxlaqla, məsələn, dövlətin hüquqları müəyyən etmək funksiyasında əxlaq prinsipləri tətbiq olunur. Hər bir tərəfin şəxsiyyəti, ləyaqəti, namus və şərəfi və digər bu kimi mənəvi elementləri nəzərə alınır;

-milli qanunvericilik yaradılır-hərtərəfli  əhatə olunmaqla;

-beynəlxalq normalar yaradılır-çoxtərəfli şəkildə əhatə olunmaqla (Qeyd: insan hüquqlarının təminatı, hüquqların qorunması və müdafiəsi tək bir dövlətin milli işi olmur. Xüsusilə, bəşəri problemlərdə, soyqırımlarda, insanlara qarşı yönəlmiş kütləvi cinayət əməllərində milli məsuliyyət üzərində beynəlxalq məsuliyyət formalaşır. Heç bir hakimiyyət daxili işimdir deyə, öz vətəndaşlarını soyqırıma, kütləvi təhdidlərə məruz qoya bilməz. Bu, artıq bəşəri böhran yaradan amilə çevrilir və beynəlxalq aləmin müdaxiləsini tələb edir.   Dövlətlər bəşəri dəyərlərə görə bir-biriləri qarşısında məsuliyyət daşıyırlar. Beynəlxalq normalar fövqəladə hallarda da, humanitar vəziyyətlərdə tətbiq olunur. Məsələn, bir ölkədə baş verən kütləvi aclığın qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin humanitar  müdaxiləsi beynəlxalq aləm üçün bir haqqdır).

Məcazi mənada ifadə etsək, hüquq hər bir şəxsin həyatda təsdiqini sübuta yetirən, addımlarını stimullaşdıran vəzifə, səlahiyyət, ixtiyar, məsuliyyət, öhdəlik kimi “qrafaları” olan “kimliyi”dir, həmçinin sərhəddi keçmə “ pasportu”dur. Hansı ki, “vəsiqə”lərdə   və “pasportlar”da insanın təbii mahiyyəti, o cümlədən funksiyası başlıqlarla verilir.  Hüquq elementləri öz ətrafında birləşdirən yığıcı və genişləndirici təsdiq və ifadə kriteriyasıdır.  Hüquqi müstəvidə, arenada hüquq anlayışı yığcam və həmçinin səpələnmə xarakterinə, forma və məzmununa  malikdir. Hüquq məhdudlaşdırıcı (məkanda məhdudlaşdırıcı), sərhədləyici, kəmiyyətlər və ölçülər müəyyənedici,  eləcə də genişləndirici (məkanda vəzifələri və səlahiyyətləri yaradan və genişləndirən) kriteriyadır, dəyər ölçüsüdür, düşüncə və ifadə məfhumudur.  Hər bir məqamda, hər bir ifadədə hüquq məxsusiləşir. Çünki təsbitləyici, təsdiqləyici  funksiya onun mahiyyətindədir. Məsələn, uşaq hüququ insan hüquqlarının tərkibi kimi məxsusidir,  bu məfhum müxtəlif yaş dövründə olan uşaqlara aiddir.   Mülki hüquqlar məxsusidir,  çünki insanların əmlakla (daşınar və daşınmaz əmlak), kapitala, digər vasitələrə və əşyalara   bağlı hüquqlarını ifadə edir. Hüquqları normativ aktlar şəkilində əks etdirir, sistemləşdirir, kompleksləşdirir. Bu məxsusilik həm də universal məzmunludur, ona görə ki, hər kəsin əmlak, əşyalar üzərində maddi  hüququ var. Bütün subyektlərə şamil olunur. Məxsusidir, ona görə ki, hüquq normaları hər kəsin hüququnu həm ümumi, həm də məxsusi imkanlarla əks etdirir. Hər kəsin eyni miqdarda, kəmiyyətdə əmlakı yoxdur.  Buna görə də demək olar ki, hamının hüququ içərisində həm də hər kəsin məxsusi hüquqları (imkanlara söykənən)  mövcuddur. Məsələn, hər kəs rəssam deyil, hər bir uşaq musiqiçi deyil. Lakin peşədən, vərdişlərdən asılı olmayaraq, hər kəs insandır, hər kəs uşaqdır.  Məxsusi  hüquqlar kəmiyyətcə dəyişəndir. Bu baxımdan universal hüquqlar bərabər və məxsusi, fərdi kəmiyyətlərlə müəyyən edilən haqların ifadəsidir. Onu müəyyən edən kriteriyadır, normalara salan dəyərdir. Hüquq imkanları ayırd edən dəyər kriteriyasıdır.  Burada mənsubluğu ifadə edir, məxsusluğu göstərir.  Onları qoruyan amil rolunu oynayır. Məsələn, uşaqlar məxsusluqlarına görə valideynlərinə aiddirlər, ailəyə, nəsilə, yaxın qohumlarlan mənsubdurlar. Mədəni aspektlərə görə öz xalqlarına, tarixi mənşələrinə, cəmiyyət və dövlətlərinə xasdırlar. Din, irq  və dil mənsubluqları da məxsusluq yaradır.

Hər kəsin ailə qurmaq, nigaha daxil olmaq hüququ vardır. Bu, bir vahid şərtdir, imkandır, təbii prosesləri ifadə edən amildir. Hər kəs bir qayda olaraq bir şəxslə (qadın, kişi) ailə qurur. Dövlətlər var ki, kişilərə yalnız bir qadınla ailə qurmaq hüquqlarını tanıyır. Elə ölkələr də var ki, bu münasibət və ölçü, dəyər, kriteriya  fərqlidir. Deməli, hüquq burada universal və məxsusidir. Elə ölkələr var ki, uşaqların doğulmasında kvotalar (məsələn, Çin) müəyyən edir. Elə ölkələr də var ki, (məsələn, Rusiya)  məhdudiyyətləri tanımır və əksinə çoxuşaqlı ailələri təşviq edir. Elə ölkələr var ki, miqrasiyanı məhdudlaşdırır (məsələn, İsveçrə), elə ölkələr  olur ki, yalnız mütəxəssisləri cəlb edir (məsələn, Kanada), elə ölkələr də var ki, onlarda əmək və insan kapitalı çatışmır. Onlar ümumi  miqrant qəbulunda maraqlı olurlar (məsələn, Rusiya).  Buna görə də hüquq,  istər dövlətin, istərsə də  fərdin hüququ olsun, universal və məxsusi dəyərə çevrilir.  “Hər kəs üçün -eyni norma, həmçinin hər kəs üçün -fərdi norma” prinsipləri də insan hüquqlarının normal əsaslarında qərarlaşmış olur. İstər universal, istərsə də fərdi məzmunlu normalar, qaydalar hüququn dəyərlərini qorumağa, onu inkişaf etdirməyə, hüquqları təmin etməyə, zaman və məkanda dəyərləndirməyə söykənir. Bu baxımdan da hüquq amilinin mahiyyətində fiziki baxımdan normativlik,  məzmun baxımdan dəyərlilik  əsas rola malik olur.

Hüquq kriteriya olaraq fərdi, şəxsi hər anda müşayiət edir. Onun məkanda vəziyyətini müəyyənləşdirir, məkanda ümumi və məxsusi vəzifə və səlahiyyətlərini müəyyən və təyin edən kriteriyaya çevrilir. Bu baxımdan sübutlayıcı, təsdiqləyici, nizamlayıcı, bərpaedici, təminedici  dəyər rolunda çıxış edir.   Hüquq məxsusiləri birləşdirdiyinə görə universallaşır. Buna görə də hüququn müstəvisi, ümumi əhatə dairəsi, örtüyü meydana gəlir. Burada universal xətlər və məxsusi xətlər bir-birini tamamlayır, şaxələnir.

Hüquq öz tərkibi və kəmiyyəti baxımından rəngarəngdir, çalarlıdır. Burada hüququn xassələri özündə çoxlu sayda elementləri əks etdirir. Hüquq azlıqdan çoxluğa, məhdudluqdan genişliyə doğru şaxələnir. Hüququn çaları həm də fərdi (burada bir nəfərin hüquqları) və kollektiv (burada təşkilatın, təşkilatın-dövlətin, hüquqi şəxslərin)  formadan qaynaqlanır.

Hər bir anlayış kimi, hüquq anlayışının da mərkəzi  və ətraf elementləri var. Bu elementlər həm passiv, həm də aktiv  olurlar.  Mərkəzi aktiv elementə onu aid etmək olar ki, məsələn, hər bir şəxs öz iş yerində peşə hüququnu aktiv edir. İş saatları zamanı vəzifə və peşə hüquqları aktiv olur. İş saatlarından sonra hüquq passivə keçir. Səlahiyyətlər müəyyən müddət üçün donmuş qalır. Həmçinin, kimsə təyyarəyə minərkən, öz minik hüquqlarını aktivləşdirir, açır, müəyyənləşdirir. Minik qurtardıqdan sonra hüquqlar da passivləşir. Yəni, zaman və məsafə başa çatdığından yeni hüquqların   icrası müəyyən müddət üçün, yeni uçuşa qədər  dayanmış olur. İnsanların azadlıq hüquqları da daima passivlikdən aktivliyə qədər dərəcələnərək mövcud olur. Azadlıq hüquqları məkanda olan azad elementlərin say çoxluğu ilə məhdudlaşa, passivləşə bilir. Elementlər azaldıqda hüquq yenə də genişlənir. Məsələn, bir meydanda adamlar  çoxluq təşkil edir. Bu, məhdudlaşdırıcıdır, addımları, hərəkət sferalarının miqyasını azaldır. Adamların sayı azaldıqca, meydanda qalanlar üçün azadlıqlar və sərbəstliklər genişlənir. Aktivləşməyə doğru keçidlər baş verir. Hüquq kəmiyyəti artmış olur.  Digər tərəfdən, hüquqda mərkəzi hissə-hansı ki, baza hüquqları əks etdirir, aktivləşir. Bu halda ətraf elementlər, qoruycu hissə də aktivləşir. Təminat və müdafiə funksiyaları işə düşür. Məsələn, insanlarda işlə təmin olunmaq hüquqları öz-özlüyündə bir ətraf və təminedici hüquqlar kimi qələmə alına bilər. Ona görə ki, bu kimi hüquqlar insanların maddi təminatlarına xidmət edir. Maddi mövcudluq isə baza haqdır. İşlə təminat mexanizmdir, hansı ki, baza mövcudluğu təmin edir.  Maddi mövcudluq aktiv olduğundan işlə təmin olunmaq  hüquqları da müəyyən yaşa qədər  daima aktiv olur. Burada aktiv qazanc hüququ aktiv mövcudluq hüququnu təmin edir. Nigah hüququ baza hüquqdur. Ailə qurarkən aktivləşməyə başlayır.

Aktivlik və passivlik sistemdə, əlaqələr və münasibət sferalarında müəyyənliyin açılması (hüquqi təminatın işə düşməsi, hüquqi isbatın aktivləşməsi və s.) və bağlanılması, yavaşıdılması ilə də xassələnə bilir.  Mərkəzi hissə cəlbedici, ətraf hissə isə genişləndirici məzmunda olur.  Mərkəzi hissənin elementləri varlığın (hüquq daşıyıcısının) özünün mövcudluğu ilə təsdiqlənir. Məsələn, uşaq dünyaya gələn kimi (hətta ana bətnində) hüquq daşıyıcısı olur. Uşağın özünün mövcudluğu anlayışın mərkəzini yaradır. Özəyini təşkil edir. Hüquq anlayışını ifadə edən hüquq müstəvisinin ətraf elementləri də ifadə edən, təmin edən və qoruyan olurlar. Hüquq anlayışının iki tərəfini qeyd etmək olar: mərkəzi və ətraf. Mərkəzi element mövcudluğun özünü əks etdirən qazanc elementidir. Ətraf element isə qazancı təmin edən elementdir. Hüquq subyektinin və obyektinin nüvəsi onun ətraf elementləri tərəfindən qorunur. Məsələn, konstitusion hüquq baza hüquq və azadlıqlardır. Dövlət hüququ baza hüquqdur. Ərzaqla təminat hüququ, ailə qurmaq hüququ, evlə, mənzillə  təminat hüququ baza hüqqudur. Bu hüquqlar daha çox insanlığın qorunmasına və varlıq kimi sübutlarına, mövcudluqlarına  söykənir. Eləcə də mənəviyyatı təmin edən, isbatlayan, ifadə edən hüquqlar-şəxsiyyətin qorunması, ləyaqətin, nüfuzun, vicdanın, şərəf və namusun qorunması və mövcudluğu  (uşaqlarda və böyüklərdə) hüquqları baza hüquqlardır. Ətraf hüquqlar baza hüquqları yaşadan hüquqlardır.  Ətraflar mövcudluğu, kimliyi  yaşadırlar. Burada baza hüquqla ətraf hüquq arasında tarazlı ortalıq yarana bilir. Belə halda stabil hüquq təminatı formalaşmış olur.  Hüququn iki tərəfi (baza və ətraf tərəfləri)  arasında tarazlayıcılıq olur. Lakin bu tarazlıq pozula da bilir. Məsələn, uşaq erkən yaşlarında qazanc elementini daha çox özündə daşıyır. Ətraf elementlərin təminatını valideynlər və dövlət həyata keçirir.

Beləliklə, hüquq anlayışının tərkibini təşkil edən  və onun təminatını şərtləndirən elementlər:

Bölünür: baza və ətraf sahələr üzrə elementlərə

Baza sahə-qazanc, mövcudluq sahəsidir. Varlığın forma və məzmununa bağlıdır. Mücərrəd və konkret düşüncə obyektdir. Bu, sırf ümumiləşmiş haqq anlayışına bağlıdır. Ancaq məxsusiliyi də var. Məsələn, qidalanma hüququ universaldır. Həm də məxsusidir. Qıdalanma hüququ baza hüquqdur. Lakin bu hüququ təmin edən fəaliyyət hüquqları (qida, ərzaq  almaq və satmaq  satmaq hüquqlarıl) ətraf, təminedici, qurşaqyaradıcı hüquqdur.

Ətraf sahələr-təminedici və müdafiəedici hissələrə ayrılır. Bunlar mexanizm elementləridir. Mexanizm hüquqları hüququn hərəkət mahiyyətini daşıyır.

Təminedici hissə-ixtiyar, səlahiyyət, vəzifə. Bu hissələr təminedicilik üçün şərtləri müəyyən edir. Bütün fəaliyyət (təbii ki, dəyərlər yaradan fəaliyyət, insanlığı təmin edən fəaliyyət) baza hüquqların mövcudluğunun təminatına hesablanır.

Müdafiəedici hissə-məsuliyyət və öhdəlik. Bu hissə baza və təminedici hissələr üçün qurşaq rolunu oynayır.  Ətraf sahələr genişləndikcə baza hissə dərinləşir. Məsələn, dövlət və valideyn, həmçinin cəmiyyətin özü müdafiəedici hüquqları təmin edən qüvvələr, tərəflər rolunu oynayırlar.

Uşaq hüquqlarının təminatı ilə bağlı bu kimi  xassələrini qeyd etmək olar:

-hüquqlar müəyyən olunur-dövlət tərəfindən, cəmiyyət və ictimaiyyət tərəfindən;

-təmin olunur-dövlət və ailə tərəfindən, cəmiyyət və ictimaiyyət tərəfindən, beynəlxalq qurumlar vasitəsilə;

-icra olunur, həyata keçir-uşaqların özləri tərəfindən (uşaq öz hərəkətləri ilə öz hüquqlarının təmin olunması vəziyyətini sübuta yetirmiş olur);

-müşahidə və nəzarət olunur-dövlət, ailə, cəmiyyət, beynəlxalq qurumlar tərəfindən;

-məsuliyyət daşıyır-ailə, valideyn, cəmiyyət və dövlət, həmçinin beynəlxalq qurumlar…