Şəmsəddin ƏLİYEV
hüquqşünas
“İnsanların öz əlləri ilə etdikləri pis əməlləri və günahları üzündən quruda və suda fəsadlar əmələ gələr. Bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar. Allah bununla da onlara etdiklərinin bir qismini-bəzi günahların cəzasını daddırır ki, tövbə edib pis yoldan qayıtsınlar.”
(Ər-Rum surəsi, 41-ci ayə )
Ya Rəbbim! Bu dünya Sən quran, yaratdığın dünyadır. Hər şey yerli yerində. Belə İlahi memarlığa kim dəyişiklik etməyə cəsarət edə bilər ki? Buna cəhd olunarsa da, ağlın dayazlığına dəlalət edər.
Adəmi (ə. s.) və onun övladlarını da Sən yaratdın. Bizə düz yol göstərdin. “Sıratəl müstəqim” söylənildi. Amma doğru yolla getmək əvəzinə, səhv yolla getdik. Bəşər tarixində ilk qətl – qardaşın qardaşı öldürməsi faktı da həzrəti Adəmin payına düşdü.
Şeytanı da, İblisi də Sən yaratdın. Sənə müxalifətdə olana mərhəmət göstərib ona qiyamət gününə qədər möhlət də Sən verdin, ya Rəbbim! Biz isə hər gün onun yalan vədlərinə uyub, düz yoldan kənara çəkilirik. Mütləq Sirat körpüsündən keçəcəyimiz Günü heç xatırlamırıq. Sən ki bunları bilir və görürsən, ey hər şeyə qadir olan Allahım!
Günahımız çox, Ya Rəbbim, çox! Bizə ağılı da sən verdin ki, həddində davranaq. Amma ağlımızla nəfsimizi cilovlaya bilmədik. Azdıqca azdıq. İradəsizlik göstərdik.
Ya Rəbbim, göz açıb yumuncaya qədər də olsa, bizi nəfsimizlə baş-başa buraxma!
Göz verdin ki, yaxşı şeylərə, insanı heyrətə və riqqətə gətirən, Sənin təcəlla etdiyin gülzara, təbiətə baxaq. Harama, naməhrəmə baxmayaq. Amma göz baxdıqca, baxdı… Heç doyan vaxtı da olmadı, yəqin ki, heç olmayacaq da. Gözün qarnı yoxdur ki, doysun.
Bizə əl, ayaq da bəxş etdin. Lazım olmayan yerlərə getdik, almamalı şeyləri alıb götürdük, yenə şeytani nəfsə uyduq… Necə deyərlər:
Ayaq getdi, əl gətirdi, diş yedi.
Baxmaqdan savayı, gözə nə qaldı?…
Qiyamət Günü xeyrimizə yalan hesabat verməyə çalışsaq da, göz gördüyünə, əl götürdüyünə, ayaq getdiyinə düz şəhadət verəcək. Diş də nə çeynədiyini düz deyər. Fəqət, yazıq bəndəyik, çox yazıq…
Ya Rəbbim! “Dünya həyatı bir imtahandır” – deyə xitab etdin, ibrət götürmədik. Əziyyətlərə, bəlalara səbr, verdiklərinə şükr etmədik. Tez aldandıq. Bəzən Sənə asi olanlar da, Sənə şərik qoşanlar da, küfr edənlər də olur və var. Əstəğfirullah, özlərinə başqa İlah axtarırlar. Vay hallarına, vayyy!…
Həzrəti Əyyubun övladlarının da əhvalatını bizə dönə-dönə, ibrət üçün xatırladırsan. Qardaşlar qardaşı – Yusif peyğəmbəri quyuya atdılar. Biçarənin qışqırığına, yalvarışlarına rəhm etmədilər. Sonra da üstünə bir daş atdılar… Sənin rəhmin və istəyin nəticəsində Yusif (ə.s) bütün məhrumiyyətlərə və əziyyətlərə səbr etdi. Kölə kimi satıldı və alındı… Nəhayət, ucaldı (ucaltdın).
Bəzilərimiz bu dünyada əməllərimizin girovuna çevrilir, cəzalandırılırıq, bəzilərimizi daha zəngin edirsən, “harınlaşıb” Səni tez unuduruq. Bu zənginliyin kimdən və hardan gəlməsinə əhəmiyyət vermir, şükr etmirik. Keçmişimizi tez unuduruq… Bəzən də Fironsayaq davranırıq, amma Fironun əhvalatını xatırlamırıq…
Əflatuna, Nuha, Suleymana qalmayan dünya kimə qalıb və kimə qalacaq, Ya Rəbbim?! Axı, canı verən də Sən, alan da Sənsən! Anlamadıq, fərqində olmadıq. Necə olacaq bu dünyanın işi, Sən bilirsən.
Ya Rəbbim! Zaman yaman dəyişib və dəyişir. Daha çox zəmanəmizə bənzəyirik. “Millət vəkili”miz “bu cavan oğlan çox fərasətli və bacarıqlıdır, pul qazanmaq şansı böyükdür” deyir. Allah! Allah! Bu dərəcədə olmaz axı, Ya Rəbbim! 21-24 yaşında necə 1 milyon dollara yaxın komfortlu avtomobillərin sahibi olmaq mümkündür? (Bu, uşaqların oynamaq üçün aşıq yığmasına bənzəyir.) 1 milyon qaçqını olan ölkənin bir gənc vətəndaşının təkcə 1 milyon dollarlıq avtomobili var! Daha nəyi, nəyi… Peyğəmbərlərin heç birinin bu qədər sərvəti olmamışdı.
Nuh (ə.s.) övladının bağışlanması üçün Sənə dua etdi, Sənə sığındı, duasını qəbul etmədin. Məhəmməd Peyğənbərin övladlarının nələr çəkdiyini tarix dönə-dönə ibrət dərsi kimi dünya ictimayətinə çatdırır. Dərs olmur, Ya Rəbbim! Mənə hərdən belə gəlir ki, yolundan azmışların, nemətlərinə şükr etməyənlərin, çətinliklərə tab gətirə bilməyən, səbr etməyənlərin Rəbbi Sən deyilsən. O dünya barədə təsəvvürləri yoxmuş. Səndən qorxmurlar. Həzər o gündən ki, ata övladının, övlad atanın, ana əmzikli körpəsinin karına bir işlə gələ bilməyəcək! Həzər, min həzər!
Ya Rəbbim! Dünyada nə baş verəcəyini, bizi hələ nələr gözləyəcəyini Səndən başqa bilən yoxdur.
Hər bir çətinliklərdən yalnız sənə sığınıb, Sənə təvəkkül etməliyik. Edirikmi? Bunu da Sən bilərsən.
Zənginlik xeyirxahlıqda, onun açarı isə əlimizi açıb Sənə edilən dualardadır. Dediyin kimi, dua üçün qapılar hər zaman açıqdır, bağlı vaxtları olmur ki, təki, istəyək.
Ya Rəbbim, qiyamətin nişanələri artıq görünür. Dələduzluq zamanın dəbdə olan baş cinayətlərindəndir. Heç kimə heç nə etibar etmək olmur. Məmur etibar edilən vəzifəsindən, bir-birilərini tanıyanlar isə etibardan sui-istifadə edib dələduzluqla pul qazanırlar. İpin ucunu yığmaq olmur. Hara gedir, ya Rəbbim, bu qurduğun dünya? Hələ bu, harasıdır!? Cinslərini dəyişən kişilər, eyni cinsdən nikaha daxil olan cütlüklər var. Bu “lotuluq” Lut peyğəmbərin çirkin qövmündənmi qaldı, Ya Rəbbim?
Yaratdığın şüurlu varlığın artıq ağıla ehtiyacı yox, qələmin yazdıqlarına inananların sayı azalıb, mənəviyyat pozulub, naməhrəmlər bir-birinə usanmadan eşq elan edir. Media mühitində isə belə hallar təşviq və sanki cəmiyyətə tövsiyə olunur.
Ya Rəbbim, mütləq ƏDALƏT tərəzisi Sənin hüzurundadır. Cəmiyyət həmişə ədalətli qərarlara “hamilə” olsa da, ədalətə imza atan qələmlər üçün mürəkkəb tapılmır, azdır, lap az. “Femida” artıq gözündəki dəsmalı açıb, özəl hüquqşünasların girovuna çevrildikcə, özəl qərarların da sayı çoxalır.
Ya Rəbbim! Bu dünyanı yenidən qur. İş o yerə çatıb ki, dünyada hansı dövlət güclüdürsə, hegemonluğu da o edir. “Kim güclüdürsə o, haqlıdır”-prinsipi beynəlxalq hüququn yazılmamış prinsipi olsa da, hamı susur. Bu da əsl firon əxlaqıdır. İnsani dəyərlərə hörmətlə yanaşmayan bir gücdən, qüvvədən ancaq zorakılıq və təcavüzkarlıq doğar. Hər şeyi gücdə və hərbi arsenalında görən bir dövlətin təcavüzkarlığa əl atmaması mümkün deyil. Dövlətlər bir yana, fərdlər də, millətlər də artıq bu instinktlə hərəkət edirlər.
XXI əsr də belə başladı… Terrorizm əsri… Terror halları insanları vahimədə saxlayır. Qətllərin sayı-hesabı yoxdur. Günahsız körpələrin, yaşlılarin-iyrənc siyasi oyunların böyük qurbanları kimi sayı artmaqdadır. Dünyada sülhə səs verən dövlətlər ikiüzlülük, riyakarlıq edirlər. BMT-nin dedikləri, qət etdikləri çirkab su qədər üfunət qoxusu verir. Ağız deyəni qulaq eşitmir. Köləlik və nökərçilik yenə adi hala çevrilib. İnsanları əşya kimi biri satır, digəri alır. Dünya al-ver yerinə çevrilib. Amma bu dünyanı satıb, o dünyanı alan yox.
Yer üzərindəki qanunlar haqsızlıqları dəf etməyə acizdir, Ya Rəbbim! Böyük Amerikanin böyük barmağı dünyanı hədələyir. Təyyarədaşıyanlar İranı mühasirəyə almaq üçün texnika toplayır. Nələr olacaq, nələr… Bəşəriyyəti nahaq şərdən qoru, Ya Rəbbim! Ümidimiz yalnız Sənədir!
Ya Rəbbim! Bizans imperatorluğuna son qoymuş Osmanlı imperiyasının 7-ci padşahı Sultan Məhmət Fateh həzrətləri ilə qazi Xızır Çələbi arasında baş verən ibrətamiz bir hadisə məni yaman riqqətə çəkib. Sultan Fateh əmrini lazımınca yerinə yetirməyən xristian memarın əlinin kəsilməsi barədə cəza verir. Memar da o dövrün qazisi Xızır Çələbiyə şikayət edir. Qazi tərəfləri məhkəməyə dəvət edir və onları dinlədikdən sonra memarın əlinin kəsilməsinə qisas olaraq Sultanın da bir əlinin kəsilməsinə hökm verir.
İslam hüququnun mahiyyətinə görə, zərərçəkən dolanışıq xərclərinin ödənilməsi şərtilə qisasdan imtina edə bilərdi. Qazinin çəkinmədən Sultan Fatehin cəzalandırılmasından riqqətə gələn və hakimin ədalətinə heyran qalan memar ağlayaraq Sultanın ayaqlarına sarınır. Sultan onun dolanışıq xərclərini öhdəsinə götürür. Memar isə çox keçmədən müsəlman olur.
Məhkəmədən sonra Sultan Fateh ədalətli hökm verdiyinə görə qaziyə təşəkkür edib deyir: “Əgər mənimlə bir müttəhim kimi deyil, bir padşah kimi rəftar etsəydin, səni bu qılıncımla param-parça edərdim”. Qazi də Sultana məhkəməni səbrlə dinləyib, verilən hökmlə razılaşdığına görə minnətdarlığını bildirərək deyir: “Əgər sultanlığına güvənib hökmümə qarşı çıxsaydın, səni bu aslanlara yem edərdim”. Və xirqəsinin ətəyini çəkib aslanların qəzəbli və vahiməli baxışlarını sultana göstərir: “Belə Sultanın, belə də Qazisi olar”.
Ya Rəbbim! XXI əsrdə iş o yerə çatıb ki, qatillər daha edam olunmurlar, güllələnmirlər, oğruların əlləri kəsilmir. Onlara yaşamağa qanunla möhlət verilir, büdcədən naqislərin saxlanılmasına pul xərclənir. Qətlə yetirilənin qisası, qatil həmvətənindən alınmır, əvəzi ödənilmir. (Konstitusiyamızın 27-ci maddəsinin fərqinə varmırıq.) 10-13 ildən sonra qatil qanunla azadlığa buraxılır – canavar qəfəsdən buraxıldığı kimi. Qisasçılığa meyl artır…
Belə məlum olur ki, yaratdığın insan insana, yaratdığımız dövlət isə dövlətə canavarmış.
Sənin qanunların da, qurduğun dünyada işləmir. “Özünüzdən olan, içərinizdən seçilən başçılara biət edin”– kəlamına məhəl qoyulmur. Müqəddəs saydığın düz Qələm əyilib, daha ədaləti vəsf edə bilmir.
Dünyanı yenidən qur, Ya Rəbbim!
Qaçqınlarımızın qaçqınlığını artıq çoxdan unudublar. Dəyişib həyat və dəyişdirilir. Torpaqlarımıza baş çəkməyə, qəbirlərimizi ziyarət etməyə qoymurlar. “Cızz, yandırar” deyirlər. Cəsarətimizi də nümayiş etdirə bilmirik. Güclülər qoymurlar. Hamıya bəllidir ki, vəhşi, yırtıcı erməni tayfası əsgərlərimizin önündə dura bilməzlər. Bu gücü də ordumuza Sən vermisən, Ya Rəbbim, Sən!
Ya Rəbbim! Dünya qloballaşır, kosmopolitləşir, yaratdıqların indi transferlər, inteqrasiya edir! Eh, nə bilim, nə edir… Bu “nemətləri” də Sənmi endirdin yer üzünə? Baş açan yoxdur. Fatmanisə xala günahını anlamır. Ona Xocalı, Şuşa, Zəngilan, Qubadlı, Kəlbəcər lazımdır, Kəlbəcər…! Bəndələrin həyət-bacasını istəyir, Ya Rəbbim!
Ya Rəbbim, gərək bizi Samuraylar kimi yaradaydın. Kəlbəcərin, Laçının, Şuşanın, Qubadlının, Zəngilanın, Cəbrayılın, Füzulinin ağı deyən səslərini eşitmirik. Süleyman peyğəmbərə çatdır ki, küləyə əmr etsin, ağılar elimizdə ünvan-ünvan dolaşsın. Sonra da, güclü dövlətlərdə sunamitək əssin, köpək uşaqlarına dərs versin… Bəlkə ayıldılar.
Ya Rəbbim! Məhəmməd peyğəmbərin (s.ə.s) kafirlərə qarşı döyüşlərinin birində düşmən tərəfin döyüşçüləri Rəsulullahın tərəfdarlarına çox göründü, ətrafı təşvişə düşdülər. Əmrinlə qalxan tozlu-qumlu külək düşmən tərəfə gözlərini açmağa imkan vermədi… Düşmənlərimizin də gözlərini bağla, Ya Rəbbim!
Burdan şəhid veririk, o yandan çal-çağır ara vermir. Hoppanıb-düşmək, əlini qulağının dibinə qoyub zəngulə vurmaq da bir peşəyə çevrilib. İndi gənclərimizin çoxu bacardı-bacarmadı səhnədə oxumaqla özünü sınayırlar. Müsabiqələr vətənpərvərliyi arxada qoyub. Ancaq “sevgilim, yar” deyib sızıldayır, ana deyib səhnədə göz yaşı tökürlər. Ana torpaq və qəbrlər də işğalda – “Ağlamağın yeri deyil, ağlama!”(M.Araz)
Az qala, “döyüş alnımızdan silinsin”. Siyasətçilərdən və ictimai xadimlərdən daha çox, belələri tanınırlar. Patriotizmin unudulmaq təhlükəsi var. Qoyma, Ya Rəbbim! Bizə Özün dayaq ol!
Televiziya verilişləri aparıcıların mülkiyyətinə çevrilib. Nəyi istəyirlər, danışırlar. Necə gəldi, geyinib efirə çıxırlar. Tamaşıçılara hörmət qoymurlar.
“Quzu yolunu azmış, canavar əndazəsini aşmışdır”. Hələ arzulamadığımız davranışları təbliğ edən mənasız serialları demirəm. Hara gedirik?…
Bizlərə ağıl ver, ya Rəbbim, ağıl! Ordumuza qüdrət, cəsurluq, şücaət ver! İmkanlılara comərdlik bəxş et ki, yoxsulları yada salsınlar.
Düşmənlərimizə fürsət vermə! Onlara qiyamət gününün əzabını nəsib et!…
Sözüm çoxdur. Rizanla gələn “görüşlərədək”, İNŞALLAH!
Bu da Ramazan ayının bir duası idi . Qəbul et, dərəcəyə çatdır, Ya Rəbbim!