XƏBƏR LENTİ

19 Noyabr 2019

Digər Xəbərlər

05 Avqust 2019 - 11:30

Vəkillər və vəkillik fəaliyyəti ilə bağlı problemlər və şərhlər… –Yeni mərhələdə daha nələrə ehtiyac var?

Şəfayət HƏSƏNOV,

Bakı şəhəri 4 №-li vəkil bürosunun vəkili,

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü

 

Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

Dövlət hər kəsin hüquqlarının və azadlıqalrının müdafiəsinə təminat verir. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən vəkillik hüquq müdafiə fəaliyyətini həyata keçirməli olan müstəqil hüququ təsisatdır.

Eyni zamanda vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxəslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardım göstərilməsindən ibarətdir.

Müdafiə institutu hakimiyyət bölgüsündə məhkəmə hakimiyyətində qərarlaşıb. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin IV hissəsinə əsasən cinayət məhkəmə icraatında Azərbaycan Respublikası ProkurorluğuMüdafiə tərəfi iştirak edir.

Bundan əlavə, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” 01 dekabr 1998-ci il tarixli Qanunun 3-cü maddəsinin 3-cü bəndinə əsasən şübhəli və ya təqsirləndirilən şəxs, onların müdafiəçiləri və onların qanuni nümayəndələri dövlət tərəfindən müdafiə olunan şəxslər sırasına daxil edilmişdir.

Vəkilər və vəkillik fəaliyyətinə bu diqqətin əsas səbəbi insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi ilə bağlı dövlətin alt məqsədi olmasıdır (Konstitusiyanın 12-ci maddəsi, I hissəsi). Məhz buna görə də insan hüquq və azadlıqlarının təminatında mühüm yer tutan müdafiə tərəfinə istər ölkə daxilində, istərsə də beynəlxalq münasibətlərdə böyük önəm verilir.

“İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın və onun 1, 4, 6 və 7 saylı protokollarının təsdiq edilməsi haqqında 25 dekabr 2001-ci il tarixli Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndinə əsasən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək və ya müdafiəsinin xidmətinə ödəmək üçün vəsait kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək hüququ vardır.

Eyni zamanda “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquq münasibətləri haqqında” Konvesiyanın təsdiq edilməsinə dair 13 yanvar 2004-cü il tarixli Qanunda da hüquqi yardım göstərilməsi qaydaları ətraflı qeyd edilmişdir.

“Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvesiyası müddəalarının və insan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təklifi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №-li Qərarının 12-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, müdafi hüquqi demokratik cəmiyyətdə ədalətli məhkəmə baxışının ayrılmaz tərkib hissəsidir. Konvesiya cinayət törətməkdə təqsirləndirilən şəxsə müdafiəsi üçün üç üsuldan istifadə etməyə imkan verir: özünü şəxsən müdafiə etmək; özünün seçdiyi müdafiəçiyə malik olmaq; müəyyən hallarda pulsuz təyin olunmuş müdafiəçidən istifadə etmək. Zəruri hallarda hüquqi yardım göstərilməsi dövlət hesabına təmin olunmalıdır. Ola bilər, müttəhimin seçdiyi vəkilin işinin çıxması və s. səbəblərdən müttəhimi müdafiə etmək imkanı olmasın.

“Müttəhimin müdafiə hüququnu təmin edən qanunların məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 02 dekabr 1994-cü il tarixli 6 №-li Plenum Qərarında bu məsələyə aydınlıq gətirilmişdir.

Belə ki, həmin Plenum Qərarının 10-cu bəndinə əsasən müttəhim öz seçdiyi müdafiəçini işdə iştirak etmək üçün dəvət etmək hüququna malikdir. Bu şərtlə ki, həmin müdafiəçinin işin baxılmasını uzun müddət ləngitmədən işdə iştirak etmək imkanı olsun. Ləngidilmənin müddəti baxılan işin xarakteri, müttəhim tərəfindən seçilmiş vəkilin prosesə daxil olma imkanı nəzərə alınmaqla məhkəmə tərəfindən müəyyən edilir.

Müttəhimi onun seçdiyi vəkillə təmin etmək mümkün olmadıqda, məhkəmə başqa müdafiəçinin işdə iştirakını təmin etməyə borcludur.

Eyni zamanda “uzun müddət” dedikdə, müttəhimin seçdiyi müdafiəçisinin bir qayda olaraq 7 sutkadan artıq təhqiqat, ibtidai istintaq orqanlarına, məhkəməyə gələ bilməsi başa düşülür.

Azərbaycan Respublikası MPM-nin 66-68-ci və CPM-nin 92-ci maddədəsində vəkillərin prosessual fəaliyyət mexanizmi ətraflı qeyd edilmişdir.

Vəkillər və vəkillik fəaliyyəti ilə bağlı xüsusən 2018-ci ildə və 2019-cu ilin birinci yarısında qanunvericilikdə xeyli dəyişikliklər edilmişdir.

Dəyişiklikdən biri məhkəmə çəkişmələrində nümayəndəlik institutunun peşəkar vəkillik institutu ilə əvəz edilməsi, mülki və inzibati prosessual məcəllələrdə dəyişiklik edilməsi nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyətinin məhdudlaşdırılması və s. ibarət olmuşdur.

Bundan əlavə, vəkillər tərəfindən pulsuz xidmət göstərilməsinə görə dövlət tərəfindən ödənişin üçqat artırılmasını və s. qeyd etmək olar.

Eyni zamanda “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı vəkillər və vəkillik fəaliyyəti ilə bağlı geniş islahatların aparılmasına təminat vermişdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən ədalət mühakiməsinin çəkişmə prosesində tərəflərin bərabərliyi və prossesual fəaliyyətlərini faktlar əsasında həyata keçirilməsi qeyd edilsə də, bu məsələyə tam aydınlıq gətirməsinə ehtiyac var idi. Məhz buna görə də “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual Qanunvericilyi Baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Plenum Qərarı ilə bu məsələyə tam aydınlıq gətirilmişdir.

Belə ki, həmin Plenum Qərarına əsasən Mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində, 129-cu maddəsinin III hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır.

Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

Qeyd etmək lazımdır ki, vəkillik fəaliyyətinin müstəsna fəaliyyət dairəsi vardır. Bura vəkilin cinayət işləri üzrə şübhəli və ya təqsirlənən şəxsin müdafiəsi, mülki və inzibati mübahisələrə dair işlər üzrə şəxsin Azərbaycan Respublikası Ali Məhkəməsində təmsil edilməsi, eyni zamanda hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində təmsil edilməsi daxildir.

Nəzərə almaq lazımdır ki, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respubliaksının 30 sentyabr 2015-ci il tarixli Qanunun 5.2-ci maddəsinə əsasən bu qanun müddəaları vətəndaşların məhkəmə icraatı və ya inzibati icraat çərçivəsində etdikləri müraciətlərə şamil edilmir.

Vəkilin ədalət mühakiməsində iştirakı yalnız hüquqi yardım üçün müraciət edən şəxslə fərdi qaydada fəaliyyət göstərən vəkil və ya vəkilin daxil olduğu qurum arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 7-ci maddəsinə əsasən məhkəmə, istintaq, təhqiqat və digər dövlət orqanlarının işçilərinin vəkil ilə hüquqi yardım göstərilən şəxs arasında hüquqi yardım göstərməklə əlaqədar vasitəçiliyə yol verilmir.

Eyni zamanda vəkili peşə borcunu həyata keçirməklə əlaqədar ona məlum olan hallar barədə dindirmək qadağandır.

Vəkil tərəfindən peşə fəaliyyətini həyata keçirərkən onun tərəfindən toplanan sənədlər və sübutlar istintaq və məhkəmə orqanalrı tərəfindən tələb edilə və götürülə bilməz.

Vəkilli fəaliyyəti ilə əlaqədar qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq vəkilik hüquqları, vəzifələri ilə bağlı bir sıra məsələlərlə aydınlıq gətirməyə ehtiyac vardır.

Belə ki, həmin Qanunun 5-ci maddəsinə əsasən vəkillər müstəqildirlər və yalnız qanunun tələblərinə tabedirlər. Vəkil öz fəaliyyətində qanunvericilikdə qadağan olunmamış və vəkil etirazına zidd olmayan bütün üsullardan və vasitələrdən istifadə edə bilər.

Bu zaman vəkilin müstəqil araşdırmalar aparmaq, sənəd toplamaq, hüquqi yardım göstərmək üçün zəruri olan arayışlar və digər sənədləri idarə, təşkilat və müəssisələrdən tələb etmək, onlarla tanış olmaq və həmin sənədlərin surətlərini çıxarmaq və vəkil sorğusu vermək səlahiyyəti vardır.

Mübahisə doğuran əsas məsələlərdən biri vəkil sorğusunun icra müddəti, hansı əsaslara görə imtina edilməsi və s. ilə bağlıdır.

Lakin istər qeyd edilən Qanunda, istərsə də Prosessual Məcəllələrdə (cinayət, mülki və inzbati məcəllələr) vəkil sorğusunun baxılma müddəti və imtina etmənin əsasları qeyd edilməmişdir.

Müqayisə üçün bir neçə faktı qeyd etmək istəyirəm. Belə ki, İnzibati Xətalar Məcəlləsinin idarəçilik qaydaları əlehinə olan inzibati xətalara dair fəslin 526-528-ci maddələri (məhkəməyə hörmətsizlik göstərilməsi, məhkəmənin xüsusi qərardadı (qərarı) və ya hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsləri) təqdimatı üzrə tədbirlər görülməsi, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) məhkəmələrlə bağlı inzibati xətalara görə məsuliyyət nəzərdə tutulur.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 594.1-ci maddəsinə əsasən vətəndaşların müraciətləri haqqında qanunvericiliyin pozulmasına görə də inzibati məsuliyyət nəzərdə tutulur.

Lakin vəkil sorğusunun icra edilməməsi və ya yarımçıq icra edilməsi, habelə əsassız olaraq icradan imtina etməyə görə heç bir inzibati məsuliyyət nəzərdə tutulmamışdır.

Halbuki “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15-ci maddəsinin II hissəsində qeyd edildiyi kimi, vəkilin sorğunun nəticəsini tələb etmək hüququ vardır.

Azərbaycan Respublikasının 30 sentyabr 2013-cü il tarixli Qanunu ilə “Vəkillər və vəkillik fəaliyyətinə dair” Qanunun 15-ci maddəsinin II hissəsinin dördüncü abzasında “çıxarmaq” sözündən sonra “Daşınmaz Əmlakın Dövlət Reyestrinin alınması ilə bağlı əsaslandırılmış yazılı sorğular vermək” sözləri əlavə edilmişdir. Lakin əsaslandırılmış sorğular göndərilsə də, çox hallarda Daşınmaz Əmlakın Dövlət Reysteri Xidməti qanunvericilikdəki həmin dəyişikliyə yox, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 sentyabr 2015-ci il tarixli 2-1(82)-2745/2015 №-li qərardadına istinad edilməsini tövsiyə edir.

Təbii ki, bütün hallarda kifayət dərəcədə təcrübəsi olan vəkil bununla bağlı əsaslandırılmış sorğu göndərir.

Odur ki, iqtisad məhkəməsinin qeyd edilən tövsifedici qərardadından əvvəl 2013-cü ildə Qanuna dəyişiklik qüvvədə olub.

Mübahisəli məsələlərdən biri də vəkil sorğusunun icra müddəti ilə bağlıdır ki, bu məsələyə aydınlıq gətirilməsinə də böyük ehtiyac vardır. Çünki vəkil sorğularının konkret müəyyən edilmiş müddətdə baxılıb icra edilməsi ədalət mühakiməsi prosesində həqiqətin üzə çıxarılmasında zəruri şərtlərdən biridir.

Vəkillik institutunda mübahisəli məsələlərdən biri də vəkillərin sosial müdafiəsi və pensiya təminatı ilə bağlı məsələdir. Nəzərə almaq lazımdır ki, bu günə kimi konkret əldə edilən gəlir nəzərə alınmadan vəkillər mənfəətdən 14% vergi, 20% sığorta haqqı ödəyirlər.

Nəzərə almaq lazımdır ki, cənab Prezident İlham Əliyevin insan hüquq və azadlıqlarının müdafiəsinə həmişə diqqətlə yanaşması nəticəsində vəkillik fəaliyyəti ilə bağlı qanunvericilikdə xeyli dəyişikliklər edilmişdir. Lakin peşəkar vəkllik fəaliyyəti ilə məşğul olan müdafiə tərəfinin vergidən azad edilib-edilməməsi məsələsinə yenidən baxılmasına ehtiyac vardır.

Müqayisə üçün bir faktı qeyd etməyi zəruri hesab edirəm. “Azərbaycan RespublikasınınVergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunun 1.36.3-cü bəndinə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu ilin yanvarın 1-dən 7 il müddətinə 8000 manatadək əmək haqqında vergi ödənilmir, 8000 manatdan çox olduqda 14% vergi tutulur (bax: Vergi Məcəlləsinin 101-ci maddəsinin yeni redaksiyası). Vergi Məcəlləsinin 208-221-ci maddələrinə müvafiq olaraq vəkillərə sadələşdirilmiş verginin tətbiq edilib yuxarıda qeyd edilən dəyişikliyə uyğun olaraq hesablanması məqsədə müvafiq olardı.

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 25-ci maddəsində vəkillərin pensiya təminatı Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həyata keçirilməsi qeyd edilmişdir. Lakin konkret müddəa yoxdur. Odur ki, bu məsələyə də yenidən baxılması zəruridir.

Sığorta ödənişinə gəldikdə, pensiya təminatı üçün sosial sığorta haqının ödənilməsi zəruridir

“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli Qanununa (əlavə və dəyişikliklə bir yerdə 12-ci maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri də məcburi dövlət sosial sığorta ilə əhatə olunur), “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli Qanunun 14.5.5-ci maddəsinə əsasən vəkillər kollegiyasının üzvləri gəlirlərinin 20% miqdarında sosial sığorta ödəməlidirlər.

Eyni zamanda “Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanının 9-cu bəndində Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına vəkillərin hakimlərlə və cinayət təqibini həyata keçirən orqanların əməkdaşları ilə qeyri-prossesual münasibətlərə yol verilməsinin qayğısının alınması üçün tədbirlərin gücləndirilməsi tövsiyə edilmişdir.

Belə hallara yol verməmək üçün ardıcıl işlər aparılır. İstər məhkəmə-hüquq sistemində islahatlar, istərsə də vəkillik institutunun təkmilləşdirilməsi sahəsindəki qəbul edilmiş normativ aktlar vəkillərin peşə hazırlığının artırılması və təkmilləşdirilməsinə geniş imkanlar yaratdığı üçün ölkəmizdə müdafiə institutu və insan hüquq və azadlıqlarının təminatı üçün yeni mərhələnin başlandığını demək olar.