XƏBƏR LENTİ

18 Yanvar 2020
17 Yanvar 2020

Digər Xəbərlər

25 Yanvar 2016 - 17:59

Həbs qətimkan tədbiri: müstəntiq, prokuror və məhkəməni birləşdirən “dəyər”

fexreddin-m

Fəxrəddin MEHDİYEV, vəkil

 

Həbs qətimkan tədbirinin genişliyi və tempi narahatçılıq yaradır. Məhkəmələr tərəfindən zəruri əsaslar olmadan həbs qətimkan tədbiri seçilir, həbsdə saxlanma müddətləri qanunsuz olaraq uzadılır, həbslə bağlı olmayan alternativ qətimkan tədbirlərindən istifadə olunmur və ya əsassız olaraq imtina olunur.

“Həbs” qətimkan tədbirləri “kütləviləşdikcə” insan hüquq və azadlıqlarının pozulması adiləşir, istintaq təcridxanalarının hədsiz yüklənməsi davam edir, bu hesaba dövlətin zərərinə külli miqadarda büdcə vəsaiti itirilir.

 

Belə ki, həbs qətimkan tədbiri barədə müstəntiq vəsatətlə çıxış edir, həmin vəsatətlə əlaqədar prokuror məhkəməyə təqdimat verir və bunların əsasında məhkəmə həbs qətimkan tədbiri barəsində qərar qəbul edir. Göründüyü kimi, həbs qətimkan tədbiri prosesində müstəntiq, prokuror və məhkəmə eyni mövqedən çıxış edirlər. Nəticədə həmin subyektlərin birgə qərarı gələcəkdəki ittiham hökmünə start verir. Əks halda, yəni bəraət hökmü çıxarılan təqdirdə təqsirləndirlən şəxsin reabilitasiya ilə əlaqədar vurulmuş ziyana görə kompensasiya hüququ və eyni zamanda qanunsuz olaraq həbs qətimkan tədbirini seçmiş müstəntiq, prokuror və hakimin məsuliyyəti yaranır. Ona görə də belə qərarları qəbul etmiş şəxslər və onların təmsil etdiyi istintaq, prokurorluq və məhkəmə sonrakı məhkəmə mərhələlərdə bəraət hökmlərinin əsasları müəyyən edildikdə də, belə qərarları qəbul etmirlər.

Həbs qətimkan tədbiri cinayət qanunvericiliyinin çoxcəhətli, mərkəzi problemidir. Birincisi, hüquqi məsələ kimi insanın azadlığı və şəxsi toxunulmazlığı fundamental hüququ ilə bilavasitə bağlıdır, ona müstəsna hallarda tətbiq edilən prosessual məcburiyyət tədbiri kimi baxılmalıdır və zərurəti əsaslandırılmalıdır. İkincisi, mənəvi baxımdan sosial ədalətin bərpasına xidmət etmək mahiyyəti daşımalıdır. Üçüncüsü, həbs qətimkan tədbirinin, eyni zamanda iqtisadi aspektləri mövcuddur, çünki məhsuldar insanın cəmiyyətdən, ailəsindən təcrid olunması, işindən məhrum edilməsi ailə büdcələri üçün böyük itki, eləcə də dövlət büdcəsi üçün yükdür.

Qeyd edildiyi kimi, ittiham hökmləri ilə həbs qətimkan tədbirləri arasında ciddi funksional əlaqələr mövcuddur.

Həbs qətimkan tədbrində yaranmış problemlər nə ilə bağlıdır?

Birinicisi, istintaq və məhkəmə orqanları tərəfindən həbs qətimkan tədbiri barədə mövcud olan qanunvericiliyin qaydalarına tam əməl olunmur.

Cinayət-Prosessual Məcəlləsində göstərilir ki, qətimkan tədbiri cinayət işi üzrə icraatda şübhəli və ya təqsirləndirilən şəxsin qanuna zidd davranışının qarşısını almaq, hökmün icrasını təmin etmək məqsədilə bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulmuş hallarda onların barəsində seçilən prosessual məcburiyyət tədbiridir: 

"Qətimkan tədbirinin seçilməsi barədə qərarda şübhəli və ya təqsirləndirlən şəxsin törətdiyi cinayət və ilkin sübutlara istinad edilməklə qətimkan tədbirinin seçilməsi zəruriliyinin əsasları göstərilməlidir.

Təqsirsizlik prezumpsiyasına müvafiq olaraq şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində aidiyyatı sübut olunmadıqda, o, həbs oluna və ya zərurət olmadıqca həbsdə saxlanıla bilməz.”

Həbs qətimkan tədbiri barədə Ali Məhkəmənin və eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun qərarları da mövcuddur. Həmin qərarlarda məhkəmlər üçün mühüm göstərişlər və tövsiyələr verilmişdir.

Təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirnin seçilməsi ilə bağlı təqdimatlara baxılarkən, məhkəmələr tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2009-cu il tarixli Qərarında göstərilir ki, məhkəmələr həbs qətimkan tədbiri seçərkən yalnız CPM-nin 155-ci maddəsində göstərilən prosessual əsasları formal sadalamaqla kifayətlənməməli, hər bir əsasın konkret təqsirləndirilən şəxsə münasibətdə mövcudluğunun nədən ibarət olmasını və cinayət işinin materialları ilə onların təsdiq edilib-edilməməsini yoxlamalıdırlar. Bu zaman təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini səciyyələndirən məlumatlar, o cümlədən yaşı, ailə vəziyyəti, məşğulluq növü, sağlamlığı və bu kimi digər halar nəzərə alınmalıdır.

Məhkəmələrə izah edilsin ki, həbs qətimkan tədbirinin seçilməsi haqqında təqdimata baxarkən, onlar ilk növbədə Azərbaycan Respublikası CPM-nin 154-cu maddəsində nəzərdə tutulmuş digər qətimkan tədbirnin seçilməsinin mümkünlüyünu yoxlamalı, təqdimat təmin edildikdə isə həbslə əlaqədar olmayan qətimkan tədbirinin seçilməsinin qeyri-mümkün olmasını əsaslandırmalıdırlar.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 157.5-ci maddəsinin şərh olunmasına dair 09 iyul 2010-cu il tarixli qərarı"nda da göstərilir ki, hər kəsin azadlıq hüququ və şəxsi toxunulmazlıq hüququ insan hüquq və azadlıqlarına həsr olunmuş beynəlxalq aktlarda, o cümlədən, İnsan hüquqları üzrə Ümumi Bəyannamənin 3-cü maddəsində, Mülki və Siyası Hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsində, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsində də təsbit olunmuşdur.

Hər kəsin bu hüququnun müdafiəsi təmin edilməlidir. Bu, onu nəzərdə tutur ki, Konvensiyanın 5-ci maddəsinin 1-ci bəndində göstərilmiş şərtlər istisna olmaqla, heç kəsin azadlığı məhdudlaşdırlmamalı və ya məhdudlaşdırılması davam etdirilməməlidir. Azadlıq hüququndan Konvensiyanın 5-ci maddəsinin 1-bəndi ilə təmin olunmuş istisna siyahısı məhdud xarakterlidir və bu istisnaların yalnız dar təfsiri sözügedən müddəanın məqsədinə uyğundur.

Beləliklə, mövcud olan hüquqi baza həbs qətimkan tədbiri barəsində məsələnin bütün cəhətlərini tənzimləyir. Qanunvericiliyin məzmunundan da görünür ki, həbs qətimkan tədbiri müstəsna prosessual məcburiyyət tədbiridir və bunun zəruriliyi məhkəmənin qərarında əsaslandırılmalıdır. Qanunvericiliyin tələbi belədir.

Lakin təcrübədə bunun əksini görürük. Çox vaxt müstəntiqlərin vəsatətində təqsirləndirilən şəxsin istintaqdan yayınması və ya ibtidai istintaqın, məhkəmə baxışının normal gedişinə mane olması kimi formal, qeyri-müəyyən, ümumi ifadələr göstərilir, analoji ifadələr prokurorun təqdimatına köçürülür və belə ümumi mülahizələr məhkəmənin qərarının əsasını təşkil edir. Məhkəmələr həbs qətimkan tədbiri barəsində işə baxarkən prokurorun təqdimatının arqumentlərini, həbsin zəruriliyinin nədən ibarət olmasını, konkret olaraq nədə ifadə olumasını araşdırmır, ilkin sübutlara qiymət vermir, bütövlükdə həbs qətimkan tədbiri kimi mühüm, taleyüklü məsələyə formal mülahizələr əsasında baxırlar. Bir qayda olaraq müdafiə tərəfinin sübutlarla bağlı iradlarına birinci instansiya və apellyasiya məhkəmələrində işə mahiyyəti üzrə baxılmır, sübutlara qiymət verilmir kimi cavablandırılır. Sual olunur: sübutlara qiymət vermədən həbsin qanuniliyini necə müəyyən etmək olar?!

Bundan başqa, həbsdə saxlama müddətinin uzadılması prosesində də eyni formada qanunsuzluqlara yol verilir. Təqsirləndirilən şəxs həbs edildikdən sonra İstintaq Təcridxanasına köçürülür və müstəntiq tərəfindən “yaddan çıxarılır”, aylarla heç bir istintaq hərəkəti aparılmır, həbsdə saxlama müddəti başa çatdıqdan sonra yenidən əsassız olaraq həbsdə saxlama müddəti uzadılır, belə halda da məhkəmə istintaqın hərəkətlərinə hüquqi qiymət vermir və bir qayda olaraq həbsdə saxlama müddətinin uzadılması barədə avtomatik qərar qəbul edilir.

Halbuki İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinə uyğun olaraq, təqsirləndirlən şəxsin barəsində həbs qətimkan tədbirnin seçilməsinə əsas olmuş eyni hallara əsaslanmaqla həbsdə saxlanılma müddətinin uzadılması İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında Avropa Konvensiyasının 5-ci maddəsinin tələbləri baxımından şəxsin azadlıq və şəxsi toxunulmazlıq hüququnun pozulması kimi qiymətləndirilir.

Nəhayət, Cinayət-Prosessual Məcəlləsində qətimkan tədbirinin – ev dustaqlığı, girov, şəxsi zaminlik, təşkilatın zaminliyi və s. 10 növü nəzərdə tutulmuşdur. Lakin təcrübədə alternativ qətimkan tədbirlərindən istifadə edilmir, bu barədə müdafiənin verdiyi vəsatətlər əsassız olaraq təmin olunmur. Halbuki alternativ qətimkan tədbirləri hüququn ədalət və humanizm prinsiplərindən irəli gəlir.

Beləliklə, həbs qətimkan tədbiri məsələsində öz həllini gözləyən ciddi suallar yaranıb. İnsanların hüquq və azadlıqlarının təmini üçün bunlar həll edilməlidir, həm də təxirə salınmadan…