XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

31 October 2019 - 18:40

245 hüquqşünas vəkil olmaq üçün imtahan verdi –144 nəfər keçid balını topladı

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Dövlət İmtahan Mərkəzi oktyabrın 31-də Dövlət İmtahan Mərkəzinin Kompüter Mərkəzində vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçiriblər.

Vəkillərin İxtisas Komissiyasından Strateq.az-a bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, ixtisas imtahanlarının müntəzəm keçirilməsini təşkil etməklə Vəkillər Kollegiyasına yeni üzvlərin, xüsusən gənc hüquqşünasların qəbul edilməsi üçün şərait yaradılması barədə tövsiyəsi rəhbər tutularaq cari ilin aprel ayında başlanılan və daimi əsaslarla aparılan sənəd qəbulu nəticəsində 245 hüquqşünas vəkil olmaq üçün namizədliyini irəli sürüb.

Üç saat davam edən imtahanda 236 nəfər iştirak edib. Onlardan 144-ü 60 və daha yüksək bal toplayıb ki, bu da 61 faiz təşkil edir. Ən yüksək nəticə göstərən namizəd 95 bal toplayıb.

Şəffaf şəraitdə keçirilən imtahanda bir çox yerli və beynəlxalq, dövlət və qeyri-hökumət təşkilatlarından müşahidəçilər, televiziya və mətbuat nümayəndələri iştirak ediblər.

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsinin nəticələrindən şikayət vermək istəyən şəxslər noyabrın 4-dən 8-dək +994 12 594-14-95 (Orxan Babayev) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının yazılı test mərhələsini uğurla keçmiş və şifahi müsahibə mərhələsində iştirak etmək üçün tələb olunan sənədləri təqdim etməmiş namizədlər noyabrın 20-dən dekabrın 20-dək aşağıdakı sənədləri təqdim etməlidirlər: Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə, şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti, ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti, əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti, əqli cəhətdən sağlamlıq barədə tibbi arayış, 3×4 sm və 4×6 sm ölçüdə hər ölçüdən 4 ədəd (cəmi 8 ədəd) rəngli fotoşəkil, vəkilin şəxsi məlumat vərəqəsi, tərcümeyi-hal.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının şifahi müsahibə mərhələsinin vaxtı ilə bağlı namizədlərə əlavə məlumat veriləcək.

Vəkilliyə qəbul üçün təqdim olunmuş sənədlərlə ilkin doldurulmuş ərizə-anket formasında qeyd olunmuş məlumatlar arasında ziddiyyət aşkar olunarsa və ya namizəd vəkilliyə qəbul üçün lazım olan tələblərə cavab verməzsə, növbəti mərhələyə buraxılmayacaq.