XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

03 March 2020 - 13:42

“Türkiyənin Suriya əməliyyatlarına beynəlxalq hüquq nə deyir?” –Hüquqşünas Əlövsət Allahverdiyev yazır

Əlövsət ALLAHVERDİYEV,

hüquqşünas

 

Rusiya, Türkiyə və Suriya münasibətlərində yaranmış gərginlik İdlib yaxınlığında Türkiyə Silahlı Qüvvələri əsgərlərinin hücuma məruz qalması ilə daha da mürəkkəbləşib. Bu məsələdə Türkiyəni müdafiə edənlər də var, ittiham edənlər də. İttiham edənlərin ilk olaraq ünvanladıqları əsas sual isə budur: “Türkiyənin Suriyada nə işi var ki, bu hadisə də yaşanır?”

Bütün bunlara aydınlıq gətirmək üçün bir neçə məsələyə diqqət yetirmək və hadisələri beynəlxalq hüquq baxımdan dəyərləndirmək lazımdır. Çünki elmi və hüquqi əsası olmayan hər hansı yanaşma və izah hər bir halda uğursuzluğa məhkumdur.

İlk olaraq Türkiyənin  Suriyaya müdaxiləsinin hansı zərurətdən yaranmasına diqqət yetirmək lazımdır. Bəlkə bunun üçün bir zərurət olmayıb?

Daha öncədən Türkiyənin Suriya ilə çox normal əlaqələri olub. Eyni zamanda Türkiyə Suriya ilə ən uzun ortaq sərhəddi bölüşür, müxtəlif coğrafi və tarixi əlaqələr də iki qonşu ölkəni bir-birinə bağlayır.  Hər iki ölkənin yüksək səviyyədə iqtisadi razılaşması olub. 2009-cu ildə Türkiyə Prezidenti Abdulla Gülün Suriyaya, Bəşər Əsədin isə Ankaraya səfəri bu əlaqələri daha da genişləndirib. 2011-ci ilin yanvar ayında Türkiyənin nüfuzlu “Hürriyyət” qəzeti Türkiyə-Suriya münasibətlərini “Yaxın Şərqdə nümunəvi tərəfdaşlıq” etiketi adlandırmışdı. Yəni, qısa desək, Suriya Türkiyə üçün geniş iqtisadi əməkdaşlığı olan etibarlı tərəfdaş idi.

Bu mənada iki ölkə arasında münasibətlərin gərginləşməsi Türkiyə üçün maraqlı deyildi. Bu gərginlik ölkədə Əsəd rejiminə qarşı üsyanların baş verməsi və diktaturanın tüğyan etdiyi bir ölkədə vətəndaş müharibəsinin yaranması ilə ortaya çıxdı. O zaman Türkiyənin baş naziri olmuş Ərdoğan, Əsəd rejimini ciddi tənqid etdi, ona qarşı sanksiyaların tərəfdarı olduğunu açıq söylədi və bu, dünya ictimaiyyətinə yaxşı məlumdur. Ərdoğan bildirdi: “Doqquz il əvvəl başlayan bir dostluğumuz var idi, amma Suriya bunu qiymətləndirə bilmədi, xəbərdarlıqlarımıza əhəmiyyət vermədi … Təəssüf ki, insanları qırğına məruz qoyur, onları işgəncələrlə məhv edir… Suriya xalqının möhtəşəm müqavimətində uğur qazanacağına inanıram”.

Bunun ardınca Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu, “Financial Times” qəzetinin London müxbirinə ölkəsinin sərhəddində suriyalı mülki insanları qorumaq üçün bir tampon bölgə və ya gələcəkdə hədəfə alınan sanksiyalar olarsa, Suriya üzərindən uçuş zonası ola biləcəyini söylədi.

Türkiyənin israrla qeyd etdiyi bir məqam var idi: Türkiyənin sərhədləri möhkəmləndirilməli və ərazisinə yarana biləcək təhdid önlənməli, terror hadisələrinin qarşısı alınmalı və ən nəhayət, Suriyada qırğına məruz qalan insanların müdafiəsinə dəstək verilməlidir.

Unutmaq olmaz ki, PKK məhz Suriya tərəfində dəstəklənirdi, kifayət qədər orada gücə malik idilər. Suriya 1980-90-cı illərdə PKK-ya öz torpaqlarında hərbi düşərgə salmağa və Türkiyəyə terror hücumları etməyə icazə vermişdi. Türkiyə bu təhlükənin  qarşısını almaq üçün davamlı olaraq danışıqlara üstünlük versə də, bir nəticə əldə edə bilmədiyi üçün 1998-ci ildə öz sərhəddində hərbi əməliyyatlara başlamışdı.

Hələ bu, 1980-90-cı illərdə baş vermişdisə, kim zəmanət verə bilərdi ki, heç bir norma və sərhəd tanımayan qəddar Əsəd rejimi fürsətdən istifadə edərək, Türkiyə sərhədlərində terror dalğasını genişləndirməyəcək.

Ərdoğanı Suriyada üsyançılara dəstək verməyə görə ittiham edən və “Türkiyə Suriyadan nə istəyir?” sualını verənlərin də ilk cavabı məhz bu olmalıdı.

Türkiyə sərhəddində baş verən vətəndaş müharibəsinə, bu müharibədə qırğına məruz qalan dinc mülki əhaliyə, ərazisinə ola biləcək təhdid və terror hadisələrinə biganə qala bilməz və əli xalqının qanına bulaşmış cinayətkar Əsəd rejimi ilə əlaqələrini davam etdirə bilməzdi.  Demək ki, Türkiyənin Suriyaya müdaxiləsi zərurətdən meydana gəlmişdir.

Türkiyə Əsəd rejiminə qarşı hadisələrin əvvəlində hansı mövqedə olmuşdursa, indi də həmin mövqedədi. Əslində bir həqiqət var ki, Ankara digərlərindən fərqli olaraq, Suriyaya qarşı münasibətdə o zamandan indiyə qədər ardıcıl və praktik olaraq Əsəd rejiminə qarşı çıxdı və münasibətini dəyişmədi. Reallıq budur ki, Ərdoğan  münaqişənin əvvəlində söylədiyi fikirləri ardıcıl olaraq müdafiə eməklə bərabər, həm də həyata keçirir. Məsələn, Ərdoğanla eyni zamanda məsələyə münasibət bildirərək vətəndaşların hüquqlarının qorunmasının vacib olduğunu bildirən Rusiya, ABŞ prezidentləri  nə hadisələrin gərgin vaxtında, nə də indi real mövqe nümayiş etdirmirlər, atdıqları addım da yalnız dağıdıcılığı və terrora dəstəyi ifadə edir. Danılmaz faktdır ki, vətəndaş müharibəsinin yaratdığı qorxudan can qurtarmaq üçün Suriya əhalisi nə Rusiyaya, nə də ABŞ-a üz tutdular, üz tutsaydılar belə, onlara qapı açılmayacaqdı.

Nəhayət, Ankaranın proqnozu özünü doğrultdu, Suriyada vətəndaşların müdafiəsinə ehtiyac yarandı, mülki əhalinin Türkiyə sərhəddinə axını başladı. İdliblə eyni sərhəddi bölüşən Türkiyə 3,6 milyon suriyalını qəbul etdi və onları Türkiyədə yerləşdirdi. Baxmayaraq ki, günbəgün Türkiyənin müxalifət partiyaları Ərdoğanı bu addımına görə qınadılar, bir daha suriyalıların bu ölkəyə gəlmələrini istəmədiklərini bildirdilər.

Hesab edirəm ki, bu məsələyə daha geniş çevrədən, Türkiyənin maraqları sıviyyəsindən yanaşmaq lazımdır. Ərdoğandan daha böyük Türkiyə var, Türkiyə maraqları var. Bu baxımdan məsələni kiçildərək prezidentin – bir şəxsin üzərinə yönəldərək tənqidi yanaşmaq doğru olmaz. Bəli, Türkiyənin bu mövqeyi doğrudur, əgər Türkiyə bu addımı atmazdısa, susmağa üstünlük versəydi və Rusiyanın onun sərhədləri çərçivəsində güc nümayişinə şans versəydi, Amerikanın hər yerdə münaqişə ocaqları yaratmasına imkan versəydi, Türkiyə bu gün daha böyük təhlükələrlə üz-üzə qalacaqdı. Bu gün 34 şəhid verib cavab olaraq gücünü göstərdisə, o zaman daha çox şəhid verəcəkdi və proseslərə təsir etmək gücünə malik olmayacaqdı. Necə ola bilərdi ki, demokratikləşmə uğrunda bir çox uğura imza atan Ankara, öz vətəndaşlarına zülm edən diktator rejimi ilə əlaqələrini davam etdirsin, bu, Əsəd rejiminin Suriya xalqına qarşı qəddar müharibəsini təsdiqləmək demək olmazdımı?

Bu məsləyəyə bir qədər beynəlxalq hüquqi rakursdan baxmaq daha məqsədəuyğun olardı. Beynəlxalq hüquq normalarına görə, Ankaranın mövqeyini izah etmək çox vacibdir. Normalda, beynəlxalq hüququn “Humanitar müdaxilə” nəzəriyyəsi  birbaşa olmasa da, dolayı yolla rəsmi Ankaranın əməliyyatının qanuniliyini tanıyır. Daha dəqiq desək, Beynəlxalq hüquqda “humanitar müdaxilə” anlayışı qəbul olunmuş və bundan istifadə də olunmuşdur.

Humanitar müdaxilənin mahiyyəti odur ki, əgər hər hansı dövlətdə diktatura rejimi tərəfindən insan hüquq və azadlıqları pozulursa, insanlar kütləvi şəkildə işgəncələrə məruz qalaraq öldürülürsə, başqa dövlətlər (dövlət) hərbi güc tətbiq edərək bunun qarşısını alır. Bu, hərbi güc tətbiq etmədən daha yüngül formada humanitar yardım və beynəlxalq sanksiyalar formasında da baş verə bilər. Müdaxilə, mütləq dövlətlərin strateji maraqlarına birbaşa təhlükə yaratmayan, əksinə humanitar məqsədlərə səbəb olan vəziyyətlərə cavab olaraq qəbul edilir.

Humanitar müdaxilə mövzusu, xüsusən  NATO – nun 1999-cu ildə Kosovoya müdaxiləsindən sonra daha çox müzakirələr səbəb oldu. Bir çox hallarda dövlətlərin daxili işlərinə qarışmaq kimi dəyərləndirildi və tənqid olundu. Nəzərə alsaq ki, insan hüquqları məsələsi heç bir dövlətin daxili işi deyil (dövlətlər insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mövcud olan beynəlxlaq konvensiyalara qoşulur və onun təmin olunması sahəsində öhdəlik götürürlər. Bu halda insan hüquqlarını təmin etmək onun başlıca məqsədinə çevrilir və bu onun daxili işi ola bilməz) və tənqid bu aspektən doğru ola bilməz.

Dövlətlərin humanitar müdaxilə adı altında öz təcavüzkarlıq niyyətlərini reallaşdırmaları əsas tənqid mövzusu olmalıdır. Bu baxımdan humanitar müdaxiləni tam uğurlu hesab etmək olmaz. Uğurlu alınması üçün onu reallaşdıracaq universal beynəlxalq təşkilat olan BMT var. Bu, BMT-nin xətti ilə həyata keçirilməlidir. BMT nizamnaməsinin 41-ci maddəsinə görə, Təhlükəsizlik Şurası öz qərarlarının həyata keçirilməsi məqsədilə silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan hansı tədbirlərin tətbiq olunması barədə qərar qəbul edə və Birləşmiş Millətlərin üzvlərindən bu tədbirlərin tətbiq olunmasını tələb edə bilər. Həmin tədbirlər iqtisadi münasibətlərin və dəmiryol, dəniz, hava, poçt, teleqraf, radio və digər rabitə vasitələrinin tamamilə və ya qismən dayandınimasını və diplomatik münasibətlərin kəsilməsini özünə daxil edə bilər. 42-ci maddədə isə göstərilir ki, əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 41-ci maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır, o, hava, dəniz və ya quru qüvvələrinin vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər. Həmin tədbirlər Birləşmiş Millətlərin üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər əməliyyatlarını özünə daxil edə bilər.

42-ci maddədə qeyd olunduğu kimi, bu əməliyyat bir dövlət deyil, BMT üzvlərinin hava, dəniz və ya quru qüvvələri tərəfindən həyata keçirilməlidir. Bunun üçün Təhlükəsizlik Şurasının 5 daimi üzvünün razılığı vacibdir. Məhz bu aspekti rəhbər tutaraq, rəsmi Ankaranın mövqeyini beynəlxalq hüquq normalarına və BMT-nin məqsəd və prinsiplərinə zidd hesab etməklə tənqid etmək olar. O zaman başqa sual meydana çıxır: BMT lazım olduğu təqdirdə qərar qəbul etmirsə və Türkiyə üçün real təhlükə varsa, nə üçün təhlükənin daha da yaxınlaşmasını gözləməlidir Türkiyə? Axı Amerika və Rusiya Türkiyədən əvvəl çox pis bir təcrübənin əsasını qoydular (halbuki onlar üçün hər hansı təhlükə yox idi, ərazilərində terror olacağı mümkün deyildi, niyyətləri ancaq işğal idi). Amerikanın İraq, Liviya, Misir siyasəti, Rusiyanın Çeçenistan, Gürcüstan, Ukrayna və Suriya siyəsəti bunun bariz nümunəsidir. Həm ABŞ, həm də Rusiya bu əməliyyatların həyata keçirilməsini BMT Təhlükəsizlik Şurasının üzvləri ilə razılaşdırmamışdılar. Belə olan halda, Türkiyə nə üçün tənqid olunmalıdır? Axı, qeyd etdiyimiz kimi, onlardan fərqli olaraq, Türkiyənin buna haqqı çatır, mövqeyi ədalətlidir, hərbi əməliyyatlar birbaşa onun sərhəddində aparılır.

Digər tərəfədən, Türkiyə NATO-nun üzvüdür, Türkiyəyə qarşı istənilən təhdidə NATO tərəfindən dərhal reaksiya verilməlidir. İdlibdə Türkiyə hərbiçilərinin hücuma məruz qalaraq öldürülməsi sükutla qarşılandı, nə Rusiya, nə də Amerika tərəfindən açıq dəstəklənmədi, Türkiyə meydanda tək qaldı.  Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda çoxları iddia etdi ki, bu, Amerika üçün bir şans oldu ki, Türkiyəyə açıq dəstək versin və münasibətlər istiləşsin. NATO-nun üzvü olan Türkiyənin Rusiya ilə yaxınlaşması ABŞ tərəfindən çox böyük həyəcanla izlənilirdi. Bu məqamdə gözləntilər özünü doğrultmadı və ABŞ-ın mövqeyi bəlli olmadı. ABŞ-ın istəyi odur ki, Türkiyə S-400 hava hücumundan müdafiə sisteminin Rusiyadan alınmasından birbaşa imtina etsin, ABŞ-la Türkiyə münasibətlərinin gərginləşməsinə də səbəb olan amillərdən biri məhz bu idi. Türkiyə isə bundan imtina etməyə hazır olduğunu bildirmədi, bu səbəbdən də Amerika açıq mövqeyini ifadə etmədi.

Nəticə nə olacaq? Nəticənin Türkiyə üçün tam uğurlu alınması bir qədər mübahisəlidir. Nə Rusiya, nə də Amerika regionda güclü, iqtisadi və siyasi baxımdan tam müstəqil olan Türkiyə görmək arzusunda deyil. Türkiyənin real gücə sahib olması onlardan asılı olmadan zamanın diktəsidir. Rusiyanın Türkiyəni meydanda tək qoyması (onu da hələ tam əminliklə söyləmək olmaz) həqiqət olacaqsa, bu, Türkiyə və iqtidarı üçün çox ciddi bir imtahan olacaq.

İndiki şəraitdə Rusiya Türkiyəni müdafiə etmir. Kremlin sözçüsü Dmitri Peskov bildirdi ki, Rusiya xaricində, bütün ölkələrin əsgərləri Suriyada beynəlxalq hüquqa zidd olaraq yerləşdirilib. Rusiyanın təkbaşına verdiyi qərar nə zamandan beynəlxalq hüquq normalarına uyğun hesab olunur? Prezidentlərin Soçi görüşü Rusiyanın indiki mövqeyini inkar etmirmi?

Məsələyə hansı prizmadan yanaşılsa, Türkiyənin daha çox haqlı olması görünür və onlar istəməsələr belə, Türkiyə güc olaraq artıq meydandadır, mövqeyini müdafiə etməkdə qətiyyətlidir, danışıqlar üçün çəkisi olan bir tərəfdir. Bunu rusiyalı politoloqlar da bu günlərdə öz təhlillərində qeyd etdilər və Rusiya-Türkiyə əməkdaşlığının qısa bir zamanda bərpa olunacağına inandıqlarını söylədilər.