XƏBƏR LENTİ

11 İyul 2020
10 İyul 2020

Digər Xəbərlər

23 Mart 2020 - 16:30

Məhkəmə instansiyalarında mülki işlərə baxılarkən, rast gəlinən mübahisəli məsələlər –Hüquqşünas şərhi

Şəfayət HƏSƏNOV

Bakı şəhəri 4 №-li Vəkil Bürosunun vəkili,

Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü

 

“Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilmsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanı ilə bağlı məhkəmə hüquq sistemində geniş islahatlara başlanıb.

İslahatlarda əsas məqsəd məhkəmələrin fəaliyyətlərində ədalət, qanunçuluq, qərərsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi prinsiplərinin gözlənilməsinin, eləcə də Azərbaycan Respublikasının Konstitusiyası və Qanunlarında təsbit edilmiş ədalət mühakiməsinin digər prinsiplərinə riayət edilməsinin təminidir.

Bununla bağlı, ilk növbədə, məhkəmə təcrübəsində mülki işlərə baxılarkən müddətlərin hesablanması, müddət pozuntuları və s. mübahisəli məsələlərin şərh edilməsini zəruri hesab edirəm.

Azərbaycan Respublikasının Mülki Prossesula Məcəlləsinin 216.1-ci maddəsinə əsasən işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Məhkəmə qətnaməsi elan olunana kimi tərtib olunmalıdır (MPM-nin 227.1-cu maddəsi).

Eyni zamanda müstəsna hallarda, xüsusilə mürəkkəb işlər üzrə qətnamənin nəticə hissəsi elan edildikdən sonra əsaslandırılmış qətnamənin tərtib edilməsi 10 gün müddətinədək başa çatdırılmalıdır. Bu halda məhkəmə qətnamənin nəticə hissəsinin elan olunduğu gün onun təsdiq olunmuş surətini işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Sədrlik edən eyni zamanda işdə iştirak edən şəxslərin əsaslandırılmış qətnaməni nə vaxt ala biləcəklərini elan etməlidir.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 №-li Qərarının 2.4-cü bəndinə əsasən Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq isə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Həmin Plenum qərarının 7-ci bəndinə əsasən Apellyasiya instansiya məhkəməsi şikayəti təmin etmədikdə və ya birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirdikdə hansı dəlillərə əsasən şikayətin təmin edilməməsi və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur.

Məhkəmənin qətnaməsi işdə iştirak edən şəxslərə tərtib edildikdən sonra 3 gün ərzində rəsmi qaydada verilməlidir (MPM-nin 227.2 və 227.3-cü maddəsi).

Birinci instansiya məhkəməsində çıxarılmış qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minmiş hesab edilir.

Qərardada gəldikdə, məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianın baxılmamış saxladıqda, eyni zamanda Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır (MPM-nın 263.2 m.).

MPM-nin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad, işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi bu Məcələyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilir.

Eyni zamanda MPM-nin 266-cı maddəsinə müvafiq olaraq məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardad çıxa­rıldıqdan sonra 5 gün müddətində işdə iştirak edən şəxslərə, aidiy­yəti olan digər şəxslərə rəsmi qaydada verilir.

Bu Məcəlləyə müvafiq olaraq şikayət verilə bilən qərardadlar işdə iştirak edən şəxslərə və aidiyyəti olan digər şəxslərə rəsmi qayda­da verilərkən, bu barədə məhkəməyə məlumat verilməlidir.

Əgər qərardaddan şikayət verilmişdirsə, MPM-nin 267-ci maddəsinə müvafiq olaraq məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər.

İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid ol­duğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.

Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.

Şikayətin verilmə müddətinə gəldikdə, MPM-nin 268-ci maddəsinə müvafiq olaraq şikayət qərardad tərəfə təqdim rəsmi qaydada verildikdən sonra 10 gün müddə­tində verilir.

Qərardad, ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərar­dadın elan olunduğu vaxtdan hesablanır.

Qeyd etməyi zəruri hesab edirəm ki, birinci instansiya məhkəməsinin qətanaməsindən Apellyasiya və Kasassiya şikayəti verilə bilər.

MPM-nin 360-cı maddəsinə əsasən Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər.

Apellyasiya şikayəti verən şəxsin birinci instansiya məhkəməsinə təqdim edilməyən yeni sübutlara istinad etməsinə yalnız o hallarda yol verilir ki, o, şikayətdə həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu əsaslandırsın.

Apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir.

MPM-nin 363-cü maddəsinə müvafiq olaraq Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır:

1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu im­zalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa;

2. Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə;

3. Apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdik­dən sonra verilmişdirsə;

4. Apellyasiya şikayətinin icraata qəbul edilməsi haqqında qərardad işdə iştirak edən şəxslərə göndərilənədək şikayəti verən şəxsin onun geri qaytarılması haqqında ərizəsi daxil olmuşdursa;

5. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad çıxarılır.

6. Apellyasiya şikayətinin qaytarılması haqqında qərardad­dan şikayət verilə bilər.

Bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində gös­tərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs ye­nidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraci­ət edə bilər.

Apellyasiya şikayətləri Bakı və Regionlarda olan ixtisaslaşmış Apellyasiya Məhkəmələrinin Mülki Kollegiyasıba göndərilir.

Kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Kollegiyasının işə baxmış birinci instansiya məhkəməsi vasitəsi ilə göndərilir.

Apellyasiya instansiya Məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə ərizəçi və maraqlı şəxslər şikayət verə bilərlər.

MPM-nin 405-ci maddəsinə əsasən Apellyasiya Məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:

1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətinə;

2. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə.

MPM-nin 408-ci maddəsinin müvafiq olaraq aşağıdakı hallarda kasassiya şiakyətləri qaytarılır:

1. kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamış­sa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstəril­məyən şəxs tərəfindən imzalanmışsa;

2. şikayət qətnamə və qərardadı qəbul etmiş məhkəmə vasitəsi ilə göndərilməmişsə;

3. kassasiya şikayətinə vəkilin orderi və müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə;

4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülmək­lə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsa­tət verilməsi təmin olunmamışsa;

5. kassasiya şikayətində maddi və prosessual hüquq nor­malarının pozulmasının, yaxud düzgün tətbiq edilməməsinin nədən ibarət olması göstərilməmişsə;

6. kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qə­rardad işdə iştirak edən şəxslərə göndərilənə kimi şikayəti verən şəxsdən onun geri qaytarılması barədə ərizə daxil olmuşsa;

408.2. Bu Məcəllənin 408.1.1 və 408.1.3- 408.1,5-ci maddələ­rində nəzərdə tutulmuş hallarda kassasiya şikayəti apellyasiya ins­tansiyası məhkəməsi tərəfindən, 408.1.2-ci maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda kassasiya şikayəti kassasiya ins­tansiyası məhkəməsi tərəfindən, 408.1.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olduqda isə kassasiya şikayətinin qaytarıl­ması barədə ərizənin daxil olduğu vaxt işin şikayətlə hansı instan­siya məhkəməsində olmasından asılı olaraq apellyasiya və kassasi­ya instansiyası məhkəmələri tərəfindən qaytarılır.

Kassasıya şikayətinin qaytarılması barədə qərardad çıxarılır.

1. Kassasiya şikayətinin apellyasiya instansiyası məhkəmə­si tərəfindən qaytarılmasına dair qərardaddan kassasiya instansiya­sı məhkəməsinə şikayət verilə bilər.

2. Bu Məcəllənin 408.1.1-408.1.6-cı maddələrində göstəri­lən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yeni­dən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər.

MPM-nin 409-cu maddəsinə müvafiq olaraq.

Apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 407-ci maddəsinin tələblərinə cavab verən kassasi­ya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətinə kassasiya instansiyası məhkəməsinə göndərilir.

Mülki Prosessual qanunvericilikdə istər Apellyasiya (MPM-nin 363-cü maddəsi), istərsə də kasassiya şikayətində (MPM-nin 408-ci maddəsi) qeyd edilən əsaslara görə birinci instansiya məhkəməsinə qaytarıldıqdan sonra qeyd edilən hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya və ya kasassiya şikayəti verə bilər.

Apellyasiya instansiya məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır.

Əgər Apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul edilməmiş hesab edilir və Apellyasiyanın münkünlüyü üzrə məhkəmə qərardad çıxarır.

MPM-nin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Eyni zamanda MPM-nin 385-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün aşağıdakılar əsas hesab edilir.

Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edil­miş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi;

4. birinci instansiya məhkəməsinin qətnamədə göstəril­miş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərin­dən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnamə­si yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Nəzərə almaq lazımdır ki, Apellyasiya instansiyalarında MPM-nin 263.6-cı maddəsinə əsasən məhkəmə tərəfindən qərardad işdə iştirak edən şəxslərin çəkişmə, hüquq bərabərliyi prinsipinin təmin edildiyi, bu Məcəlləyə müvafiq olaraq məhkəmə baxışının ümumi müddəalarına əməl olunduğu bir şəraitdə qəbul edilməlidir.

Fikrimcə, Apellyasiya Məhkəməsinin belə halda tərəflərin iştirakları təmin edilmədən, onların və ya nümayəndələrinin vəsatətləri dinlənilmədən təkbaşına və ya bir neçə hakimin iştirakı ilə baxıb qərardad qəbul edilməsi düzgün deyildir. Bu, kobud prosessual pozuntu hesab edilməlidir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılmalıdır.

“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının Mülki Prosessual baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli Qərarında qeyd edilir ki, Konstitusiyanın 127-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 9.1 və 9.3-cü maddələrində qeyd edilmişdir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

Göründüyü kimi, birmənalı olaraq Apellyasiya Məhkəməsi bütün hallarda apellyasiya şikayətinin mümkünlüyünü yoxlayarkən Konstitusiyanın 127-ci maddəsi və Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarının tələblərinə riayət etməlidir.

Odur ki, qeyd edilən mübahisəli məsələlərə ya Ali Məhkəmə və ya da Konstitusiya Məhkəməsi tərəfindən aydınlıq gətirilməsi zəruridir.

“Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-cu il tarixli Fərmanının 3.8-ci bəndində qeyd edildiyi kimi, Mülki işlərə, habelə İnzibati Xətalara, İqtisadi və İnzibati Mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəyişdirilməsi məhkəmə prosesi, tərəflərin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi ilə bağlıdır.

Məhz buna görə də Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli Qanununa əsasən MPM-də aşağıdakı məzmunda 97.4.1-ci maddəsində əlavə edilmişdir.

MPM-nin 97.4.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər ekspert tədqiqatının obyekti kimi əşya və sənədləri təqdim etmək hüquqna malikdirlər. Məhkəmə təqdim edilmiş əşya və sənədləri ekspert tədqiqatının obtyekti kimi qəbul etmədikdə, bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir.

MPM-nin yeni redaksiyada verilmiş 101-ci maddəsi ekspert rəyi, 101.1-ci maddəyə əsasən işdə iştirak edən şəxslərin təşəbbüsü ilə ekspertizanın aparılması və s. qeyd edilmişdir. Bunları geniş şərh etməyə ehtiyac duymuram. Lakin burada mübahisə doğuran bir məsələni qeyd etməyi zəruri hesab edirəm.

“Eleketron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının 09 mart 2004-cü il tarixli Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, elektron imza və elektron sənəd müvafiq vasitələr tətbiq olunmuş bütün fəaliyyət sahələrində istifadə oluna bilər. Elektron sənəd vasitəsilə rəsmi və qeyri-rəsmi yazışmalar, hüquqi məsuliyyət və öhdəliklər doğuran sənəd və informasiya mübadiləsi aparıla bilər.

Həmin Qanunun elektron imza və elektron sənədin hüquqi qüvvəsi haqqında 3-cü maddəsinə əsasən:

3.1. Elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz.

3.2. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir.

3.3. Təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur.

3.4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu Qanunun 3.2-ci, 3.3-cü maddələrinə müvafiq qaydada imzalanmış elektron sənəd şərtlərə cavab verən hesab edilir.

Odur ki, bütün hallarda istər məhkəmə ekspertizası (mühasibat, əməttəşünaaslıq, sənədlərin texniki və xətşünaslıq və s. ekspertizalar) tədqiqat üçün həmin Qanunun 3.1-ci maddəsində qeyd edilən formada hazırlanmış sənədlər ekspertiza tədqiqatı üçün yararlı hesab edilmir.

Eyni zamanda, bütün hallarda həmin Qanunun 3.4-cü maddəsində qeyd edildiyi kimi, Azərbaycan Respublikasının Qanunvericiliyi ilə sənədin yazılı şəkildə təqdim olunması tələb olunduqda bu qanunun 3.2-ci və 3.3-cü maddələrinə müvafiq qaydaa imzalanmış elektron sənəd şərtlərə cavab verən hesab edilir. Bu, eyni zamanda məhkəmə aktlarına da şamil edilməlidir.

MPM-ə edilən yeni dəyişikliyə əsasən aşağıdakı məzmunda əlavə edilən 418.6-cı maddəsinə görə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.

01 mart 2020-ci il tarixdə Mülki Prosessual Məcəllədə qüvvəyə minən maddələrin tətbiqi, fikrimcə, mülki işlərin tam və ətraflı, qərəzsiz həllinə şərait yaradacaqdır.

Mübahisəli məsələlərdən biri də prosessual müddətlərin müəyyən edilməsi və hesablanması məsələsidir.

MPM-nin 129.2-ci maddəsinə əsasən müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü hesab edilir.

Əmək Məcəlləsinin 90-cı maddəsinə əsasən bir qayda olaraq 2 (iki) istirahət günü olan beş günlük iş həftəsi müəyyən edilir.

İstehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq Nazirlər Kabineti tam iş vaxtının müddəti çərçivəsində altı günlük iş həftəsi müəyyən edilə bilər.

Əmək Məcəlləsinin 105, 107-ci maddəsinin müvafiq olaraq bayram, səsvermə və ümümxalq hüzn günləri qeyri iş günləri hesab edilir.

Bütün instansiyada olan məhkəmələr beşgünlük iş həftəsində fəaliyyət göstərir.

Əgər qərardad sonuncu iş günü, yəni beşinci gün göndərilibsə və tutaq ki, Novruz Bayramı günlərinə düşübsə burada müddəti 10 gün nəzərdə tutulan qərardadın qeyri-iş günündə 5 günü itir. MPM-nin 130.2-ci maddəsinə əsasən prosessual müddətin keçməsi prosessual vəzifələrin yerinə yetirməkdən azad etmir. Belə zidiyyətli məqamların necə tənzim edilməsi isə Mülki Prosessual qanunvericilikdə ətraflı qeyd edilməmişdir.

Odur ki, bu məsələyə aydınlıq gətirməklə yanaşı, fikrimcə, qərardaddan şikayət vermə müddətinin artırılmasını məqsədəmüvafiq hesab edirəm.

Hələ birinci instansiya və ya Apellyasiya Məhkəməsinin qərardadından şikayət verilərkən və iddiaçının və ya cavabdehin şikayətinə etiraz edildikdə, vaxt itkisinə görə, 10 gün müddətində bunları etmək mümkün olmur.

Odur ki, məsələlərə aydınlıq gətirilməlidir.

Beləliklə də, “Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında” qeyd edilən firmanın tələblərinə uyğun olaraq mülki və cinayət prosessual məcəllələrdə və digər normativ aktlarda edilən dəyişikliklər, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi ədalət mühakiməsinin obyektivliyinə və müdafiə institutunun təkmilləşdirilməsinə şərait yaradacaqdır.