XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2020 - 15:17

Hüquqşünas Yalçın İmanov yazır:"GÜNDƏMƏ ALDANANLAR..."

Yalçın İMANOV, hüquqşünas

 

Gündəm – carilikdir. Gündəmə köklənmək cariliyə köklənməkdir. Yox, mən demirəm gündəmin təklif elədiyi mövzular qulaqardına vurulmalı, günlüyün yaratdığı çox vacib problemlər diqqətdən kənarda qalmalıdır. Əsla!

Gündəm menyusunda seçim iradəvi olmasa da, buna mümkün qalıcılıq elementləri qatılmalı, günlüklərin adi, maraqlı, inanılmaz sürətlə dəyişən axarında ən vacib, ən mühüm və həlli zəruri suallara cavab axtarılmalıdır.

Qalıcılıq olmayanda gündəm, sadəcə, şəhadət barmağının islanmış ucuyla çevrilən qəzet səhifəsi kimi bir şey olur. Gündəmlə çevrilən səhifə tarix olmur! Uzağı, nəsə solğun, boz və statistik bir şey!

Bu mənada, məşhur “gündəmi dəyişmək istəmirəm, amma…” klişesini qatlayıb bir kənara tullamaq lazımdır.

Gündəm bir sıra hallarda tələdir, avtoritar rejimlərin idarəetmə üsulu, saqqızı, yemidir. Onunla yemləyir, onunla bəsləyirlər. O, daim ac, iştahlı və mırıq ağzını açıb yeni, maraqlı mövzular tələb edir və pisi də odur ki, bu mövzuların xalqa ən çox dəxli olanının belə, 2-3 günlük canı olur. Sonra heç nə! Heç nə olmamış kimi, hər şey unudulub gedir və növbəti maraqlı mövzu axtarışı başlanır.

Maraqlılıq instinkti, maraqlı olmaq təklifi və tələbi təkcə insani münasibətlərdə deyil, tarixi baxımdan da yanlış və aldadıcıdır.

Gündəmin zənginliyi və maraqlılığı onun məzmun yoxsulluğu və statikliyindən xəbər verir!

Gündəmin önə çıxardığı mövzuların iyerarxiyasını onun əhəmiyyəti və vacibliyi müəyyən etmir. Mövzuları -problemləri sıralamaq ictimai rəyin kompetensiyasında deyil, adətən, konyunktur çoxluğun mütəşəkkil mövqeyindən asılıdır. Yoxsa mən heç vaxt dərk edə və anlaya bilməzdim ki, necə olur, gənc, işıqlı bir insanın ağır cinayətdə gözgörəti şərlənməsi hansısa yüzüncü dərəcəli mövzuya uduzur, özü də böyük hesabla.

Əsas məğzdən yayınma və çoxsözlü sükut gündəmin yaratdığı fenomenlərdən biridir. Başqa sözlə desək, ictimai tələbat gündəmdə meyar, indikator deyil, uzağı, fakültətiv əlamətdir.

“Sizin gözləntiləriniz sizin probleminizdir” – gündəmin adamın sifətinə çırpdığı sərt gerçəklik və əbləh həyat həqiqəti budur!

***

Gündəm – idrakın ən etibarsız mənbəyidir. Onda ümumxalq əlaməti nadirən baş verir, əksər halda fərdi və icma maraqlarının təzahürü, ifadə üsulu, üslubudur. Duyğu istismarı və qara əyləncə onun daha çox nəzərə çarpan keyfiyyət əlamətlərindən biri kimi təzahür edir.

Gündəmə istinad elmi, ən başlıcası isə strateji və səmərəli deyil. Onunla yola çıxmaq və hədəfə çatmaq mümkün deyil. Vur-tut, bir-iki həftə əvvəlin hay-küylü, ölkənin əsas problemlərindən (Qarabağ) biri ilə birbaşa bağlantısı olan “Xudafərin” və “Qız qalası” hidroqovşaqlarının inşasını indi neçə adam xatırlayır?

Gündəm effektə hesablanıb və mövsümi xarakter daşıyır.

Gündəmə uyanlar gündəmi dəyişmək istəməyənlərdir. Gündəmi dəyişənlər ona aldanmayanlar və yaxud da onda ən vacib konteksti arayanlardır.

Gündəmi dəyişməyənlər daima onun ardınca yortalayacaqlar və nəhs günlərin birində ayılacaqlar ki, bütöv bir ömür gündəmin miskin arxivinə çevrilib.

Günlük, ən yaxşı halda bir neçə günlük mövzularla, uzağı, gün ovutmaq, vaxt öldürmək olar. Bu baxımdan, o həm də zamanın hissolunmaz qatilidir.

Gündəmin qapalı dairəsindən, günlüyün mənasız aldanışından çıxmaq, qurtulmaq lazımdır.

“Gündəmi dəyişmək istəmirəm, amma…”nın əvəzinə “gündəmi dəyişmək istəyirəm, amma…”!

Novator.az