XƏBƏR LENTİ

05 Avqust 2020
04 Avqust 2020

Digər Xəbərlər

30 İyul 2020 - 20:20

Vəkillər Kollegiyasında İşçi Qrupu yaradıldı –Erməni təcavüzü ilə bağlı

Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin videokonfrans formatında ölkə üzrə 60-dan çox vəkil qurumlarının rəhbərlərinin və 80-dən çox vəkilin iştirakı ilə geniş tərkibdə iclası keçirilib.

VK-dan Strateq.az-a verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələrinə uyğun olaraq onlayn şəkildə keçirilən iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov iclas iştirakçılarına Kollegiyanın cari fəaliyyəti barədə məlumat verib, bu dönəmdə vəkillərimizin karantin, habelə peşə etikası və davranış qaydalarına ciddi şəkildə riayət etmələrinin zəruriliyi barədə fikirlərini bölüşüb.

Bununla yanaşı, iclasda vəkillik fəaliyyəti zamanı qeyri-prosessual münasibətlərə yol açan, habelə korrupsiya hüquqpozmaları və ya korrupsiyaya şərait yaradan hüquqpozmalarla nəticələnə bilən hər bir hərəkətin yolverilməz olduğu xüsusilə qeyd edilməklə, vəkil qurumları və bütün vəkillər tərəfindən bu kimi məsələlərin diqqətdə saxlanılmasının zəruriliyi vurğulanıb, bu işdə vəkil qurumlarının rəhbərlərinin üzərinə böyük məsuliyyətin düşdüyü bildirilib.

Daha sonra iclasda Hüquqi Yardım və Tədris Mərkəzinin rəhbəri Şahmar Məmmədov dövlət hesabına göstərilən hüquqi yardıma görə ödənilən vəsaitlərin cari vəziyyəti, bu sahədə fəaliyyətin daha da səmərələşdiriməsinin yolları barədə fikirlərini bölüşüb, bir sıra vəkil qurumlarının rəhbərləri – Bakı şəhəri 4, 7, 20 saylı və digər vəkil bürolarının rəhbərləri Ramiz İbrahimov, Qəmizə Qəhrəmanova, İlhamə Həsənova, Rövşən Mərəndskiy iclasda qurumların fəaliyyətləri ilə bağlı məlumat verib və səmərəli təkliflərlə çıxış ediblər.

Sonra vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarını və Ədliyyə Akademiyasında icbari təlimi uğurla başa vuran vəkilliyə namizədlərin onlayn andiçmə mərasimi keçirilib, 2 nəfər yeni üzv vəkilliyə qəbul olunub.

Eyni zamanda, səhhətlərindəki problemlərlə və onların müalicəsi ilə bağlı Kollegiyaya müraciət etmiş vəkillərin müraciətlərinə baxılmış, onların müxtəlif müddətlərə üzvlük haqqından azad olunması barədə müvafiq qərar qəbul olunub.

İclasda avqust ayı üçün vəkillərin növbətçilik siyahıları təsdiq edilmiş, vəkillərin fəaliyyət göstərdikləri qurumdan başqa quruma keçmələri ilə bağlı məsələlərə baxılaraq müsbət qərar verilib.

Eyni zamanda, iclasda Rəyasət Heyətinin qərarı ilə son dövrlər baş verən erməni təcavüzü ilə bağlı vətəndaşlarımızın hüquqlarının bərpası məqsədilə “Erməni təcavüzü nəticəsində hüquqları pozulmuş şəxslərə yardım üzrə” İşçi Qrup yaradılıb. Rəyasət Heyətinin üzvü, hüquq elmləri doktoru Turqay Hüseynov qrupun rəhbəri təyin olunub.

Sonda Vəkillər Kollegiyasının fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılıb.