XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

18 Mart 2016 - 23:43

Kredit borcuna görə cinayət məsuliyyəti yoxdur

bank kredit

 

Borclu hansı hallarda cinayət məsuliyyətinə cəlb edilə bilər?

 

Azərbaycan vətəndaşlarını ən çox narahat edən problemlərdən biri də banklara olan kredit borclarını ödəyə bilməməsidir. Xeyli vaxtdır müxtəlif  KİV-lərdə borcunu ödəyə bilməyənlərin cinayət məsuliyyətinə cəlb olunacağı və bu məsuliyyətin həbslə nəticələnəcəyi barədə məqalələr yayılır. Hətta televiziyalarda bu barədə süjetlər yer alıb. Bu səpkili məlumatların banklar tərəfindən məqsədli şəkildə yayıldığı, əhalidə xof yaradaraq, nəyin bahasına olursa olsun, borclarını ödətdirməyə nail olmaq üçün KİV-də belə yazılar yazdırdıqları barədə də məlumatlar var. Həmçinin kredit borcuna zamin durmuş şəxsin bir neçə gün öncə məhkəmə tərəfindən inzibati həbslə cəzalanması da medianın gündəminə çıxıb.

Bəs hüquq nə deyir, hansı hallarda kredit borcunu ödəməməyə görə hansı məsuliyyət nəzərdə tutulub, hansı hallarda həbslə üzləşmək təhlükəsi var?

Strateq.az bu məsələ ilə bağlı qanunvericilikdə hansı müddəaların nəzərdə tutlduğunu araşdırıb.

 

Müqavilə öhdəliyinə görə nə inzibati və cinayət məsuliyyəti yoxdur

 

İlk olaraq qeyd edək ki, kretit müqaviləsi üzrə öhdəliyini yerinə yetirə bilməyən şəxs nə cinayət, nə də inzibati xətalar məcəlləsinə əsasən məsuliyyətə cəlb edilə bilməz. Çünki kredit müqavilə öhdəliyidir və  “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair 4 saylı Protokolun 1-ci maddəsinə əsasən, heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Azərbaycan bu Konvensiyanı təsdiq etdiyinə görə, bu müddəa ölkəmiz üçün də keçərlidir.

Müqavilə öhdəliyinə görə şəxs ancaq mülki qaydada məhkəməyə verilə bilər. Cinayət məsuliyyəti isə məhkəmənin qərarını qərəzli şəkildə icra etmədikdə yaranır. Bu halda Cinayət Məcəlləsinin 306-cı (Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə) maddəsi ittiham irəli sürülür. Beləliklə, kreditin ödənilməməsinə görə cinayət məsuliyyətinin yaranması üçün borcun ödənilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmalı və həmin qərar qərəzli şəkildə borclu tərəfindən icra edilməməlidir. Həmçinin məhkəmə qərarını üzrlü səbəbdən icra etməyən borclu ilk olaraq inzibati xətalar məcəlləsinə əsasən məsuliyyətə cəlb edilməli və yalnız bundan sonra cinayət məsuliyyətinə cəlb edilə bilər. Yuxarıda qeyd etdiklərimizdən belə nəticəyə gəlmək olar ki, cinayət məsuliyyəti konkret hansısa borcun qaytarılmaması ilə əlaqəli deyil, cinayət məsuliyyəti yalnız məhkəmə qərarının icra edilməməsi ilə bağlıdır. Bir sözlə, kreditin ödənilməməsi ilə bağlı cinayət məsuliyyəti yalnız və yalnız  məhkəmə qərarı qərəzli şəkildə icra edilmədikdə yarana bilər.

 

Bank borclunu yalnız mülki qaydada məhkəməyə verə bilər

 

İndi isə müqavilə öhdəliyinin yerinə yetirilməməsi zamanı hüquqi cəhətdən atılacaq addımlara və yarana biləıcək mümkün hallara qanunvericilik çərçivəsində baxaq.

Bank kredit borcunun hər hansı bir səbəbdən ödəməyən borclunu məhkəməyə verə bilər. Bank borclunu məhkəməyə verdikdən sonra, məhkəmə müvafiq olaraq qətnamə və ya əmr qərar qəbul edəcək. Əgər borclu məhkəmə qərarı ilə razı deyilsə, məhkəmənin qərarından şikayət verə bilər. Məhkəmə qətnaməsindən onun rəsmi qaydada alındığı gündən etibarən 1 ay ərzində şikayət verilə bilər, məhkəmə əmrindən isə 10 gün ərzində onu qəbul etmiş məhkəməyə etiraz verilə bilər.

Əgər şikayət verilməsə, məhkəmə qərarı qüvvəyə minəcək və artıq növbəti – icra mərhələsinə keçəcək. Qanunvericiliyə əsasən, borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir.

İcra mərhələsində icra məmuru borclu şəxsə ilk olaraq tələbin könüllü icrası ilə bağlı bildiriş göndərməlidir. Könüllü icra üçün maksimum 10 gün vaxt verilir. Bu müddət keçdikdən sonra icra məmuru məcburi icra tədbirləri həyata keçirməyə haqlıdır. Məcburi icra hərəkətlərinə aiddir: borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi, tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi, tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi və sair tədbirlər.

Əgər borclu şəxsin məhkəmə qərarını icra etməyə maddi durumu imkan vermirsə, bu barədə rəsmi qaydada könüllü icra barədə bildiriş aldıqdan sonra, gecikmədən icra məmuruna məlumat verilməlidir. 

Qanunvericilik məhkəmə qərarının icrasına möhlət verilməsini və ya qərarın hissə-hissə icra edilməsini də nəzərdə tutur. Məhkəmə hesab etsə ki, qərarın icra edilməsinə möhlət verilməsi və ya hissə-hissə icra edilməsi üçün kifayət qədər ciddi səbəblər var, belə olan halda, məhkəmə bu barədə qərar qəbul edə bilər. Əgər məhkəmə qərarı və yaxud icra məmurunun qanuni tələbləri üzrsüz səbəbdən icra edilmədikdə, borclu şəxs beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək müddətə inzibati həbs tətbiq oluna bilər.

 

Hansı halda cinayət məsuliyyəti yaranır?

 

Borclu şəxs yenidən məhkəmə qərarını qərəzli şəkildə icra etmədikdə, artıq cinayət məsuliyyətinə cəlb etmək üçün əsaslar yaranır.  Əgər məhkəmə qərarının qərəzli şəkildə icra edilməməsi sübuta yetirilərsə, borclu min manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri  və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.

Göründüyü kimi, inzibati və cinayət məsuliyyəti yalnız o halda yarana bilər ki, kreditin ödənilməsi barədə məhkəmə qərarı olsun və borclu şəxs üzrsüz səbəbdən və qərəzli şəkildə qətnaməni icra etməsin.

Aruz

Strateq.az