XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Aprel 2016 - 20:23

Ölkədən çıxışa qadağa ilə bağlı yeni qayda –SMS alacaqsınız

Ölkədən çıxışa qadağa

Banka olan borcla əlaqədar çox sayda şəxsin ölkədən çxışına qadağa qoyulub. Hətta kredit müqaviləsi zamanı zamin durmuş şəxslərə də eyni hal tətbiq edilir.

Strateq.az xəbər verir ki, çıxışına qadağa qoyulmuş şəxslər bir çox hallarda bundan xəbərsiz olur və yalnız ölkəni tərk etmək istəyən zaman Dövlət Sərhəd Xidmətində məlum olur ki, onun adının qarşısında STOP qoyulub.

DSX rəsmiləri isə bildirirlər ki, qadağa kredit borcuna görə Ədliyyə nazirliyi tərəfindən qoyulur. Bank mütəxəssisləri bildirirlər ki, problemli kreditlərin sayı artığı üçün banklar müştəriyə təzyiq vasitəsi kimi onların ölkədən çıxışına qadağa qoyulmasına üstünlük verirlər. Bu zaman banklar məhkəmədə işə əmr icraatı qaydasında baxılmasına çalışırlar. İddia icraatından fərqli olaraq, əmr icraatı qaydasında işə tərəflərin iştirakı olmadan və məhkəmə baxışı keçirilmədən baxılır.

Bunun əsas səbəblərindən biri də odur ki, iş daha sürətli gedir, yəni 3 gün ərzində qərar qəbul edilir, həmin qərar verildiyi vaxtdan 10 gün keçəndən sonra isə 1 ay ərzində icraya yönəldilir. Əgər vətəndaş məhkəmə əmrindən narazıdırsa, onu aldığı vaxtdan 10 gün müddətində məhkəməyə yazılı etiraz verə bilər. Bu halda məhkəmə əmri ləğv edərək işə iddia icraatı qaydasında baxır. Bu hal ona görə təzyiq vasitəsi hesab olunur ki, əgər vətəndaş xarici ölkəyə gedərkən onun ölkədən çıxışına qadağa qoyulması məlum olursa, o zaman vətəndaş həmin borcu ödəmək məcburiyyətində qalır.

Ancaq qanunvericiyə əsasən, vətəndaşın ölkədən çıxışına qadağa qoyulması barədə iki mərhələli məhkəmə qərarı əsasında mümkündür. Belə ki, bank kreditin qaytarılması ilə bağlı həm borcalana, həm də zaminə qarşı iddia qaldırdıqdan sonra, məhkəmə borcun tutulması ilə bağlı qərar verərsə, iş icra məmuruna gedir. Bu halda da borc öfənilməzsə, icra məmuru vətəndaşların ölkədən çıxışına qadağa qoyulması ilə bağlı məhkəməyə müraciət edə bilər. Ancaq ölkəni tərk etməyə qadağa o halda qoyula bilər ki, vətəndaş üzürsüz səbəbdən ödəniş etmir. Ancaq bütün hallarda vətəndaş bu prosedurlar və qərarlarla bağlı məlumatlandırılmalıdır.

Yuxarıda da qeyd etdiyimiz kimi, təcrübədə çox sayda vətəndaşın xəbərdar olmadığı halda, ölkədən çıxışına qadağa qoyulması halalrı mövcuddur.

Ədliyyə Naziriyi bu problemin həlli üçün elektron xidmət hazırlayıb. Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin Dövlət reyestrləri idarəsi tərəfindən təqdim edilən xidmət qüvvədən düşmüş sənədlərin dövlət reyestrində toplanılan informasiya əsasında fiziki və hüquqi şəxslərin məlumatlandırılması ilə bağlıdır.

Bir çox məlumatlarla yanaşı, vətəndaşlara yeni xidmət çərçivəsində məhkəmə qərarlarının icra olunmaması ilə əlaqədar sərhədkeçməyə dair qadağaların qoyulması və onların aradan qaldırılması barədə məlumatın ötürülməsi imkanı da yaradılıb. Həmin xidmət vətəndaşın məhkəmə tərəfindən çıxarılan qərar barədə məlumatı vaxtında əldə edərək, onun icrası və qadağanın aradan qaldırılması üçün zəruri tədbirlərin görülməsinə imkan verəcək.

Ölkədə fəaliyyət göstərən mobil operatorlarla razılıq əldə olunaraq yuxarıda göstərilən məlumatlar onların yaranmasına səbəb olan hallar baş verdikdən dərhal sonra şəxsin adına olan və hazırda istifadə edilən mobil telefonlarına göndəriləcək. Hər bir şəxsə göndərilən ilk məlumatlandırma mesajı ödənişsiz olacaq və ona belə məlumatın daim alınması təklif ediləcək.

Sistemin abunəçisi olan şəxslər bundan sonra belə məlumatları aldıqda öz mobil operatorlarına yalnız qısa mesaj xidmətinə görə haqq ödəyəcəklər.

Məlumatlandırma xidməti çərçivəsində vətəndaşlara şəxsiyyət vəsiqəsinin, ümumvətəndaş, xidməti və diplomatik pasportların, sürücülük vəsiqəsinin, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələrin, notariat qaydasında təsdiq edilən etibarnamələrin, ölkə ərazisində müvəqqəti və daimi yaşamaq üçün icazə vəsiqələrinin, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnamənin qüvvədən düşməsi barədə də məlumat veriləcək.

Yeni xidmət hüquqi və fiziki şəxslər üçün həmin məlumatın daha rahat və operativ əldə edilməsini təmin edərək öz sənədlərinin hüquqi statusu barədə daim məlumatlı olmasına, hüquqi qüvvəsini itirmiş sənədlərin vaxtında dəyişdirilməsinə şərait yaradacaq.

Aruz

Strateq.az