XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

17 May 2016 - 10:49

Hüquqşünas baxışı:Bank-kredit münasibətlərində mübahisəli məsələlər

zakir-2-41

Zakir ŞİRİYEV, hüquqşünas

 

Hazırda əhalinin diqqətdə saxladığı mövzulardan biri bank-kredit münasibətlərində mövcud olan mübahisəli məsələlərdir. Bu mübahisələrə son verməyin yolu isə, təbii ki, ilk növbədə qanunvericiliyin tələblərinin aydın şərh edilməsindən və cəmiyyətə doğru-dürüst informasiyanın çatdırılmasından keçir. Biz də cəmiyyətdə yaranmış bu ehtiyacı nəzərə alaraq, bank-kredit münasibətlərində ortaya çıxan problemlərə münasibət bildirmək qərarına gəldik. 

Məlum olduğu kimi, bank hüquqi şəxs olub, sahibkarlıq subyektidir (Konstitusiyanın 59-cu maddəsi).

Banklar haqqında Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli Qanunun 1-ci maddəsinə əsasən, bank fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsini, öz adından və öz hesabına kreditlərin verilməsini, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən hüquqi şəxsdir.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, bank krediti – bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komissyon haqlar) ödənilmək şərti ilə, təminatlı və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc, qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquqda kredit anlayışına daxildir.

Həmin Qanunun 36-cı maddəsinə müvafiq olaraq, müştərilər bank fəaliyyətinin bütün  növlərinin həyata keçirilməsi üçün bankları müstəqil seçirlər və bu məqsədlə  bir və ya bir neçə bankların xidmətlərindən istifadə edə bilərlər.

Qüvvədə olan qanunvericiliyə uyğun olaraq, bank müştərisinin, yaxud onun müştərisi olmaq istəyən hüquqi və fiziki şəxsin tələbi ilə öz bank lisenziyasını, maliyyə vəziyyəti haqqında məlumatı (sonuncu ay, rüb və il üçün mühasibat balansını, mənfəət və zərər haqqında hesabatı) və sonuncu hesabat ili üçün auditor rəyini təqdim etməyə borcludur.

Eyni zamanda hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komissyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qeydiyyatlarını müəyyən etməkdə sərbəstdir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) zamanı köhnə nominal pul nişanlarının yeni nümunəli pul nişanlarına dəyişdirilməsinə görə banklar tərəfindən komissyon haqqı və digər ödənişlər tutulmur.

Kreditlər üzrə faizlərə gəldikdə, banklarla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğində hesablanır.

Aşağıdakı əsaslar olduqda, Bankın kredit verməkdən imtina etmək hüququ vardır (Qanunun 40-cı maddəsi):

1. Kreditin verilməsinə və onun şərtlərinə dair bankın Müşahidə Şurasının razılığı olmadıqda və bankın İdarə Heyətinin bu barədə yekdilliklə qəbul edilmiş qərarı olmadıqda;

2. Kreditin verilməsi nəticəsində bank tərəfindən həmin hüquqi şəxs üçün verilmiş kreditlərin məcmu miqdarı bank məcmu kapitalının 10 faizinə bərabər məbləği, fiziki şəxs üçün isə 3 faizinə bərabər məbləği keçdikdə;

3. Kreditin verilməsi nəticəsində bank tərəfindən bütün aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə verilmiş kreditlərin məhz bu adları bankın məcmu kapitalının 20 faizinə bərabər məbləği keçdikdə.

Qeyd edilən Qanunun 40.2-ci maddəsinə əsasən, aidiyyəti şəxslərə və aidiyyəti şəxs adından hərəkət edən şəxslərə krediti qeyd edilən bu 3 halda tələblər pozulmaqla verildikdə, həmin kredit dərhal ödənilməlidir.

Belə halda bankın Müşahidə Şurasının və İdarə Heyətinin üzvləri bu Qanunun 40.1-ci maddəsini pozmaqla verilmiş kreditlər üzrə əsas məbləğin, faizlərin və digər ödənişlərin ödənilməsi üçün məsuliyyət daşıyırlar.

Eyni zamanda, bankların aidiyyəti şəxslərə və aidiyyəti şəxsin adından hərəkət edən şəxslərə digər müştərilərindən fərqli olaraq güzəştli kreditlərin verilməsi və ya güzəştli şərtlərlə digər əməliyyatların aparılması qadağandır.

Milli Məclisin 9 may 2016-cı il tarixli plenar iclasında müzakirə olunaraq  təsdiq edilən “Banklar haqqında” Qanunun 40-cı maddəsindəki dəyişikliyə əsasən, banka aidiyyəti  olan şəxslə  dəyəri bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar bank tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüquq olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul ediləcəkdir.

Eyni zamanda səhmdarların ümumi yığıncağının səlahiyyətinə aid olan hallar istisna olmaqla, aidiyyəti şəxslərlə dəyəri bankın aktivlərinin 5%-dək hissəsini təşkil edən əqdin  bağlanması haqqında qərar qəbul etmək Müşahidə Şurasının səlahiyyətində qalıb.

Həmçinin həmin qanunun 40-cı maddəsinə edilən dəyişikliyə əsasən, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-ni və daha çox hissəsini təşkil etdiyi halda, müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcək. Həmçinin, aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5%-dək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna olmaqla, Müşahidə Şurasının qərarı olmadıqda banklar aidiyyəti şəxslərə kredit verə bilməyəcəklər.

Aydınlaşdırılası məsələlərdən biri də götürülən kreditin hansı valyuta ilə olmasıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının pul vahidi manatdır.

Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının milli valyutası manatdır.

Azərbaycan Respublikasının banklarda və digər kredit təşkilatlarında hesablarda olan manat vəsaiti “milli valyutada qiymətli kağızlar” manatla ifadə edilmiş ödəniş sənədləri (çeklər, verseller, akkreditivlər və s), fond sərvətləri səhmlər, istiqrazlar və digər borc öhdəlikləri bura daxildir.

Xarici valyutaya gəldikdə isə xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və ya hesablaşma vahidlərində hesablarda olan vəsaitlər, xarici valyutada qiymətli kağızlar xarici valyutada istifadə edilmiş ödəniş sənədləri (çeklər, veksellər, akkreditivlər və s), fond sərvətləri (səhmlər, istiqrazlar) və digər borc öhdəlikləri və s. hesab edilir.

Həmin Qanunun 5-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisi vahid valyuta ərazisidir və bu ərazidə milli valyuta kimi manatın alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən pul-kredit və valyuta siyasəti yeridilir.

Azərbaycan Respublikasının valyuta ehtiyatları və milli valyutanın alıcılıq qabiliyyətini qorumaq, dövlətin iqtisadi tələbatı və sosial inkişafı ilə bağlı ehtiyaclarını ödəmək, xarici borcun ödənilməsi sahəsində öhdəlikləri yerinə yetirmək məqsədi ilə mərkəzləşdirilmiş xarici valyuta və digər valyuta sərvətləridir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının 1995-ci il 4 aprel tarixli Qanunu ilə Cinayət Məcəlləsinə əlavə edilən 154.4-cü maddəsinə əsasən, valyuta tənzimi qaydalarının pozulması, yəni, valyuta tənzimi haqqında Azərbaycan Respublikasının qanunvericiliyini pozmaqla valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması və ya dəyişdirilməsi, yaxud ödəniş vasitəsi kimi qəbul edilməsi, bu əməl eyni hərəkətlər üçün inzibati tənbeh verildikdən sonra il ərzində yenidən törədildikdə, valyuta sərvətləri külli miqdarda olduqda və ya eyni hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs və ya bu əməl üstündə əvvəllər məhkum edilmiş şəxs tərəfindən törədildikdə və ya valyuta sərvətləri xüsusilə külli miqdarda olduqda Azərbaycan Respublikasının CM-nin 154.4-cü maddəsi ilə cinayət məsuliyyətinə səbəb olurdu.

2000-ci ilin sentyabr ayında qüvvəyə minmiş yeni Cinayət Məcəlləsindən həmin maddə çıxarılmışdır. Çünki xarici valyutanın alışı və satışı, habelə respublika ərazisində ödənişlərin milli valyuta ilə tənzimlənməsi mexanizmi təkmilləşdirilmiş və xarici valyuta ödəniş vasitəsi kimi milli valyutaya dəyişdirildikdən  sonra mümkünlüyü qanunvericilik normaları ilə tənzim edilmişdir.

Eyni zamanda Azərbaycan Respublikası beynəlxalq iqtisadi əlaqələrdə fəal iştirak etməklə investisiya qoyuluşu və s. iqtisadi münasibətlərdə xarici valyuta önəmli yer tutmağa başlamışdır. Məhz buna görə də müştərilərin istəyi ilə kreditlərin xarici valyuta ilə verilməsi və qaytarılmasındakı mübahisəli məsələlərə Konstitusiya Məhkəməsi aydınlıq gətirmişdir.

Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Plenum qərarı ilə xarici valyuta ilə götürülmüş kreditlərin qaytarılması ilə bağlı qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

Odur ki, Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum qərarı ilə hansısa arqumentlərə görə bu məsələyə qayıtmağa son qoyulmuşdur.

Eyni zamanda dünyada gedən iqtisadi böhran maliyyə-bank sektoruna zərər vurmuşdur.

Bankların və kredit təşkilatlarının iqtisadi böhran olacağı təqdirdə kredit-müştəri münasibətlərində bağlanmış müqavilə ilə əlaqədar proqnoz əsasında öz üzərinə hər hansı öhdəçilik götürməsi mümkünsüzdür.

Bu məqsədlə, dövlətin münasibətinə gəldikdə, bütün hallarda bank-kredit münasibətlərində işlərin müsbət istiqamətdə icrasına nəzarət edilir və əməli tədbirlər görülür. Lakin nəzərə almaq lazımdır ki, ölkəmiz MDB məkanında soyqırım, deportasiya və məcburi köçkünlər problemi ilə yanaşı, ərazisinin iyirmi faizinin işğalına məruz qalıb. Məhz buna görə də ordu quruculuğu, müdafiə sənayesi, müasir silahların alınması və s. işlərə xeyli vəsait ayrılır və əməli tədbirlər görülür. Odur ki, bunlar da nəzərə alınmalıdır.

Banklardan götürülən istər manatla, istərsə də xarici valyuta ilə olan kreditlərə gəldikdə, bankla müştəri arasında münasibət konkret şərtlər daxilində öhdəçilik müqaviləsi ilə tənzim edilir.  Bütün hallarda heç bir bank müştərini məcbur etmir ki, onun müəyyən etdiyi şərtlər daxilində kredit götürsün.

Bankı və bankın kreditlə bağlı şərtlərini qəbul etmə və ya şərtlərlə tanış olduqdan sonra ondan imtina etmək müştərinin öz hüququdur.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən, mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki  dövriyyə iştirakçılarının, əmlak sərbəstliyini və toxunulmazlığı, müqavilələr azadlığı, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması, pozulmuş hüquqların bərpasının təmin edilməsi, mülki hüquqların məhkəmə müdafiəsi və s. prinsipləri qüvvədədir.

Eyni zamanda əgər qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar, bir tərəfin digər tərəfə inzibati və ya digər hakimiyyət tabeliyinə əsaslanan əmlak münasibətlərinə, o cümlədən vergi, maliyyə və inzibati münasibətlərə tətbiq edilmir.

Bundan əlavə, qanunda aşağı qüvvəli normativ hüquqi aktlar mülki münasibətlərin tənzimlənməsi üçün yalnız o halda tətbiq edilir ki, onlar Mülki Məcəlləyə uyğun gəlsin və ona zidd olmasın (MM-nin 2-ci maddəsi).

Mərkəzi Bankın Ədliyyə Nazirliyi ilə razılaşdırılmış 18 noyabr 2008-ci il tarixli Banklarda kreditlərin verilməsi qaydalarını buna misal göstərmək olar.

Bank-kredit münasibətlərində mübahisə doğuran məsələlərdən biri də müştərilərin qanunu bilməməsi və bu səbəbdən də öhdəçilik müqaviləsini imzası ilə təsdiq etməklə onlara izah edilmədiyindən yalnışlıqlara yol vermələri və s. iddialarıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinin III hissəsinə müvafiq olaraq, qanunu bilməmək heç kəsi məsuliyyətdən azad etmir. Bundan əlavə Mülki Məcəllənin 9.3-cü maddəsinə əsasən, bütün hallarda qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas vermir.

Mülki qanunvericiliyə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər – bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (MM-nin 21.1.q).

Bank kredit münasibətlərində bağlanmış müqavilə öhdəçiliyinin icrasının təmin edilməsi üsulları Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460-cı maddəsinə əsasən, aşağıdakılardan ibarətdir:

1. Girov;

2. Dəbbə pulu;

3. Borclunun əmlakının saxlanması;

4. Zaminlik;

5. Qarantiya;

6. Beh və müqavilədə nəzərdə tutulan digər hallarda.

Nəzərə almaq lazımdır ki, girov hüququ (o cümlədən ipoteka hüququ) girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda, borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur (MM-nin 269.m) Burada əsas əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir.

Lakin Mülki Məcəllənin 276-cı maddəsinə müvafiq olaraq burada müəyyən məhdudiyyətlər vardır.

Belə ki, ipoteka krediti olan əşyalar, habelə mülki dövriyyədən çıxarılmış əşyalar və kreditorun şəxsiyyəti ilə qırılmaz bağlı olan tələblər, o cümlədən alimentlər, həyata və ya sağlamlığa vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblər və digər şəxsə güzəşt olunması qanunla qadağan edilmiş sair hüquqlar istisna olmaqla, istənilən əşyalar və tələblər girov predmeti ola bilər.

Qeyd etmək lazımdır ki, bağlanmış müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbinin girov faktları təminat məqamında malik olduğu həcmdə təmin edilməsinə yönəlir.

Eyni zamanda bu tələb faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, həmçinin girov qoyulmuş əşyanın saxlanılması və saxlanıldığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir.

Girov müqaviləsi yazılı formada bağlanılmaqla tərəflərin adı və yaşayış yeri (olduqları yer) girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir.

Girov müqaviləsi mülki qanunvericiliyinin şərtləri daxilində notariat qaydasında təsdiq edilməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır.

Mülki qanunvericiliyin şərh edilən müddəalarını özündə əks etdirməklə “Girov müqaviləsinin qeydiyyatı Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 18 sentyabr tarixli 146 nömrəli qərarına əsasən, girov müqaviləsinin qeydiyyata alınma və aparılma normaları ətraflı qeyd edilmişdir.

Mülki qanunvericiliyə uyğun olaraq girov qoyulan əmlak sığortalanmalıdır.

Əmlak sığortasına əmlak kimi mülki məsuliyyətin sığortası aiddir.

Əmlakın sığortası zamanı əmlakın zədələnməsi, ötürülməsi (məhv olması) və çatışmazlığı, eyni zamanda əmlak hüquqlarının itirilməsi ilə bağlı risklər sığortalanır.

Lakin əmlak sığortasının məbləği məsələsi mübahisə predmeti ola bilər.

Belə ki, ipoteka müqaviləsi istisna olmaqla əmlakın sığortasında sığorta məbləği girovun faktiki dəyərindən çox halda az ola bilər. Belə olan halda sığorta məbləğinin son həddi hansı məbləğdə ola bilməsi və s. məsələlər mübahisə doğura bilər.

Belə ki, sığorta təşkilatı əmlak sığortasının onlar üçün müəyyən edilmiş məbləğdən artıq ödəmə məhdudiyyəti müqavilə bağlanan girov məbləği ilə çox fərq etdikdə, əmlaka sahiblik hüququ olan şəxslərin dairəsi əmlak girov qoyularkən onların mənafelərinə toxunulub-toxunulmaması, girov qoyulmağa razılıq verib bu fakt notariat qaydada təsdiq edildikdə onların etibarından sui-istifadə edilib-edilməməsi və s. hallar araşdırılmalıdır.

Qeyd etmək lazımdır ki, Mülki Məcəllənin 885-ci maddəsinə əsasən, sığorta obyekt baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür.

Əgər sığorta marağı mövcud deyilsə, bağlanmış müqavilə bağlandığı andan etibarsız sayılır. Eyni zamanda sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta marağı itərsə, sığorta müqaviləsinə xitam verilməlidir (MM-nin 889.4 və 889.6 m).

Bəs Bank-kredit müqaviləsində əmlak sığortası ilə bağlı problemli kreditlərin yaranmaması üçün hansı şərtlərə diqqət yetirilməlidir?

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 908-ci maddəsinə müvafiq olaraq aşağıdakı hallar mövcud olduqda sığorta müqaviləsi etibarsız hesab edilir:

1. Sığorta obyekti məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən müsadirə edilməli əmlakla bağlı olduqda;

2. Sığorta müqaviləsi sığortaçının və ya sığortalananın adından müqavilə bağlamağa ixtiyarı olmayan şəxslər ilə bağlandıqda;

3. Sığorta müqaviləsi bağlandığı anda sığorta predmeti mövcud olmadıqda.

4. Sığorta obyekti sığortalananın qeyri-qanuni mənafeləri ilə, həmçinin sığortalanması qanunvericiliklə qadağan olunmuş mənafeləri ilə bağlı olduqda;

5. Əmlak bir və yə bir neçə sığorta müqaviləsi ilə həqiqi dəyərindən artıq məbləğdə sığortalandıqda sığorta məbləğinin sığorta dəyərindən artıq olan hissəsində;

6. Sığorta qaydalarında nəzərdə tutulmayan və sığortalananın vəziyyətini pisləşdirən əlavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə həmin şərtlərə münasibətdə;

7. Sığorta fəaliyyəti ilə məşğul olmaq hüququ olmayan və ya müvafiq sığorta növünü aparmağa icazəsi olmayan şəxs sığortaçı qismində müvafiq sığorta müqaviləsini bağladıqda (Bu halda ödənilmiş sığorta məbləği həcmində sığortaçıya qaytarılmalıdır.)

8.Sığorta marağı mövcud olmadıqda.

Qeyd edilənlərlə yanaşı, bank-kredit münasibətlərində borclunun vəfatı ilə bağlı müqavilə öhdəçiliklərində hansı problemlər yarana bilər?

Belə olan halda əgər sığorta müqaviləsi bağlamadan kredit verilmişsə, kredit məbləğinin qalan hissəsinin ödənilməsində problem yaranır. Belə ki, əgər əmlak girov götürülüb sığortalanmamışdırsa, istər qanun üzrə, istərsə də vəsiyyətnamə üzrə vərəsələrə çatası miras əmlaka heç bir öhdəçilik yönələ bilməz.

Əgər girov müqaviləsi varsa və əmlak sığortalanıbsa, Mülki Məcəllənin 1205-ci maddəsinə əsasən, vəsiyyət edən miras hesabına hər hansı öhdəçiliyin, o cümlədən kredit müqaviləsi üzrə öhdəliyi bir və ya bir neçə şəxsin xeyrinə icra olunmasını vərəsəyə həvalə edə bilər. Vəsiyyət tapşırığının predmeti miras əmlaka daxil olan əşyaların vəsiyyət tapşırığını alanın mülkiyyətinə, istifadəsinə və ya digər əşya hüququ ilə verilməsi, mirasa daxil olmayan əmlakın əldə edilməsi və ona verilməsi müəyyən işin görülməsi, xidmətlərin göstərilməsi və s. ola bilərlər. (MM-nin1206 m.)

Yəni, bütün hallarda bank-kredit münasibətlərində qanunvericiliyin bu tələblərinə vaxtında əməl edilərsə, problemli kreditlər yaranmayacaq.

Bank-kredit münasibətlərində  əsas  mübahisəli məsələlərdən biri də zaminlikdir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

Bundan əlavə, zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər.

Zaminlik müqaviləsi heç vaxt onun xəbəri olmadan kreditor tərəfindən yazılı formada bağlana bilməz.

Kreditin zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, çox hallarda zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditor dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Qeyd etmək lazımdır ki,  Azərbaycan Respublikası Mülki Məcəlləsinin 473-cü maddəsinə əsasən, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, zaminin borcluya göstərdiyi xidmətlər üçün muzd almaq hüququ vardır.

Belə olan halda muzdun məbləği və ödəmə şərtlərinin aydınlaşdırılması zəruridir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 4 sentyabr 2012-ci il tarixli Plenum qərarında qeyd edildiyi kimi, zaminlik müqaviləsi əsas öhdəliyin icrasını təmin edən üsullardan biri olduğundan belə müqavilədə zaminlik təmin edilən əsas öhdəliyin müəyyən olunması və ya müəyyən edilə bilməsi mümkün olmalıdır.

Bank bütün hallarda zaminlik müqaviləsində hansı əsas müqaviləyə dair zaminliyin yaranması (müqavilənin  tərəfləri, tarixi və nömrəsi götərilməlidir); əsas öhdəliyin (borclunun kreditor qarşısında öhdəliyi) həddi barədə göstərişi və s. qeyd edilməlidir.

Zaminlik təmin edilmiş öhdəliyin konkret məbləğinin müqavilədə göstərilməsi mühüm şərtlərdən biridir və zaminlik qanuni maraqlarını qorumaq məqsədini daşıyır.

Kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin  kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız Mülki Məcəllənin 472.1.ci maddəsində göstərdiyi kimi borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır.

Konstitusiya Məhkəməsinin qeyd edilən Plenum  qərarına əsasən, zaminlik müqaviləsinin bağlanması ilə həmin öhdəlik yarandığından zamin bu hüquqi faktın (yəni borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, ya da lazımınca icra etmədikdə) yaranmasına qədər öhdəliyin icra edilməsinə yönəlmiş hər hansı hərəkət edə bilməz.

Konstitusiya Məhkəməsinin həmin Plenum qərarına əsasən, Mülki  Məcəlləsinin 470 və 471-ci maddələrinə istinadən zaminlik müqaviləsinin bağlanması üçün borclunun razılığı tələb olunmur. Bununla belə borclu zaminlik müqaviləsinin olması barədə məlumatlandırılmalıdır.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.2.ci maddəsinə görə, gələcəkdə yaranacaq öhdəlik üzrə zaminlik müqaviləsi tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılıq əldə etdikdə bağlana bilər.

Bu müddəanın mənasına görə, “gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi” müddəası zaminin əvvəlcədən razılaşdırılmış əsas borca dair gələcəkdə yaranacaq öhdəliyə zamin durması kimi düşünməlidir.

Gələcəkdə yaranacaq əsas öhdəliyi təmin edən zaminlik müqaviləsi üzrə öhdəlik həmin müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Bu halda kreditor zaminə qarşı olan tələblərin yalnız Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə müvafiq olaraq borclu zaminlə təmin edilmiş öhdəliyə icra etmədikdə və ya lazımınca icra etmədikdə irəli sürülə bilər.

Nəzərə almaq lazımdır ki, bütün hallarda öhdəçilik müqaviləsinin subyekti olan zaminin şəxsiyyəti, zamin durmaq istəməsi səbəblərini, öhdəçilik icra edilməyəndə yaranan məsuliyyəti və dəyən ziyanı ödəmə imkanları və s. məsələlər ətraflı  aydınlaşdırılmalıdır.

Bank-kredit münasibətlərində iddia müddəti də əhəmiyyətli rol oynayır. Mülki qanunvericilikdə hüququ pozulmuş şəxsin iddiası ilə hüquqi müdafiəsi üçün olan müddət iddia müddəti sayılır.

Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən edilib.

Əgər əsas tələblər üzrə iddia müddəti keçdikdə, əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. (MM-nin 376 m.)

Mülki Məcəllənin 384.02-ci maddəsinə əsasən, əmanətlərin verilməsi haqqında əmanətçilərin banka tələblərinə iddia müddəti şamil edilmir.

Qeyd etmək lazımdır ki, kredit öhdəçiliklərini yerinə yetirməyib kredit borclarını ödəməkdən qəsdən yayınma halları da ola bilər.

Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsinə əsasən, kredit borclarını ödəməkdən qəsdən yayınma aşağıdakı hallarda cinayət məsuliyyətinə səbəb olur.

Bütün hallarda məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kredit borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduğu cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya bir ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196.2-ci maddəsinə əsasən, eyni əməllər küllü miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə  cəzalandırırlar.

Həmin cinayəti törətmiş şəxsə cəza təyin edilərkən əlavə cəza kimi müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmə və cərimə cəzası da tətbiq edilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44-cü maddəsinə əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir.

Cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla on min manatadək məbləğdə və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək məbləğdə müəyyən edilir.

Cərimə əlavə cəza kimi məhkəmələr tərəfindən yalnız Cinayət Məcəlləsinin xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər.

Kreditor borclarını ödəməkdən qəsdən yayınmada əlavə cəza kimi cərimə tətbiq edilir. Həmin cinayətə görə əmlak müsadirəsi yoxdur və beləliklə, bütün hallarda, qeyd edilənlər istisna olmaqla, nə kreditorun təşəbbüsü ilə, nə də digər üsullarla istər borclunun, istərsə də zaminə götürənin daşınan və ya daşınmaz əmlakına həbs qoyula və ya məhkəmə tərəfindən müsadirə edilə bilməz.

Mərkəzi Bankın 18 noyabr 2008-ci il tarixli, banklarda kreditlərin verilməsi “qaydaları”nın tələblərinə müvafiq olaraq hər bir bank tərəfindən kreditlərin verilməsi meyarları, bankdaxili qaydalar və qüvvədə olan qanunvericilik aktları əsas götürülür.

Həmin Qaydaların 3-cü maddəsinə əsasən, Bank tərəfindən kredit sifarişlərinin qiymətləndirilməsi meyarları ilk növbədə kreditlərin həcmi, müddəti, onlarla bağlı risklərin səviyyəsi, borclarının fəaliyyət növü və digər amillərlə müəyyən edilir.

Burda ilk növbədə aşağıdakı şərtlər əsas götürülür.

1. Kreditin məqsədi və ödənişlərin mənbəyi;

2. Borcalanla və onun sifariş etdiyi kreditlə bağlı riskin səviyyəsi;

3. Kreditin və onun müqabilində təklif olunan təminatın  bazar və iqtisadi dəyişikliklərə qarşı həssaslığı;

4. Kredit müqaviləsinin tarixi zəruri məlumatlar və borcalanın mövcud krediti qaytarmaq qabiliyyəti, kredit şərtləri və müddəti və s.

Həmin qaydalara əsasən, kreditin (əsas borc və faiz məbləğləri) ödəniş müddəti kreditin  məqsədlərindən, növündən, ödəmə mənbəyindən, borcalanın fəaliyyətinin xarakterindən, real pul axınının proqnozundan və s. asılıdır.

Fiziki şəxslərlə müqavilə bağlanarkən fiziki şəxslər üçün maliyyə hesabatları qismində əmək haqqı və ya rəsmi qaydada təsdiq edilmiş fiziki şəxsin digər mənbələrdən aldığı gəlir barədə arayış tələb olunmalıdır. Eyni zamanda borclarının maliyyə vəziyyətinin qiymətləndirilməsi sənədləşdirilməlidir.

Qeyd etmək lazımdır ki, fiizki şəxslərin iş yerlərindən aylıq əmək haqqı barədə arayış alınarkən işçi ilə işəgötürən arasında bağlanmış əmək müqaviləsinin müddətidə qeyd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 45-ci maddəsinə əsasən, əmək müqaviləsinin müddəti 5 ilədək və ya müddətsiz bağlana bilər. Eyni zamanda Vergi Məcəlləsinin 101-ci maddəsinə edilən dəyişikliyə əsasən, fiziki şəxlərin əmək haqqından, yəni gəlirlərindən 14 %-dən artıq, o cümlədən əmək haqqının məbləği 2500 manatadək olduqda gəlir vergisi tutulmur. Bununlada  əmək haqqının real məbləğinin leqallaşmasına təminat verilmişdir.

Bu, problemli kreditlərin qaytarılmasında zəruri şərtlərdən biridir.

Çox hallarda bank əmək haqqı kartları üzrə ödənişin həmin bankdan alınmasına görə kreditin ödənişini əmək haqqı kartına yönəldir. Nəzərə almaq lazımdır ki, bağlanmış müqavilədə bu, göstərilmişdirsə, ödəniş üzrə tutulma aparmaq olar. Lakin bütün hallarda borclunun minimum yaşayış meyarı nəzərə alınmalı və ödəmə qabiliyyəti olmadıqda kredit müqaviləsi bağlanmamalıdır.

Girovla təmin edilən əmlak qəbul edilərkən bank girov kimi götürülmüş əmlak üzrə bütün texniki və hüquqi sənədlərin təqdim olunmasını tələb etməlidir.

Vətəndaşların kredit münasibətlərində xarici valyuta ilə götürdüyü valyutanı banklarda birbaşa qəbul etməyib, ödəniş günü manatla olan məzənnə ilə hesablanıb ödənilməklə müştərilər çox hallarda onlara ziyan dəydiyini  düşünürlər.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439-cu maddəsinə müvafiq olaraq pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirilə bilər.

Əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir.

Yəni, yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır.

Qanuna və ya müqaviləyə əsasən, borcun üstünə faizlər hesablanmalı olduğu, əgər bu Mülki Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.

Bank-kredit münasibətlərində problemli kreditlərin səbəbləri və vaxtında aradan qaldırılması üçün qabaqlayıcı tədbirlərin görülməsi zəruridir. Belə ki, bank xüsusən hüquqi şəxslərə iri məbləğlərdə kredit ayırarkən ayrılan kreditin təyinatı üzrə istifadə edilməsinə nəzarət etməlidir. Ayrılan kredit birdəfəlik yox, rüblər üzrə yerində yoxlama aparılıb iş həcmi və s. mövcud vəziyyətini aydınlaşdırdıqdan sonra, kreditin qrafikə əsasən qalan məbləğini ödəməsi təmin edilməlidir. Yəni, bütün hallarda bank təkcə krediti ayırmaqla deyil, eyni zamanda kreditin təyinatı üzrə istifadə edilməsinə də nəzarət etməlidir.

Maliyyə Bazarlarına Nəzarət Palatasının pensiyaçılara kredit verilməsinin dayandırılması barədəki qərarı ilə bağlı aşağıdakıları qeyd etməyi də zəruri hesab edirəm.

Belə ki, bank-kredit münasibətlərinin subyekti  olan şəxsləri şərti olaraq üç qrupa bölmək olar:

1. Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər;

2. Özəl sektorda işləyənlər, xüsusilə də  muzdlu işçilər;

3. Pensiyaçılar.

Büdcədən maliyyələşən təşkilatlarda işləyənlər konkret olaraq tutduqları vəzifəyə uyğun əmək haqqı alırlar.

Özəl sektorda çalışan sahibkarlıq subyekti olan fiziki və hüquqi şəxslərin əldə etdikləri aylıq gəlirləri ilə kredit qabiliyyəti müəyyən edilir. Həmin sektorda çalışan muzdlu işçilər gördükləri işə görə əmək haqqı alırlar.

Dövlət qulluğunda çalışanlar üçün əsas problem ixtisar və s. səbəblərdən iş yerlərini itirmə ehtimalıdır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslər də işlərinin düzgün qura bilmədikdə, müflisləşə bilərlər. O cümlədən, özəl sektorda çalışan muzdlu işşçilər iş yerinin bağlanması və s. səbəblərdən iş yerlərini itirə bilərlər.

Yeganə qalan pensiyaçılardır ki, dövlətin müstəsna qayğısı, bu sahəyə cavabdeh olan Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi və hazırda onun tərkibində fəaliyyət göstərən Sosial Müdafiə Fondunun öz işlərini düzgün qurmaları və sosial təminat sahəsində beynəlxalq təcrübəni öyrənməklə ardıcıl olaraq pensiya və sosial yardımı hər il artmaqla vətəndaşların pensiyaları vaxtında ödənilməsi təmin edilməklə, pensiya ödənişi stabil olaraq qalır. Belə olan halda əsasən pensiyaçıların kredit ödəmə qabiliyyətlərinin daha stabil olması nəzərə alınmalıdır.

Hal-hazırda MDB məkanında Latviya, Rusiya Federasiyası və Qazaxıstandan sonra Azərbaycan əhalinin pensiya təminatında 4-cü yerdə olmaqla əlillərə və ailə başçısını itirməyə görə 189,9 manat, yaşa görə əmək pensiyasının aylıq məbləği 218,8 manat, 2016-cı ilin 01 aprel tarixinə DSMF-nun məlumatına əsasən pensiyaçıların sayı 1.303.252 nəfər, o cümlədən yaşa görə 781576 nəfər, əlilliyə görə 375884 nəfər, ailə başçısını itirməyə görə 145.792 nəfər təşkil edir.

2016-cı ildə əhalinin əsas sosial-demoqrafik qruplarının yaşayış minimumu ölkə üzrə 136 manat, əmək qabiliyyətli əhali üçün 145 manat, pensiyaçılar üçün 115 manat, uşaqlar üçün 118 manat müəyyən edilmişdir.

Qeyd etmək lazımdır ki, istər pensiyaçı olsun, istərsə də başqa şəxslər kreditin ödənilməsi üçün aylıq gəlirlərinin məbləğindən asılı olaraq daha yüksək gəlirləri olan və bu gəlirlər aylıq kredit ödənişini təmin etdikdə onlara kreditin verilməsini qadağan etməyə heç bir əsas qalmır və götürülən kreditin məbləğinin də bank-kredit münasibətlərində böyük əhəmiyyəti vardır.

Ola bilər, pensiyaçı aylıq krediti ödəmə qabiliyyəti ilə yanaşı, mənzil kirayə müqaviləsi və s. mənbələrdən gəlir əldə etsin, belə şəxslər problemli kreditlərin subyekti ola bilməzlər.

Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiyasının 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır. Konstitusiyanın 12-ci maddəsinin 1-ci hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.

Həmçinin, Konstitusiyanın 25-ci maddəsinin III hissəsində qeyd edilir ki, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətlərinə görə məhdudlaşdırmaq qadağandır.

Bundan əlavə, Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə müvafiq olaraq Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz (Konstitusiyanın 71-ci maddəsi).

Beləliklə də, qeyd edilən konstitusion normaları fərdi şəxsin hər hansı hərəkətlərinə görə deyil, 1,3 milyon nəfərdən artıq yaşa, ailə başçısını itirməyə və əlilliyə  görə əmək pensiyası alan şəxslərin krediti almalarına qadağa qoymaq əsassızdır və konstitusion müddəaların pozulmasıdır.

Fikrimcə, bu məsələyə həssaslıqla yanaşmaq lazımdır və Azərbaycan Respublikasının iqtisadi inkişafına mane olmağa cəhd edənlərin əlinə fakt vermək lazım deyil.

Yeri gəlmişkən, hazırda bəzi şəxslərin bankdan aldıqları krediti ödəyə bilmədikləri üçün intihar etmələri haqda ehtimal edilən informasiyaların yayılmasına da aydınlıq gətirilməsini zəruri hesab edirəm. Bəzən bankların işgüzar nüfuzuna xəlal gətirmək məqsədi ilə yalnış məlumatların yayılmasına yol verilir. Belə informasiyanı yayanlar böhtana görə Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə məsuliyyət daşıyırlar.

Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsi özünü öldürmə həddinə çatdırma cinayətinin dispozisiyasında təqsirkardan maddi, xidməti və ya sair cəhhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütamadi olaraq alçatma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma halları olduqda həmin cinayət tərkibi yaranır. Lakin qeyd etdiyimiz kimi bank-müştəri arasındakı kredit münasibətlərinin tənzimlənmə mexanizmi və s. əsas vermir ki, bankın nümayəndəsi həmin cinayətin subyekti olsun.

Bank-kredit münasibətlərində bankların və digər kredit təşkilatlarının çirkli pulların yuyulması ilə bağlı öz fəaliyyət istiqamətlərini müəyyən edib bu sahəyə ciddi nəzarət etmələri də zəruridir.

Belə ki, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında Azərbaycan Respublikasının 10 fevral 2009-cu il tarixli Qanununun 1.0.2-ci  maddəsinə müvafiq olaraq cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması-cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömkək etmək məqsədi ilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya köçürülməsi, yaxud həmin məqsədlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlaklardan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncamın verilməsinin, onların yerləşdirilməsinin, belə pul vəsaitləri və ya digər əmlaklara olan hüquqlarının və ya onların kimə məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsi başa düşülür.

Qeyd edilənlərə qarşı mübarizə aparmaq məqsədi ilə maliyyə-monitorinq orqanları fəaliyyət göstərir.

Belə halda hüquqi şəxs olan monitorinq iştirakçısı daxili nəzarət sistemi çərçivəsində həmin Qanunun 4-cü maddəsinə əsasən, monitorinq iştirakçıları kredit təşkilatları, sığorta təşkilatları, lizinq xidməti göstərən kredit təşkilatları və s. ola bilərlər.

Kredit təşkilatları ilə bağlı nəzarət orqanı funksiyasını Mərkəzi Bank həyata keçirir. “Banklar haqqında” Azərbaycan Respublikasının 16 yanvar 2004-cü il tarixli Qanunun 16.1.9-cu maddəsinə əsasən, bank lisenziyasının və ya icarənin ləğvinin əsaslarından biri də bank və ya xarici bankın yerli filialı idarəetmənin və ya cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədikdə və ya bu qanun, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunu, Mərkəzi Bankın normativ xarakterli aktlarının tələblərini, iki dəfədən artıq halda pozduğu halda tətbiq edilir.

Həmin Qanunun 9-cu maddəsinə əsasən, monitorinq iştirakçılarına anonim hesabların, uydurma adlarla hesabların və anonim əmanət hesablarının açılması, anonim depozit sertifikatlarının buraxılması qadağandır.

Aşağıdakı hallarda monitorinq iştirakçıları müştərilərin də benefisiarın eyniləşdirilməsi üçün tədbirlər görməlidir:

1. İşgüzar münasibətlər yaradılmasından əvvəl;

2. On beş min manat məbləğində və ya bundan artıq məbləğlərdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatlardan əvvəl;

3. Məbləğindən asılı olmayaraq hesab açılmadan həyata keçirilməsi gözlənilən pul köçürməsindən əvvəl;

4. Pul vəsaitlərinin və digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı olmasına şübhə və ya belə şübhə üçün kifayət qədər  əsaslar yaradan hallar olduqda.

Həmin Qanunun 12.4-cü maddəsinə əsasən rüblük dövriyyəsi əlli min manatdan az olan monitorinq iştirakçıları daxili nəzarət  sisteminin hazırlanması tələbindən azaddırlar.

Bundan əlavə “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının 21 oktyabr 1994-cü il tarixli, (2016-cı ilin 4 mart tarixinədək olan əlavə və dəyişikliklərlə birlikdə) Qanunun 9-cu maddəsinə müvafiq olaraq fiziki şəxs olan rezidentlər əvvəllər Azərbaycan Respublikasına köçürülmüş valyuta sərvətlərini Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydalara uyğun olaraq müvəkkil banklar tərəfindən verilmiş arayışlar əsasında gömrük prosedurlarına əməl etməklə 50 (əlli) min ABŞ dollarını nəğd şəkildə Azərbaycan Respublikasından çıxara bilərlər.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitini və ya digər əmlakın əldə edilməsinin hüquqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya digər köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş vəsaitlərdən və ya digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata keçirilməsi halları olduqda həmin cinayət tərkibi yaranır.

Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 202-ci maddəsinə əsasən, kommersiya və ya bank sirri olan məlumatların qanunsuz yolla əldə etmə və ya yayma halları olduqda həmin cinayət tərkibi yaranır. Bu halda banklar haqqında Qanunun 41-ci maddəsinin tələblərinin pozulması ətraflı aydınlaşdırılmalıdır.

Qeyd etmək lazımdır ki, fiziki şəxslərin kredit borclarını ödəməkdən qəsdən yayınma, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 196-cı maddəsi ilə cinayət məsuliyyətilə yanaşı, çox vaxt bank-kredit münasibətlərində etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüququnu əldə etmə, yəni, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə dələduzluq cinayəti də törədilir.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixlə 7 №-li Plenum qərarının 28-ci bəndində qeyd edildiyi kimi, şəxsin başqasının adına rəsmiləşdirilmiş və ya kredit müqaviləsi əsasında pul vəsaitini etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə ələ keçirdiyi hallarda, belə müqavilələrin bağlanmasında qanunsuzluğa yol verilməmişdirsə, cinayət işi üzrə zərərçəkmiş şəxs qismində müqavilə tərəfi olan kreditor (Bank, digər kredit təşkilatı və ya borc vermiş fiziki şəxs) yox, adına müqavilə rəsmiləşdirilmiş şəxs tanınır.

Bu halda kreditorla adına müqavilə ilə rəsmiləşdirilmiş şəxs arasında yaranmış mübahisə mülki məhkəmə icraatı qaydasında həll edilir. Mübahisə kreditorun xeyrinə həll edildikdə dələduzluq cinayətinin törədilməsi nəticəsində zərər çəkmiş (adına müqavilə rəsmiləşdirilmiş) şəxs ona vurulmuş zərərin ödənilməsi ilə bağlı həm cinayət, həm də mülki mühakimə icraatı qaydasında təqsirkara qarşı mülki iddia ilə məhkəməyə müraciət etmək hüququna malikdir.

Bundan əlavə, “Banklar haqqında” Qanunun 41-ci maddəsinə əsasən, çox vaxt bank-kredit münasibətlərində bank xidməti ilə istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının 19 sentyabr 1995-ci il tarixli Qanununun tətbiq edilməsi barədə yalnış fikirlər səslənir.

Belə ki, həmin Qanunun 1-ci maddəsinə əsasən istehlakçı şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs hesab edilir.

İstehsalçı isə mülkiyyət formasından, təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkar hesab edilir. Odur ki, bunun bank-kredit münasibətlərinə heç bir aidiyyatı yoxdur.

Bank kredit münasibətlərində banklar haqqında 16 yanvar 2004-cü il tarixli Qanunun istinad etdiyi qanunvericilik bazasına Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki Məcəlləsi, Banklar və Mərkəzi Bank haqqında “Bank olmayan kredit təşkilatları haqqında” və “Kredit ittifaqları haqqında” Azərbaycan Respublikasının qanunları, Mərkəzi Bankın müvafiq olaraq qəbul edilmiş normativ aktları, Azərbaycan Respublikasının digər normativ hüquqi aktları, habelə Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrlə tənzim edilir.

İstehlakçıların hüquqlarının müdafiəsi haqqında qanunun istinad edilən normativ aktlar isə malların, işlərin, xidmətlərin keyfiyyətinə və təhlükəsizliyinə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun məcburi tələbləri müəyyənləşdirilən dövlət standartları,  formakoloji, sanitariya və tikinti normaları, qaydaları və digər sənədlər daxildir.

Lakin Mərkəzi Bankın, Bank Xidmətləri İstehlakçılarının hüquqlarının müdafisi layihəsində Bank xidməti keyfiyyətini artırmaq, əhalinin geniş kütlələrini məlumatlandırmaq metod və vasitələrdən istifadə etmək və s. tədbirlər görülməsini təmin etmək nəzərdə tutulur. Odur ki, başqa şərh etiyac yoxdur.

Belə bir sual ortaya çıxa bilər ki, Bank və kredit təşkilatlarında çalışanlar vəzifəli şəxs statusunu daşıyırlarmı və vəzifə cinayətlərinə görə cinayət məsuliyyətinə cəlb edilə bilərlərmi?

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə dair 308.1-ci maddəsinə dispozisiyasına əsasən, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifəli şəxs dedikdə, kommersiya və qeyri kommersiya təşkilatların rəhbərləri də bu statusu daşıyırlar. Belə olan halda Bank və kredit təşkilatlarının rəhbərləri və konkret sahələrə cavabdeh olan məsul işçiləri vəzifəli şəxs hesab edilirlər. Odur ki, Bankın və kredit təşkilatlarının vəzifəli şəxs hesab edilən əməkdaşlara “Korrupsiyaya Qarşı Mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin qanunun 9-cu maddəsində göstərilən hüquq pozmaları törətdikdə, əgər onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda, intizam  məsuliyyətnə cəlb edilirlər.

Eyni zamanda vəzifəli şəxs statusunu daşıyanlar maliyyə xarakterli Bəyənnamə təqdim etməlidirlər.

Belə ki, “Korrupsiyaya Qarşı Mübarizə haqqında” 13 yanvar 2004-cü il tarixli Qanunun 1.8-ci və 5.1-ci maddələri və “Vəzifəli şəxslər tərəfindən maliyyə xarakterli məlumatların təqdim edilməsi qaydalarının təsdiq edilməsi haqqında 24 iyun 2005-ci il tarixli Qanun"un tələblərinə müvafiq olaraq təqdim edilən bəyənnamədə (ər və ya arvad və onunla birgə yaşayan valideynləri və uşaq) əmlaka və əmlak xarakterli öhdəlikləri haqqında məlumatlar daxil edilir və hər ilin 1-30 yanvaradək təqdim olunur.

Bəyannamənin düzgün olub-olmaması araşdırıla və bununla bağlı yoxlama aparıla bilər.

Fikrimcə, Bank və kredit  təşkilatlara dair qüvvədə olan Qanunlarda bir  sıra  dəyişikliklərin edilməsi məqsədəmüvafiqdir.

1. Banklar və Mərkəzi Bank və kredit təşkilatları haqqındakı Qanunlara “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanunun 1.8 və 5.1-ci maddələrində müəyyən edilmiş maliyyə xarakterli tələbləri və 8-ci maddədə qeyd edilən korrupsiya ilə əlaqədar hüquqpozmalar törətdikdə, əgər inzibati və ya cinayət məsuliyyəti yaranmadıqda, intizam məsuliyyətinə cəlb edilməsi bəndinin əlavə edilməsi zəruridir.

2. “Banklar haqqında Qanun"un 1-ci maddəsində "vətəndaş qüsursuzluğu” konkret olaraq ayrıca maddədə, Bank işinə qəbul və məhdudiyyətlər və s. konkret qeyd edilməlidir.

3. Verilən kreditə təyinatı üzrə istifadə edilməsinə nəzarət sistemi təkmilləşdirilməlidir.

4. Banklar və kredit təşkilatları haqqında qanunlara Bank və kredit təşkilatlarında çalışanlarını etik davranış qaydalarına dair bəndin əlavə edilməsi də məqsədəmüvafiqdir;

5. Bank-kredit təşkilatları müştərilərdən götürdükləri krediti ödəmək qabiliyyətinin olmadığını bilə-bilə ona mövcud qanunvericiliyin tələblərinə zidd olaraq kredit ayırıb sonradan krediti qaytarmaqda problemli kreditin yaranmasına görə cavabdehlik daşıması müddəasının (qaydalarda) qeyd edilməsi də məqsədəmüvafiqdir.

6. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli Qanununun tələblərinə müvafiq olaraq, Bank və kredit təşkilatlarının vəzifəli şəxslərinin ərizə, şikayət, elektron, telefon və canlı yayımdakı müraciətlərinə baxmaları və həmin Qanun çərçivəsində ölçü götürmələri zəruridir.

Həmin Qanunda vətəndaşların şikayətlərinə baxılması qaydaları ətraflı qeyd edildiyindən əlavə normativ aktın qəbul edilməsinə ehtiyac yoxdur.

Qeyd etmək istəyirəm ki, bank və kredit təşkilatları iqtisadiyyatın onurğa sütununu təşkil etdiyindən, onu hər cür əsassız arqumentlərlə dağıtmaq əvəzinə, sağlamlaşdırmaq və təkmilləşdirmək lazımdır. Əks təqdirdə bu sahənin qorunmaması və dağıdılması iqtisadiyyatın tənəzzülünə səbəb ola bilər.

Nəzərə almaq lazımdır ki, çevik iqtisadi siyasət nəticəsində dövlət başçısı “Əmanətlərin sığortalanması haqqında” 19 yanvar 2016-cı il tarixli Qanun qəbul etməklə əmanətlərin tam sığortalanması və əmanətlərdən  əldə edilən mənfəətdən vergi tutulmasını ləğv etdi.

Eyni zamanda “Publik hüquqi şəxslər haqqında" 29 dekabr 2015-ci il tarixli Qanun qəbul edilməklə digər normativ aktla Mərkəzi Banka publik hüquqi şəxs statusu verdi.

Qeyd edilənlərlə yanaşı, dünyada baş verən iqtisadi-siyasi proseslərlə bağlı ölkədə qiymətli kağızlar bazarının, investisiya fondu, bank və sığorta fəaliyyəti sahəsində ödəniş sistemləri fəaliyyətinin çevikliyi və şəffaflığının təmin olunmasını, bu sahələrdə tənzimləmə və nəzarət sisteminin təkmilləşdirilməsini və ictimai nəzarət sisteminin zəruriliyini nəzərə alaraq, Azərbaycan Respublkasının Maliyyə Bazarına Nəzarət Palatası publik hüquqi şəxsin yaradılması haqqında Azərbaycan Respublikası Prezidneti 10 fevral 2016-cı il tarixdə fərman imzalamışdır.

Həmin fərmanla bağlı bir sıra qurumlar ləğv edilməklə onların səlahiyyətləri palataya verilmişdir.

Fikrimcə, Maliyyə Bazarına Nəzarət Palatası Bank-kredit sistemində mövcud olan problemləri daha ətraflı öyrənib konkret əməli tədbirlər görməklə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində qeyd edilən "fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsulyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsi prinsipi"nə əsaslı riayət edilməsini təmin edəcək.

Konstitusiyanın bu müddasının fiziki şəxslərlə yanaşı, hüquqi şəxs olan bank sektoruna da şamil edilməsi zəruridir.

Qeyd etmək istəyirəm ki, bank sektorunda, iqtisadiyyat və hüquq sahəsində istedadlı yeni nəsil yetişir. Onların informasiya məkanında səsləndirdikləri və müsahibələrində qeyd etdikləri dəyərli fikirlərin bütün hallarda araşdırılması, qanunvericilikdə və iqtisadi islahatlarda cəmiyyətin xeyrinə tətbiq edilməsi də məqsədə müvafiq olardı.