XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

24 İyun 2016 - 10:04

Ali Məhkəmənin gözlənilməz qərarları nəyə söykənir? –İlginc açıqlamalar

mehkeme

Bu ilin martından başlayaraq, Ali Məhkəmə siyasi məhbuslarla bağlı hər kəsi təəccübləndirəcək önəmli qərarlar qəbul edir. Xüsusilə bu proses mayın sonlarından etibarən daha da sürətlənib.

Əvvəlcə martın 28-də baş prokuror Zakir Qaralovun protesti əsasında hüquq müdafiəçisi İntiqam Əliyevi azadlığa buraxan bu instansiya qurumu ard-arda gözlənilməyən qərarlar verdi.

Mayın 24-də Müsavat başqanının müavini Fərəc Kərimlinin cəzası 6 il yarımdan 3 ilə qədər azaldıldı. Ertəsi gün araşdırmaçı jurnalist Xədicə İsmayıl azadlığa buraxıldı. Son olaraq da Ali Məhkəmə AXCP gənci Elvin Abdullayev barədə müsbət qərar verib. İyunun 22-də cəbhəçi gəncin  6 illik cəzası 2 il yarıma endirilib. 

Artıq iş o yerə çatıb ki, Ali Məhkəməyə müraciət edən istənilən siyasi məhbusun azadlığa buraxılacağına olan inam onun həbsdə saxlanılacağına olan ümidsizlikdən qat-qat yüksəkdir. Ali qurumun ədalətli femida rolunda çıxış etdiyini düşünmək də olar. 

Qeyd edək ki, siyasi məhbuslarla bağlı bu tipli qərarları əvvəl Apelyasiya Məhkəməsi yerinə yetirirdi. Misal olaraq, Leyla və Arif Yunusların, eləcə də jurnalist Rauf Mirqədirovun apelyasiya şikayətləri əsasında azad olunduqlarını göstərə bilərik. Amma sonradan hər şey Ali Məhkəmənin əlində cəmləşdi. 

Çoxları hesab edir ki, Ali Məhkəmənin son qərarlarında siyasi sifarişlər var. Yəni hakimiyyət tərəfdən. Çünki vaxtilə hökm qərarlarını qüvvədə saxladığı siyasi məhbusları artıq ali qurum azad edir.

Avropa Məhkəməsinə Azərbaycandan edilən şikayətlərin də Ali Məhkəmənin xəttini dəyişməsinə səbəb olduğunu düşünənlər var. Hakimiyyətin bu instansiya qurumu vasitəsilə Azərbaycanda siyasi məhbuslar məsələsini tamamən həll etmək xətti götürdüyünü də ehtimal etmək olar. Çünki bütün siyasi məhbuslar əfvlə azad oluna bilməzlər. Ölkə iqtidarının heç şübhəsiz ki, Azərbaycan məhkəmələrinin ədalətinə olan şübhəni  Ali Məhkəmənin timsalında aradan götürmək istədiyi də ola bilər. 

Siyasi məhbusların hüquqlarını qoruyan tanınmış vəkil Əsabəli Mustafayev bildirir ki, Ali Məhkəmənin əsl üzü dəyişməyib: “Azərbaycandakı bütün instansiya məhkəmələrinin əsl üzləri dəyişməyib. Burada əsas siyasi sifariş məsələsi var. Əvvəl sifariş olur ki, filankəsi tutun, bu qədər iş verin. Sadəcə, məqam yetişəndə, yəni kimlərinsə azad olunması lazım gəldikdə, cəza ya dəyişir, ya da həmin şəxs azad olunur. Bu, Apelyasiya və Ali məhkəmələrdə ola bilər. İş hansı instansiya mərhələsindədirsə, o qurum vasitəsilə həll olunur”.

Vəkil Ali Məhkəməyə müraciət edən REAL sədri İlqar Məmmədovun da azad edilə biləcəyinin anonsunu verib: 

“Ali Məhkəmənin onu da azad etməsi mümkündür. Amma əvvəlcədən nəsə demək çətindir. Çünki İlqar Məmmədovun azad edilməsini biz Şəki Apelyasiya Məhkəməsindən gözləyirdik. Lakin naməlum səbəblərdən bu olmadı. İndi mümkündür ki, Ali Məhkəmədə bu qərar verilsin. Siyasilər barəsində bu cür qərarların Ali Məhkəmə tərəfindən verilməsində hakimiyyət də maraqlıdır. Çünki siyasilər barəsində bu cür qərarlar veriləndə beynəlxalq aləmə tez yayılır. Nəticədə əfv, amnistiyaya ehtiyac qalmır. Çünki bunlar uzunmüddətli tədbirlərdir. İntiqam Əliyev barəsində fevralda Ali Məhkəmənin iclasında qərar qəbul edildi və onun hökmü qüvvədə saxlanıldı. Amma bir aydan sonra hökumətə lazım oldu ki, İntiqam müəllim azad olunsun. O zaman Ali Məhkəməyə göstəriş verildi və onlar da istənilən qərarı verdilər. Yəni məhkəmənin mahiyyətində heç bir dəyişiklik yoxdur. Sadəcə, verilən tapşırıqların mahiyyətində dəyişiklik var”.

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı Musavat.com-a siyasi qərarlarda Azərbaycan məhkəmələrinin müstəqil olmadığını deyib: 

“Beynəlxalq təşkilatlar siyasi məhbusların azadlığından daha çox Azərbaycanda məhkəmələrin müstəqilliyini tələb etməlidirlər. Məhkəmə özünün verdiyi qərarı ikinci dəfə dəyişməyə məcbur olur. Nəticədə məhkəmələrin nüfuzu getdikcə düşür. Ali Məhkəmə vasitəsilə hazırda gedən proseslər hakimiyyətin siyasətinin dəyişdiyini göstərir. Bunu iqtidarın yumşalması kimi qəbul etmək olmaz. Sadəcə, düzgün siyasət olduğunu düşünmək olar. Siyasilərlə bağlı yeni məhkəmələrin keçirilməsi hakimiyyətin siyasi seçiminin dəyişdiyini də sübut edir”.