XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 August 2016 - 01:09

Vəkil Yalçın İmanov yazır:"Həbs edilərkən..."

yalcin-3

Yalçın İMANOV, vəkil

Qanunun tələbinə görə, şahidin ifadə verməsi onun vəzifəsidir. Cinayət Prosessual Məcəllədə deyilir: “…cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək”.

Ancaq şahiddən fərqli olaraq, şübhəli və təqsirləndirilən şəxsin ifadə verməsi onun hüquqları sırasına daxil edilib. Yəni, şübhəli və təqsirləndirilən şəxs istəsə ifadə verə də bilər, verməyə də.

Bunu niyə xatırladıram?

Praktika göstərir ki, ictimai-siyasi fəallara əvvəlcədən hazırlanmış ittihamlar, bir qayda olaraq, onların şahid qismində verdikləri ifadələrlə möhkəmləndirilir. Hətta ortada işgəncə və yaxud digər qeyri-insani rəftar nümunələri olmasa belə, ya hazırlıqsızlıqdan və yaxud gərginlikdən, yaxud gözlənilən həbsin xofundan, ifadələr həddən ziyadə “həyacanlı” olur, sonradan düzəldilməsi mümkün olmayan açıq səhvlər buraxılır. Bir sıra hallardasa dəlil peşəkarları ifadələri təhrif edir, zaman məhdudiyyəti əsasıyla ifadələrin tamamilə və sərbəst oxunmasına imkan vermir və s. Hətta Fuad Qəhrəmanlı kimi kifayət qədər hazırlıqlı adamın ifadəsində belə, müstəntiq fürsət tapıb təhriflər eləmişdi.

Əgər siz ictimai-siyasi fəaliyyətlə məşğul olursuzsa və sizi məhz bu fəaliyyətə görə cəzalandırırlarsa, qarşınızda istintaq orqanının aşkar qərəzini və ona həvalə edilmiş sifarişi davamlı doğrultmaq cəhdlərini görəcəksiz. Belə bir atmosferdə şahid qismində verdiyiniz ifadə sonradan “şübhələrin kifayət qədər əsaslı olmasına” və ittihamın təsdiqi niyyətinə xidmət edəcək.

Cinayət Məcəlləsində şahidin ifadə verməkdən imtina etməsi cinayət məsuliyyəti yaradır və maddənin sanksiyasında üç yüz manatdan beş yüz manatadək cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

Maddə böyük ictimai təhlükə törətməyən cinayətlər katerqoriyasına aiddir. Azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.

Mən sizləri üz-üzə qaldığınız qanunsuzluq önündə başqa bir qanunsuzluğa təşviq eləmirəm, əsla! Sadəcə, düşünmək üçün maraqlı mövzudu: bir tərəfdə, sizə irəli sürüləcək ağır və xüsusilə ağır itihamların ən xırda təsdiqinə belə xidmət edəcək ifadə, digər tərfdə isə bu ittihamların fonunda böyük ictimai təhlükə törtəməyən əlavə bir ittiham…

***

Denzel Vaşinqtonun bir filmi var: “Məşq günü”. Filmdə kriminal polisi canlandıran qəhrəman tez-tez deyir: “Bizə dəlil lazımdır, fakt yox”.

Denzelin iblisanə ifa etdiyi qəhrəman günümüzün reallığına çevrilib.

Onlara dəlil lazımdır, bəs sizə nə? Faktın özü?!