XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

04 Sentyabr 2016 - 17:23

Vəkil Yalçın İmanov yazır:Ömrün preyudisiallığı…

yalcin-3

Yalçın İMANOV, vəkil

 

Uzun müddət insan yaşamayan mənzillərdə qəribə bir qoxu olur. Astanadaca hiss eləyirsən ki, miskin bir unudulmuşluq iyi maddi mənada ciyərlərinə çökür. Otaqlar, elə bil, yetim, atılmış uşaqlardı, divarlar adama küskün-küskün baxır, müxəllafat boynu bükük halda sanki “hardasan, gəl çıx də” pıçıldayır. Əl atıb işığı yandırısan, lampa könülsüz-könülsüz közərir…

Hər şeyi urvata mindirən insandı, güman ki!

İnsan demişkən, adamların nə intellekti, nə istedadı, nə başqa bacarıqları, nə yar-yaraşığı uzun illərdir daha həyacanlandırmır. Yeganə təmizlik hissindən başqa. Biz tərəflərdə təmiz adamlara “murdar suya qoy, iç” deyirdilər.

Xatırlayıram, uşaq vaxtı bu idiomatikanı çox düşünürdüm: nə deməkdir, niyə belə deyirlər?

Görünür, nəyisə anlamaq üçün, böyümək və ağıllanmaq yox, onu yaşamaq lazımmış. Təmiz adamları tanımaq yox, hiss eləmək olur. Məsələn, heç vaxt iddia eləmək olmur ki, filankəsdən təmizlik, dürüstlük qoxusu gəlir, bunu hissiyyatla duymaq olur yalnız. Adamın kafası onu aldada bilər, hissiyyatısa heç vaxt.

Arada şəhərin küçələrində uzun illərin ağır sınaqlarından çıxmış tək-tük tanış insanların doğma simaları dəyir gözümə. 90-nın sonlarındakı dumduru uşaq gözləri indi hiss olunacaq şəkildə bulaşıb, odlu-alovlu, şax baxışları indi peşmançılıq və əbədi narahatlıq əvəzləyib. Uzun illər vicdanla konflikt və qürurla xəyali mübarizə daxili gərginliyi tarıma çəkir yəqin, heçlik hissi yaradır. Suflikdə buna “heçlik şüuru” deyirlər. Hərçənd, burda söhbət sufilikdəki qazanılmış mistik heçlik hissindən yox, itirilmiş heçlik hissindən gedir.

***

Hüquqda bir termin var: preyudisiallıq. Yəni, məhkəminin qanuni qüvvəyə minmiş hökmü başqa bir iş üzrə icraatda mübahisələndirilmir, hesab edilir ki, həmin iş üzrə sübutlar araşdırılıb, onlara lazımı huquqi qiymət verilib və buna görə də onları yenidən təftiş eləməyə lüzum və ehtiyac yoxdur. Başqa sözlə desək, preyudisialdır.

Bax, bu ölkədə elə insan ömürləri var ki, heç başa çatmayıb, bəlkə heç yarını da haqlamayıb, bəlkə də finala çatır, ancaq elə indidən də preyudisial xarakter daşıyır. Yəni, bu ömürlərə ictimai yaşantılarına görə qiymət verilib artıq.

Halbuki, preyudisiallıq yox, nümunələr olmalıydı. Çox demirəm, hakimlikdə üç-dörd nümunə, prokurorluqda və vəkillikdə ondan bir xeyli çox, məmurluqda vəkillikdən də çox, bildiyimiz başqa peşə sahələrində hamısından çox. Nümunələr stimul mənbəyi, istinad nöqtəsi (azərbaycanlı Arximedin axtardığı) rolunu oynaya bilərdi. Nümunələr insan hədisləri yarada bilərdi. Olmadı. Yaranmadı. Nümunəsizlik, hədissizlik ölkəmə baha başa gəldi.

***

İnsan uğrunda həyatını sərf elədiyi dəyərlərə, cərgəsində dayandığı adamlara əmin olmalıdır, yaxud əmin olmalıydı. Yoxsa olmur. Yoxsa, bugünki Azərbaycan – uzun müddət insan yaşamayan mənzili xatırladan, miskin unudulmuşluq qoxusu verən, hədissiz ölkə yaranır!…

…Adam hərdən diksinir.