XƏBƏR LENTİ

07 Dekabr 2019
06 Dekabr 2019

Digər Xəbərlər

27 Aprel 2015 - 09:32

Zəmanəmizin Qəhrəmanı

xaqani.jpg

Xaqani SƏFƏROĞLU 

Eyni dövrdə yaşayanlar vaxtın fərqində olmurlar. Onlar üçün əqrəblərin sürəti yalnız növbəti günün qayğılarına və planlarına aparan bir körpüdür. Həyatın fəlsəfi deyil, məişət üzünü yaşayanlar böyük suallar haqqında az düşünürlər. Amma axı belə bir sual var:

İnsan bəlkə də bu sualın dəqiq formasını bilməsə belə, bu o demək deyil ki, o bu barədə düşünmür. Düşünür. çox ağır və düz həyatın ortasına çalınan mıxı xatırladan bir sualdı..

Kimdir zəmanəmizin qəhrəmanı?

…Gündüz Allah tanımadan, həris bir dünya nəfsi ilə oğurladıqlarını gecələr yad qadınların göbəyində xərcləyənlərmi? “Master və Marqarita”da Voland deyirdi: “Yox! Bu heç vaxt bu ola bilməz, heç vaxt!”. Oğurladığının qorxusunu, haqqını əlindən zorla aldığı kəslərin lənətini yad öpüşlər və soyuq şampan şərabı ilə ovudaraq unutmağa çalışanlar heç vaxt zəmanəmizin qəhrəmanı ola bilməzlər.

…”Vətən, vətən” bağırtıları qırıq patefon vallarını xatırladan psevdopatriotlar da zəmanəmizin qəhrəmanı deyillər. Onların “vətən” sloqanları ikidibli çamadanları xatırladır: üzünü cırsan ordan üstünə yaxşıca ört-basdır etdikləri həris maraqlarının pis üfünəti axacaq.

…Amma var belə qəhrəmanlar… Onlar azdırmı, çoxdurmu- bilmirik. Bu qəhrəmanlar hər gün səhər uzun illər geyilməkdən bir qədər rəngini itirmiş paltarını geyərək bahalı brend adları yazılmış dükanların qarşısından səssiz ötüb bir parça halal çörək qazanmağa gedənlərdir. Siz küçədə diqqətlə baxsanız onları görə də bilərsiniz. Utancaq təbəssümlə yanınızdan ötür, rüşvət almır, ləyaqətini bahalı brendlərin hesabına qorumurlar..Cüzamlı xəstədən qaçanlar kimi haqqı tapdanmış adamlardan uzaq durmağa çalışanlardan, “azacıq aşım, ağrımaz başım” prinsipini yaşam düsturuna çevirənlərdən fərqli olaraq onlar, sona qədər haqqı tapdanan insanın yanında oturur.. Dərdli insanın göz yaşı bu qəhrəmanın düz ürəyinə axır..

Onlar qorxmurlar. Sözü sərrast deyirlər, mübarizdirlər.. Başqalarının sevincinə uşaq kimi sevinirlər..Diqqətlə baxsanız onun gözündəki uşaq saflığından yoğrulan gülüşünü də görə bilərsiz..

..Bu qəhrəmanları hər yerdə- soyuq məmur biganəliyinin hökm sürdüyü idarələrdə, qəddar biznes qanunlarının nəfəs kəsən təqibində işləyən şirkətlərdə, hündür binalar tikən alçaq niyyətli dəstənin içində-hər yerdə, hər məkanda görə bilərsiniz… “Kiçik adamlar” kimi də baxırlar bu qəhrəmanlara…. çoxları üçün onların saflığı, dürüstlüyü istehza obyektidir. Bir az ürəyi yananlar isə bu qəhrəmanlara “tüpür bu dürüstlüyə, səni uca zirvəyə aparan kareyra gözləyir” kimi məsləhət də verirlər.. O isə sadəcə ömrünü yaşayır… Ləyaqətlə, qururla..

..Bu qəhrəmana həsəd aparırlar.. Lermonotovun qəhrəmanı Peşorinsayağı isti sevginin dadını itirmiş oğru mənsəb sahibləri nifrət edirlər ona.. Gecəni evində deyil, bahalı şərab və fahişə yatağında keçirən bu binəvalar üçün Zəmanəmizin Qəhrəmanın mövcudluğu ürəklərinin dərinlilkərində basdırqıqları xəyallarının qəfil zühürüdur… Nə vaxtsa, çox illər əvvəl bu qəhrəmana bənzəmək istəyini indi xatırlamaq onlar üçün əzablıdır..

…Zəmanəmizin qəhrəmanının evi isə sanki məbəddir: Hamı ora üz tutr. ürək sirrini açan qonşu, tutduğu mənsəbi üzündən haqsızlığa göz yuman, yalnız axşamlar ürəyini boşaltmaq üçün gələn karyerist dost, hüququnu bilmədiyindən son ümid yeri kimi ona üz tutan kasıb… Qəhrəmanın sadə, amma isti mənzili hamının günahını yuya bilən bir tövbə qapısına bənzəyir sanki..