XƏBƏR LENTİ

02 Oktyabr 2020
01 Oktyabr 2020

Digər Xəbərlər

03 Oktyabr 2016 - 17:21

Həkimlər AİDS xəstəsini sağaltdılar:Oksford alimlərinin sensasiyalı bəyanatı

spid

Böyük Britaniyanın bir neçə elmi-tədqiqat institutu və universitetinin, o cümlədən Kembric və Oksford universitetlərinin bir qrup alimi sensasiyalı bəyanat veriblər.

Onlar bildiriblər ki, insanın immun çatışmazlığı virusunu (İİÇV) müalicə etməyə müvəffəq olublar. Əgər həqiqətən belədirsə, adı çəkilməyən 44 yaşlı Böyük Britaniya sakini bu xəstəlikdən şəfa tapan birinci pasiyent olacaq. Müalicə başa çatandan sonra xəstənin qanında daha virus aşkar edilməyib.

AZƏRTAC “independent.co.uk” saytına istinadla xəbər verir ki, bu pasiyent İİÇV əleyhinə yeni terapiyanın sınaqlarında iştirak edən əlli xəstədən biridir. Tədqiqatçılar yeni yanaşma tətbiq ediblər: pasiyentlər latent virusları fəallaşdıran dərman ilə birlikdə antiretrovirus preparatlarından ibarət kombinasiya qəbul ediblər.

Sınaqların uğurla başa çatmasına baxmayaraq, sağalan pasiyent antiretrovirus preparatları qəbul edir, həkimlər isə onu müşahidə altında saxlayırlar. Nəticə sabit olarsa, dərmanların qəbulu dayandırılacaq.

Əlbəttə, bu terapiyanın səmərəliliyini sübuta yetirmək üçün onu daha çox insan üzərində sınaqdan keçirmək lazımdır. Elə indinin özündə məlumdur ki, bu müalicə üsulu İİÇV terapiyasına yanaşmanı bütünlüklə dəyişə bilər. London İmperiya Kollecinin mütəxəssisi Sara Fidler bildirib ki, yeni terapiyanın sınaqları azı beş il vaxt aparacaq.