XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Oktyabr 2016 - 11:39

Bakıda Almaniyanın birləşməsi ilə bağlı bayram tədbiri keçirilib

alman-sefir

Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyi milli bayram –  Alman Birliyi Gününün 26 illiyi ilə bağlı rəsmi qəbul keçirib.

Bu bayram 3 oktyabr 1990-cı ildə şərqi və qərbi Almaniyanın rəsmi olaraq yenidən birləşməsinin rəmzidir. Almaniyanın birləşməsi II Dünya Müharibəsindən sonra dörd onillik davam edən Soyuq Müharibə dövrünün nəticəsi olan Almaniyanın bölünməsinə son qoyub.

Rəsmi qəbulda hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra, səfir Mixael Kindsqrab çıxış etdi. O, Azərbaycanda yeni olduğu üçün adi nitq söyləməyəcəyini, Bakıyla bağlı təəssüratlarını paylaşacağını vurğuladı: “Bakı gündüzlər də, gecələr də gözəldir. Burada elə bir insana rast gəlmədim ki, Bakıya heyran olmasın”.  M.Kindsqrab bildirdi ki, səfir vəzifəsinə ilk dəfə təyin olunub və bu vəzifə onun üçün həm böyük fərəh, həm də böyük məsuliyyətdir. O, ilk görüşdə onunla səmimi və açıq söhbət etdiyi üçün ölkə başçısı İlham Əliyevə də təşəkkürünü bildirdi.  Almaniyanın ölkəmizlə iqtisadi sahədə tərəfdaş və Azərbaycanın MDB məkanında Ticarət Palatası olan ikinci ölkə olduğunu xatırlatdı. Dedi ki, Azərbaycan iqtisadiyyatının şaxələnməsi yolunda alman şirkətləri öz dəstəyini əsirgəmir, bu sahədə onların böyük təcrübəsi var: “Bizim xarici işlər naziri həmişə vurğulayır ki, mədəniyyət və təhsil Almaniya xarici siyasətinin şah damarıdır. Azərbaycanda alman dili öyrənən və alman təhsil sisteminə etimad edən gənc istedadılara heyranam”.

Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev dedi ki, Azərbaycan Almaniya ilə münasibətlərin dinamik inkişafının tərəfdarıdır, bu münasibətlər gələcəkdə də dərinləşəcək, genişlənəcək: “Almaniya Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. Bu ölkə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktiv fəaliyyət göstərib, gələcəkdə də bu istiqamətdə töhfə verəcəyinə əminəm”. 

L.SƏMLA