"Biz Dağlıq Qarabağ münaqişəsi ilə bağlı istənilən insan itkisinə görə təəssüflənirik və başsağlığı diləyirik".
Bu sözləri ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Ermənistan silahlı qüvvələrinin cəbhədə atəşkəsi pozması nəticəsində Azərbaycan əsgərinin həlak olmasına münasibət bildirərkən deyib.
"Biz tərəfləri atəşkəsə hörmət etməyə, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində gərginliyi azaltmaq üçün addımlar atmağa çağırırıq. Bu kimi addımlar həllə apara biləcək danışıqlar üçün şərait yaratmaq baxımından çox vacibdir”, – deyə diplomat bildirib(APA).
Xatırladaq ki, oktyabrın 5-də axşam saatlarında qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən mövqelərimizin atəşə tutulması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər Məmmədov Sahil Sabir oğlu şəhid olub.