Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin hər birinin nominal dəyəri 1 000 ABŞ dolları olan 100 000 ədəd faizli, təmin edilməmiş, sənədsiz adlı istiqrazlarının yerləşdirilməsinə başlanılıb.
“Marja” istiqraz buraxılışının Emissiya Prospektinə istinadən xəbər verir ki, istiqrazların Bakı Fond Birjasında yerləşdirilməsi 13-14 oktyabr 2016-cı il tarixlərində keçiriləcək. Yerləşdirmə sabah da davam edəcək. SOCAR istiqrazlarına abunə yazılışının 20 sentyabr 2016-cı il tarixində başlamış, 10 oktyabr 2016-cı il tarixində başa çatmışdı.
Yerləşdirmə zamanı istiqrazlar abunə yazılışları arasında bölüşdürüləcəkdir. Yerləşdirmə prosesində fiziki şəxslər daha çox üstünlüyə malikdirlər.
17 OKTYABRINDAN TƏKRAR BAZARI BAŞLAYIR
Gələn həftənin Bazar ertəsindən isə SOCAR istiqrazlarının təkrara bazarı başlayacaqdır. İstiqraz sahibləri təkrar bazarda istiqrazını sata, istiqrazı olmayanlar isə ala bilərlər. İstiqrazın ilkin yerləşdirilməsi zamanı ancaq Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxslər və Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş hüquqi şəxslər əldə edə bilərdi. İstiqrazların təkrar bazarda tədavülündə məhdudiyyətlər nəzərdə tutulmamışdır.
İKİQAT TƏLƏB
Dəyəri 100 mln. dollar təşkil edən SOCAR istiqrazlarının buraxılışı qarşılığında ümumilikdə 203 milyon 604 min dollarlıq sifariş toplanıb. Bölüşdürmə əməliyyatında üstünlük emissiya prospektində yazıldığı kimi, fiziki şəxslərə (vətəndaşlara) veriləcək, sonra isə hüquqi şəxslərin tələbləri qarşılanacaq.
Emissiya Prospektindən:
BFB-də istiqrazların yerləşdirilməsindən əvvəl toplanmış abunə yazılışı sifarişləri Anderrayter tərəfində investorlar arasında bölüşdürülür.
Sifarişçilər fiziki və ya hüquqi şəxslər olmaqla iki qrupa bölünür. Sifarişin verilmə tarixi və vaxtı nəzərə alınır.
Bölgü zamanı tələblərin dəyəri nəzərə alınaraq: dəyəri 100 000-dək (100 nominal) olan hissəsi adi tələb, dəyəri 100 000-dən (100 nominal) çox olan hissəsi isə yüksək tələb kimi qiymətləndirilir.
Sifarişçilərin tələblərinin ədalətli qarşılanması üçün bölgü iki üsulla aparılır:
– adi tələblər üçün istiqrazların bir-bir bölüşdürülməsi şərti ilə;
– yüksək tələblər üçün istiqrazların mütənasib (proporsional) bölüşdürülməsi şərti ilə;
Bölgü aşağıdakı dörd ardıcıl addımla aparılır.
Bölgü emissiya məbləği tələbləri ödəyə bilmədiyi addımda dayandırılır və sonrakı addımlara ehtiyac qalmır:
1) Fiziki şəxslərin adi tələbləri – sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir- bir ödənilməklə;
2) Hüquqi şəxslərin adi tələbləri – sifarişin dəyəri və sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər birsifarişçiyə istiqrazlar bir- bir ödənilməklə;
3) Fiziki və hüquqi şəxslərin (heç bir fərq qoyulmadan) yüksək tələbləri – əvvəlki addımlardan sonra qalmış bölüşdürülməmiş emissiya məbləğinin , cəmi ödənilməmiş tələblərindəyərinə olan nisbətindən alınmış əmsalın- hər bir sifarişçinin ödənilməmiş tələblərin dəyərinə vurulmasından alınan məbləğin aşağıya yuvarlaqlaşdırılmış tam hissəsiniödəməklə;
4) Fiziki və hüquqi şəxslərin yüksək tələblərinin 3-cü addımdakı yuvarlaqlaşdırma qalığı, sifarişin icraya qəbul edilmə vaxtı və tarixi (artan sıra ilə) nəzərə alınmaqla, emissiya məbləği bitənə qədər hər bir sifarişçiyə istiqrazlar bir-bir ödənilməklə.