XƏBƏR LENTİ

18 Yanvar 2021
17 Yanvar 2021

Digər Xəbərlər

19 Oktyabr 2016 - 13:38

SOCAR Tower “İlin ən yaxşı ofis binası”mükafatını alıb

Nyu-Yorkda ENR (Engineering News Record) jurnalı tərəfindən keçirilən ənənəvi Beynəlxalq Tikinti Sammitində “İlin ən yaxşı qlobal layihələri” müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunub. SOCAR-ın yeni inzibati binası – SOCAR Tower ofis binaları nominasiyasında qalib gəlib.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, bu nominasiyada “İlin ən yaxşı layihəsi” mükafatı SOCAR‐ın Sosial məsələlər üzrə vitse‐prezidenti Bədəl Bədəlov, layihənin məsul mühəndisləri Cavid Nəcəfov və Tural Ramazanova, həmçinin əsas layihəçi “Heerim Architects and Planners”, struktur üzrə layihəçi “Thornton Tomasetti” və podratçı “Tekfen İnşaat və Təchizat” şirkətlərinin nümayəndələrinə təqdim edilib. Mərasimdə dünyanın müxtəlif yerlərində inşa edilən və digər nominasiyalarda “Ən yaxşı layihə” mükafatına layiq görülən layihələrin nümayəndələri, sifarişçi, layihəçi, idarəetmə və podratçı şirkətlərin rəhbər işçiləri iştirak ediblər.

ENR tikinti biznesində inkişaf etməkdə olan firmalar, yeni layihələr və vacib xəbərlərin dərc edildiyi nüfuzlu jurnaldır. Jurnalın təşkil etdiyi müsabiqənin əsas məqsədi dizayn və tikinti sahəsində həyata keçirilən ən görkəmli layihələri müəyyənləşdirmək və onların arxasında duran komandaları mükafatlandırmaqdır. Dünya miqyasında tanınmış ekspertlərdən ibarət münsiflər heyəti 15 ölkədən 23 layihə seçib, onları təhlükəsizlik, innovasiya, dizayn və inşaat üstünlükləri parametrləri üzrə təhlil edib, müxtəlif yönümlü qlobal layihə komandalarının əməkdaşlığına xüsusi diqqət yetirib.

Müsabiqəyə hava limanları, körpü və tunellər, inzibati binalar, mədəniyyət, təhsil, səhiyyə, hərbi, sənaye əhəmiyyətli tikililər, idman və su qurğuları, eləcə də digər obyektlər təqdim olunub. Münsiflər heyəti tərəfindən layihələri həyata keçirən şirkətlərin çətinliklərin öhdəsindən necə gəlməsi, tikililərin yerli ictimaiyyət və ya tikinti sənayesi üçün əhəmiyyəti də nəzərə alınıb. Ötən ilki sammitdə Bakı Olimpiya Stadionu “Ən yaxşı idman layihəsi” nominasiyasının qalibi olmuşdu. Bu il qaliblər haqqında məlumat jurnalın 2016-cı il sentyabr sayında dərc edilib.

SOCAR-ın yeni inzabati binası – SOCAR Tower Koreya Respublikasının “Heerim Architects & Planners Co. Ltd” şirkəti tərəfindən təqdim olunan “Külək-alov” konsepsiyası əsasında tikilib. Tikinti işlərinə 2010-cu ildə başlanılıb, təxminən beş il ərzində paytaxtın ən gözəl memarlıq nümunələrindən biri ərsəyə gəlib. SOCAR Tower beynəlxalq standartlara tam cavab verir, binanın təhlükəsizlik və texniki sistemlərinin idarə edilməsi vahid mərkəzdən həyata keçirilir.