XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

26 Oktyabr 2016 - 10:49

Goranboy-Yuxarı Ağcakənd avtomobil yoluyenidən qurulur

Goranboy rayonunun Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun daha bir hissəsinin tikintisi yekunlaşmaq üzrədir.

Bu barədə Trend-ə "Azəravtoyol" ASC-dən məlumat verilib.

Bildirilir ki, 37.1 km uzunluğunda Goranboy-Yuxarı Ağcakənd avtomobil yolunun 28.3 km-lik hissəsində tikinti işləri artıq bir müddətdir ki, yekunlaşdırılıb. Hazırda yolun Aşağı Ağcakənd və Yuxarı Ağcakənd kəndləri arasında olan 8.8 km-lik hissəsində layihəyə uyğun olaraq işlər davam etdirilir.

Avtomobil yolu 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. 3.5 metr enində 2 hərəkət zolağından ibarət olan yolun hərəkət hissəsinin eni 7 metr, 0.5 metr bərkidici zolaq da daxil hər bir istiqamət üzrə çiyinlərin eni 2.5 metr təşkil edir. Ümumilikdə yol yatağının eni 12 m-dir. Layihəyə uyğun olaraq sözügedən 8.8 km-lik hissədə zəruri olan yerlərdə yol yatağının yararsız quruntu qazılaraq çıxarılıb, yerinə karbonat materialı tökülərək kipləşdirilib. Qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol geyiminin əsasının tikintisi işləri aparılır. Yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılacaq. Ümumilikdə yolun 8.8 km-lik hissəsinə 61 min m2 asfalt-beton örtük döşənəcək.

Tikinti işləri çərçivəsində yolun 37-ci km-də, Qaraçay üzərindəki avtomobil körpüsü təmir edilir. 1 aşırımlı körpünün uzunluğu 12 m-dir. Bundan başqa mövcud su keçidi və su borusunun bərpası və yenilərinin tikintisi işləri də aparılır. İşlər bitdikdən sonra yol nişanlarının quraşdırılması, həmçinin yolun xətlənməsi işləri aparılacaq.

Qeyd edək ki, Goranboy-Yuxarı Ağcakənd avtomobil yolu 35 min nəfər əhalinin yaşadığı 18 yaşayış məntəqəsini birləşdirməklə böyük əhəmiyyətə malikdir. Yolun inşası sözügedən ərazidə turizm potensialını artıracaq, vətəndaşların yetişdirdikləri məhsullarının rahat və qısa müddət ərzində rayon mərkəzinə daşımasına imkan yaranacaq.