XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Oktyabr 2016 - 11:19

Bakıda 9 marşrut xətti üzrə dəyişiklikləraradan qaldırılıb

Bakının Binəqədi qəsəbəsində 9 marşrut xətti üzrə edilən dəyişikliklər aradan qaldırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev deyib.

O bildirib ki, ötən gün tıxacın olduğu Binəqədi şosesində vəziyyət nisbətən düzəlib. Hazırda Binəqədi qəsəbəsindən şəhər istiqamətində sıxlıq müşahidə edilir. Ötən gün bu yolda yaranmış vəziyyətlə əlaqədar 9 marşrut xətti üzrə edilən dəyişiklik artıq aradan qaldırılıb və avtobuslar əvvəlki trayektoriya ilə hərəkət edirlər.

M.Ağayevin sözlərinə görə, hazırda paytaxtın əsasən mərkəzi küçə və prospektlərində, o cümlədən Ağa Nemətulla küçəsindən metronun N.Nərimanov stansiyası istiqamətinə, Tbilisi prospektindən şəhər mərkəzi istiqamətinə, Afiyyədin Cəlilov küçəsində və Ziya Bünyadov prospektindən 20 Yanvar dairəsi istiqamətində avtonəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi bildirir ki, Binəqədi şosesində yağış sularının dolması səbəbindən, həmin yoldan keçən 20-yə yaxın sərnişin avtobusunda texniki nasazlıq yaranıb. Hazırda BNA və həmin avtobusların aid olduğu daşıyıcılar sərnişinlərin vaxtında gediş gəlişini təmin etmək və avtobuslararası intervalların artmaması üçün zəruri tədbirlər görür.

Xatırladaq ki, dünən Binəqədi şosesindən keçən 9 marşrut xətti üzrə (100, 108, 123, 133, 134, 147, 155, 165, 179) avtobusların hərəkətində müvəqqəti dəyişikliklər edilmişdi.