XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

27 October 2016 - 14:55

“Əl-Cəzirə”nin Yerevandan reportajı:“Azərbaycanla bir neçə günlük müharibə ölkəni tam silkələyib”

yerevan-el-cazi

Müxalifətə basqılar, qonşusu ilə yenidən qaynayan gərginlikdən sonra konstitusiyasına etdiyi dəyişikliklər Ermənistanın gələcək stabilliyini qoruya biləcəkmi?

“Əl-Cəzirə.com”un yazarları Qlenn Ellis və Katerina Baruşka Ermənistan haqda məqaləni bu sualla başlayırlar.

ETİRAZLARIN SƏBƏBİ

Müəlliflər bu yay Ermənistanın son 10 ildə ən böyük qarışıqlıqla üzləşdiyini – silahlı dəstələrin Yerevandakı polis məntəqəsinə hücumunu, hadisədən sonra küçələrə axışan kütlənin prezident Serj Sərkisyanın istefasını tələb etdiyini xatırladırlar.

Bəs bu etirazlara səbəb nə idi?

“Əl-Cəzirə” yazır ki, ölkəni silkələyən şeylərdən biri apreldə Azərbaycanla bir neçə günlük müharibə oldu. Müasir döyüş avadanlıqlarına 5 milyard dollar xərcləyən, həm də Rusiyadan, yəni Yerevanın regionda uzunillik müttəfiqindən silah alan Azərbaycan onun üçün qiymətli bəzi əraziləri geri qaytardı. Politoloq Irina Qaplanyan öz müsahibəsində Rusiyaya münasibəti izah etməyə çalışıb: «Ermənistan siyasi arenasında başlanğıcdan bir fikir mövcud olub ki… biz geosiyasi durumu nəzərə alaraq, nəyin bahasına olursa-olsun, davam gətirməli və Rusiya haqda yeganə etibarlı müttəfiq kimi danışmalıyıq».

QARABAĞIN ROLU

Azərbaycanla son döyüşlərdən sonra Ermənistanda Rusiyaya etimad azaldığından, əhali Sərksiyanın onların düşməninə arxa durmuş Kremllə hələ də yaxın münasibətdə olmasının səbəbini anlaya bilmirdi. Bu isə xalqın, özəlliklə, Ermənistanın ordu veteranlarının narazılığının artmasına səbəb oldu.

“Əl-Cəzirə” yazır ki, Qarabağ müharibəsində ərazisi özündən böyük Azərbaycana qalib gəlməsiylə həmişə fəxr edən Ermənistanda bu müharibənin iştirakçılarına böyük sayqı var. Və onlar, əlbəttə, ictimai rəyə çox güclü təsir edirlər. Veteranların indiki durumu, siyasi və strateji qərarların onların iştirakı olmadan verilməsi, Qarabağ məsələsinin əvvəlki qədər əhəmiyyətli olmaması ölkədə, əlbəttə, çox pis qarşılanır: “Ermənistan iqtisadiyyatının illərdir böhran içində qalması, əhalinin 1/3-nin həyat səviyyəsinin aşağı həddə düşməsi fonunda hakimiyyətdən dördəlli yapışmaqda israrlı görünən hökumətin dinc aksiyaları güclə yatırması çoxlarında bədbinlik yaradıb. Müxalifət Ermənistan üçün ən çətin dönəmin hələ irəlidə olduğunu düşünür. Prezidentin düşmənləri isə bu tendensiyadan öz xeyirləri naminə yararlanmağa çalışırlar”.

AZƏRBAYCANLA BAĞLI ŞAYİƏLƏR

Əsasən müharibə veteranlarının birləşdiyi ultramillətçi Təsisedici Parlament Hərəkatının üzvü Alek Yenikomşuyan deyir ki, indiki rejimlə həqiqi seçki keçirmək mümkün deyil: «Təsisedici Parlament Hərəkatı hesab edir ki, Ermənistan vətəndaşları bu rejimi devirməli və əsl demokratik, suveren ölkə yaratmalıdırlar».

Sayt yazır ki, hərəkat tərəfdarlarını qəzəbləndirən Rusiyanın Yerevana Azərbaycanın xeyrinə təkliflər etməsiylə bağlı şayiələrdir. Yayda yayılan söz-söhbətlərə görə, Moskva Qarabağ ətrafında daha çox torpaqların Azərbaycana güzəşt edilməsini istəyirmiş. Aprel döyüşlərindən sonra Sərkisyanın Azərbaycanın bir o qədər əhəmiyyət kəsb etməyən əraziləri tutduğunu bildirməsi də veteranları hiddətləndirib. Hətta Təsisedici Parlament Hərəkatının lideri Jirar Səfilyanın keçmiş döyüş yoldaşlarını ona qoşularaq, apreldə itirilən torpaqları geri qaytarmağa çağırıb. Onu qanunsuz silah saxlamaqda və kütləvi təxribatlarda günahlandırılaraq həbs ediblər. Yayda Ermənistanı başına alan etiraz aksiyaları məhz bu hadisədən sonra baş verib. Amma küçələrə çıxanlar təkcə Səfilyanı müdafiə etməyib, həm də prezidentin istefasını istəyiblər. Yerevanda meydanlara axışanların sayı 20 minə çatıb, hökumət qüvvələri aksiyaları zor gücünə dağıdıb.

«BÖHRAN BİTMƏYİB»

Amma böhran hələ bitməyib, yaralar hələ sağalmayıb- deyə, “Əl-Cəzirə” yazır. Müəlliflər prezident Sərksiyanın müxalifətlə kompromisə getmək niyyətində olmadığına əmindirlər. “Əl-Cəzirə” əməkdaşlarıyla görüşü zamanı Sərksiyan belə deyib. «Aqressiv azlığın olmadığı ölkə varmı? Əlbəttə, bizim ölkəmizdə də narazılar var və narazılar vətəndaş cəmiyyətinin təmsilçiləridir. Qiyməti də onlar verirlər, amma bu o demək deyil ki onların verdiyi qiymət obyektivdir».

O ki qaldı Jirar Səfilayan, Sərksiyan bildirib ki, aksiya iştirakçıları onun yalnız azad edilməsini deyil, Ermənistanın diktatoruna çevrilməsini istəyiblər.

Ermənistanda parlament seçkiləri gələn ilin yazında olacaq. Sərksiyanın prezidentlik müddəti yaxında başa çatacağından onu kimin əvəz edəcəyi maraq doğurur. Ermənistanda mübahisələr yaratmış yeni konstitusiya ölkənin prezident respublikasından parlament respublikasına çevrilməsini nəzərdə tutduğundan Sərksiyanın baş nazir postuna yiyələnməyə çalışacağını ehtimal edənlər çoxdur. Prezident özü bu haqda danışmağın tez olduğunu deyir.

Azadlıq Radiosu