XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 August 2015 - 21:06

Alimlər insan beyninin surətini yaratdılar

Ohayo Universitetinin (ABŞ) alimləri insan beyninin, demək olar ki, tam surətini yaratmağa müvəffəq olublar.

Tədqiqatın rəhbəri, professor Rene Anand bildirib ki, süni beyin xarakteristikalarına görə beş həftəlik embrionun beyninə uyğun gəlir.

AZƏRTAC newsland.ru saytına istinadla xəbər verir ki, alimlər real beyində mövcud olan genlərin 99 faizini yaradıblar. Süni beyində qan-damar sistemi istisna olmaqla, təbii beynin bütün əsas şöbələri var.

R.Anandın sözlərinə görə, bu, hazırda ən dəqiq bioloji beyin modelidir. Əvvəlki tədqiqatçılar beynin ancaq ayrı-ayrı hissələrinin surətini yaradıblar. Texnologiya patentləşdiriləndən sonra eksperiment barədə ətraflı məlumat veriləcək.

Beyin modeli təqribən 12 həftə ərzində yaşlı dəri hüceyrələri əsasında yaradılıb. Bu hüceyrələri yenidən proqramlaşdırıb ixtisaslaşma istiqamətini dəyişməyə və orqanizmdə hər hansı toxuma əmələ gətirməyə qadir olan induksiya edilmiş kötük hüceyrələrinə çeviriblər.

R.Anand bildirib ki, modelə sensor stimulları daxil olmur. Burada təfəkkür prosesi getmir. Bu da etik problemləri istisna edir.

Alimin sözlərinə görə, bu ixtira müxtəlif sinir sistemi xəstəliklərinin yaranması səbəblərini öyrənməyə və dərman vasitələrinin səmərəliliyini yoxlamağa kömək edəcək.

Strateq.az