XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 March 2015 - 09:58

Prezident İlham Əliyev və ailə üzvləri Novruz şənliyində!

Bu gün Bakıda Azərbaycan xalqının milli bayramı – Novruz münasibətilə ümumxalq şənliyi keçirilib.

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Novruz şənliyində iştirak ediblər.

Dövlət başçısı, xanımı və ailə üzvləri əvvəlcə Qız qalasının qarşısındakı meydana gəliblər.

Milli geyimli uşaqlar prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Novruz bayramı münasibətilə təbrik ediblər.

İçərişəhərin qala divarları üstündə və meydanda qədim tariximizi xatırladan qılınc və qalxanlı döyüşçülər dayanmışdılar.

Dədə Qorqud xeyir-dua verərək, Novruz bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb.

Milli geyimli uşaqlar meydanda rəqs edirdilər. İncəsənət ustalarının ifasında baharı, Azərbaycanı tərənnüm edən mahnıların sədası ətrafa yayılır, bayram şənliyinin iştirakçılarında xoş ovqat doğururdu.

Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.

Dövlət başçısı bayram şənliyində nitq söyləyib.

Sonra prezident İlham Əliyev və ailə üzvləri Dənizkənarı Milli Parka gəliblər.

Dövlət başçısını və xanımını Novruz bayramının əsas personajları olan Kosa və Keçəl qarşılayıblar.

Kosa və Keçəl prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik ediblər.

Milli Parkda təşkil edilən milli-mənəvi dəyərlər və idman stendləri bayram şənliyinə xüsusi çalar qatırdı. Burada ölkəmizin müxtəlif bölgələrini təmsil edən özfəaliyyət kollektivlərinin çıxışları və hazırlanmış sənətkarlıq nümunələri maraqla qarşılandı. Bir tərəfdə isə gənc pəhləvanlar xalça üzərində qurşaq tutur, idmançılar məharətlərini göstərirdilər.

Dövlət başçısı və ailə üzvləri bərəkətli Azərbaycan torpağında yetişdirilən məhsulların bayram şənliyi çərçivəsində təşkil edilmiş sərgisi ilə tanış olublar. Müxtəlif rayonlardan gətirilmiş Novruz mətbəxinin nümunələri şənlik iştirakçılarında maraq doğururdu.

Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilirdi.

Prezident İlham Əliyev və ailə üzvləri Azərbaycan xalçalarının nümunələrinə də baxıblar.

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bayram şənliyində “Bakı-2015” birinci Avropa Oyunlarına həsr olunmuş stendlərin qarşısında idmançıların çıxışlarını da izləyiblər.