XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

29 Oktyabr 2016 - 12:45

Azərbaycanlılara qarşı cinayətlər araşdırılacaq- Ukrayna operativ istintaq qrupuna göstəriş verildi

Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev Ukraynanın baş prokuroru Yuri Lutsenko ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Ukraynanın baş prokuroru Yuri Lutsenko, baş prokurorun müavini Yevqeniy Yenin və prokurorluğun rəsmi nümayəndələri, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev, Azərbaycan Daxili İşlər nazirliyinin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev , Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və konqresin ali məclisinin sədri Akif Gülməmmədov iştirak edib. A.Xudiyevi Azərbaycanın Ukraynadakı səfiri təyin olunması münasibəti ilə təbrik edən baş prokuror Y.Lutsenko, ölkələrimiz müstəqillik əldə etdikdən sonra bir çox sahələrlə yanaşı, prokurorluq və hüquq mühafizə orqanları arasında yaranmış səmərəli əməkdaşlıq əlaqələrindən söz açıb. Bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

L.Lutsenkoya Azərbaycanın baş prokuroru Zakir Qaralovun və Daxili işlər naziri Ramil Usubovun xoş və səmimi salamlarını çatdıran A.Xudiyev, son illər Azərbyacanda bir çox sahələrlə yanaşı, hüquq mühafizə orqanları strukturlarında həyata keçirilən köklü islahatlar haqqında ətraflı məlumat verib.

Diplomat hər iki ölkənin baş prokurorluqları arasında faydalı əməkdaşlığın genişləndirilməsi, beynəlxalq terrorizmə və cinayətkarlığa qarşı birgə mübarizənin aparılmasının vacibliyini vurğulayaraq, bu istiqamətdə istintaq işinin səmərəliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Son iki ildə Ukraynada azərbaycanlı iş adamlarına qarşı həyata keçirilən sui-qəsd və cinayət hadisələrinin qeydə alınmasından narahatlığını ifadə edən səfir A.Xudiyev, baş prokuror Yuri Lutsenkodan baş vermiş cinayət hadisələrini ciddi nəzarət altına almasını xahiş edib. Azərbaycanla Ukrayna arasındakı strateji dostluq əlaqələrinin pozulmasında maraqlı tərəflərin olduğunu diqqətə çatdıran səfir, Ukraynada soydaşlarımıza qarşı həyata keçirilmiş insan oğurluğunun və digər cinayət hadisələrinin üstünün açılması üçün ikitərəfli istintaq qrupunun yaradılması təklifini irəli sürüb.

Görüş zamanı Azərbaycan DİN-nin Ukraynadakı nümayəndəsi, polis polkovniki Şahin Qocayev 2014-cü ildən indiyədək Ukraynada azərbaycanlılara qarşı həyata keçirilmiş cinayət hadisələrini özündə əks etdirən faktlarla bağlı geniş məlumat verib. Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev və Konqresin ali məclisinin sədri Akif Gülməmmədov baş vermiş cinayət hadisələri ilə bağlı Ukraynanın daxili işlər nazirliyinə və digər aidiyyəti orqanlarına dəfələrlə rəsmi müraciət olunduğunu və bununla bağlı heç bir ciddi ölçü götürülmədiyini diqqətə çatdırıblar.

Deyilən faktları diqqətlə dinləyən baş prokuror Y.Lutsenko son illər Ukraynada baş verən iqtisadi, siyasi böhran durumundan və ölkənin şərqində gedən silahlı olaylardan bir sıra cinayətkar qruplaşmaların yararlandığını və buna qarşı ciddi mübarizə tədbirlərinin həyat keçirildiyini bildirib. Baş prokuror azərbaycanlılara qarşı törədilmiş cinayət hadisələrinin araşdırılması və bu məsələnin ciddi nəzarət altına alınması üçün görüşdə iştirak edən prokurorluğun operativ istintaq qrupuna ciddi göstərişlər verib.

Azərbaycanın baş prokuroru Zakir Qaralov tərəfindən ölkəmizə rəsmi səfərə dəvət olunduğunu diqqətə çatdıran Y.Lutsenko Ukraynadakı soydaşlarımıza qarşı həyata keçirilmiş cinayət hadisələrinin üstü açılmadan Azərbaycana səfər etməyəcəyini vurğulayıb. O,tezliklə cinayətkar qruplaşmanın yaxalanacağına və bundan sonra ölkəmizə səfər edəcəyinə əmin olduğunu bildirib.

Görüş zamanı iki ölkənin prokurorluq orqanları arasında əlaqələrin möhkəmləndirilməsi və cinayətkarlığa qarşı birgə istintaq qrupunun yaradılması məsələləri geniş müzakirə olunub.