Bakı şəhərində razılaşdırılmış 45 ərazi planlaşdırma layihələrinin sahəsi ümumilikdə 175 hektardan çoxdur. Pilot layihə çərçivəsində paytaxtda 5 il ərzində həyata keçiriləcək yenidənqurma işləri zamanı 324 min kvadratmetr yaşayış sahəsinin söküləcəyi nəzərdə tutulub.
Bu barədə Azərtac-a Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Həmin ərazilərin əvəzinə bütün müasir tələblərə cavab verən 1,8 milyon kvadratmetr yaşayış sahəsinin tikilməsi planlaşdırılıb. Sənədlərdə layihələndirilən binaların sayı 350-dir. Söküləcək mənzillərin yerinə isə 18 min yeni mənzilin inşası nəzərdə tutulub.
Qeyd olunub ki, ərazi planlaşdırma sənədlərinin 5 hektaradək ərazilər üçün (1 hektardan az olmayaraq) hazırlanması təcrübəsi dünya şəhərsalma praktikasında sınaqdan çıxmış ən mütərəqqi yanaşma sayılır.