XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 Noyabr 2016 - 15:40

AMEA ilə “AzerGold” arasında memorandum imzalandı –FOTO

akif-azergold

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutu (GGİ) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti filiz yataqlarının geologiyası və dağ-mədən tədqiqatları sahəsində əməkdaşlıq edəcəklər.

AMEA-dan Strateq.az-a verilən məlumata görə, bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan tədbirdə tərəflər arasında memorandum imzalanıb. Sənədə AMEA-nın prezidenti, akademik Akif Əlizadə və səhmdar cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimov qol çəkiblər.

Razılığa əsasən, müştərək olaraq alim və mütəxəssislər Azərbaycan ərazisində mövcud filiz yataqlarının geoloji-geofiziki tədqiqini aparacaqlar. Sənəd elmi-tədqiqat, təhsil və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsini, layihə və inkişaf proqramlarının həyata keçirilməsini və dağ-mədən sahəsində ixtisaslaşmış insan resurslarının formalaşdırılmasını nəzərdə tutur. Bunun üçün qarşılıqlı məsləhət və texniki təlim xidmətləri təşkil ediləcək, birgə elmi-praktik konfranslar və görüşlər keçiriləcək.

Bütün bu işlər üçün tərəflər texniki, maliyyə və kadr imkanlarını səfərbər edəcəklər. Bu mənada “AzerGold” QSC-nin GGİ-nin kadr potensialı və maddi-teniki bazasından faydalanması, analitik laboratoriyalarından yararlanması, həmçinin institutun şirkət üçün gənc mütəxəssislər hazırlamaq istiqamətində köməyi də memorandumda öz əksini tapır. Bundan başqa, sənəddə “AzerGold” QSC-nin kəşfiyyat sahələrində və dağ-mədən müəssisələrində tədqiqatlar aparmaq üçün AMEA-nın gənc alim və mütəxəssislərinə şərait yaratması məsələsi də nəzərdə tutulur.