XƏBƏR LENTİ

03 Dekabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 11:17

Azərbaycanla Belarus arasında birgə İşçi qrupunun ilk iclası keçirilib –Protokol imzalanıb

akif elizade

Bakıda Azərbaycan və Belarus arasında elmi-texniki əməkdaşlıq üzrə birgə İşçi qrupunun ilk iclası keçirilib.

Bu məqsədlə AMEA-nın Rəyasət Heyətində təşkil olunan tədbirdə tərəflər arasında innovasiya sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf mexanizmləri və perspektivləri müzakirə edilib.

AMEA-dan Strateq.az-a verilən məlumata görə, tədbirdə Azərbaycan tərəfdən İşçi qrupun sədri, AMEA-nın prezidenti, akademik Akif Əlizadə Akademiyanın elmi müəssisələrində maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb. AMEA ilə Belarusun elmi mərkəzləri arasında elmi-tədqiqat və innovasiya sahələrində iş birliyinin möhkəmləndirilməsinin, eləcə də müştərək layihə və inkişaf proqramlarının həyata keçirilməsinin önəmli olduğunu vurğulayıb.

İclasda akademik Akif Əlizadə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının (“YT Park”) yaradılması haqqında Sərəncamını xatırladıb. Bildirib ki, yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından bu kimi müasir komplekslər olduqca əhəmiyyətlidir.

Sonra İşçi qrupun Belarus tərəfdən rəhbəri, Belarus Respublikasının Dövlət Elm və Texnika Komitəsi sədrinin birinci müavini Andrey Kosovskiy ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlıq əlaqələrin inkişafından söz açıb. A.Kosovskiy Belarus Respublikasının innovativ infrastrukturuna dair təqdimatla çıxış edib.

Görüşdə həmçinin fundamental tədqiqatlar sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və Azərbaycan və Belarus arasında birgə innovativ layihələr müsabiqəsinin elan edilməsi ilə bağlı müzakirələr aparılıb, rəy və təkliflər irəli sürülüb.

Daha sonra iclas AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin sədrliyi ilə  davam edib.

Sonda tərəflər arasında elmi-texniki əməkdaşlığa dair protokol imzalanıb.