XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

15 Noyabr 2016 - 16:06

Natiq Cəfərli:“Ulyukayev Maliyyə Nazirliyini və Mərkəzi Bankı ciddi tənqid edirdi”

natiq

 “Rusiyalı nazir Ulyukayevin həbs edilməsinin onun son zamanlar verdiyi bəyanatlarla bağlı olduğunu güman edirəm. O Rusiya maliyyə nazirliyinin və Mərkəzi Bankın apardığı siyasəti ciddi tənqid edirdi”.

Strateq.az bildirir ki, iqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində iqtisadi inkişaf nazirinin həbs edilməsini şərh edərkən deyib.

Ekspertin fikrincə, Ulyukayev Rusiyada liberal iqtisadiyyatın, bazar iqtisadiyyatının tərəfdarı kimi tanınıb.

“Onun son zamanlar maliyyə qanadı, Mərkəzi Bank qanadı ilə ciddi firkir ayrılıqları var idi. İqtisadiyyatda daha çox stimullaşdırıcı proqramların həyata keçirilməsinə çalışırdı. Amma, maliyyə nazirliyi ilə Mərkəzi Bank daha çox sərt pul-kredit siyasəti yürütməyə üstünklük verir. Zaman-zaman mətbuat vasitəsi ilə bir-birlərini ciddi tənqid edirlər. Bununla da əslində Rusiya hökuməti daxilindəki monolitliyi pozmaq görüntüsü yaradırlar”, – deyə Cəfərli qeyd edib.

O deyir ki, Rusiyada məmurların rüşvət alması ilə bağlı çoxsayı faktlar var.

“Əgər qubernator müavininin evindən milyardlarla rubl tapılırsa,adi polis polkovniki Zaxarçenkonun evindən axtarış zamanı 8 milyard rub aşkarlanırsa, nazirin 2 milyon dollara görə həbs olunması ağlabatan görünmür. Bu sırf rüşvət və ya korrupsiya məsələsi olsa idi tamamilə fərqli bir yanaşma olardı. Yəni 2 milyon dollara görə belə böyük səs-küy gətirəcək həbs həyata keçirilməzdi”, – deyə o qeyd edib.

Cəfərli nazirin həbsini Rusiya üçün ciddi neqativ siqnal kimi xarakterizə edib: “Ulyukayev investorlar, xarici iş adamları, bazar oyunçuları, liberal iqtisadiyyat, bazar iqtisadiyyatı tərəfdarları üçün güvənverici bir fiqur idi. Düşünürəm ki, məsələ daha da dərinləşsə Rusiyadan kapital axını və investorların getməsi sürətlənə bilər”.

 

 

Azərbaycanda da Rusiyada olduğu kimi korrupsiya ittihamı ilə həbslərin olma ehtimalına gəlincə ekspert deyib ki, gələn il belə həbslərin olması ehtimalı çox yüksəkdir.

“Bizdə vəziyyət Rusiyadan fərqlidir. Çünki böyük vəsaitlər dar bir çevrənin əlində cəmləşib. Azərbaycanda biznes mühiti də, vəsaitlər də Rusiyadan fərqli olaraq çox kiçikdir. Müstəqil bazar oyunçuları yoxdur. Bizneslə məmur çulğalaşıb. Bu səbəbdən də ciddi səs-küy gətirən həbslər və müsadirələr gələcəkdə ola bilər. Məmurlarla bağlı da gələn il müəyyən addımlar atıla bilər. Çünki ölkənin iqtisadi durumu gərginləşdikcə daxili çevrədə vəsait axtarışına çıxılacaq. Vəsatin də dar çevrədə cəmləşdiyini nəzərə alaraq, bu əməliyyatların da dar çevrədə keçiriləcəyi istisna olunmur”, deyə Cəfərli güman edir.

Ekspert Azərbaycanda məmurların gəlirlərini bəyan etməməsini çox neqativ qiymətləndirir.

“Məmurların gəlirlərini və əmlaklarını bəyan etməsi ilə bağlı qərar çoxdan verilib. Bununla bağlı addımlar da çoxdan atılmalı idi. Bu günədək gəlirlər bəyan edilmirsə, deməli məmurların gizlətdiyi çox şeylər var”.

Onun fikrincə, gəlirlərin bəyan edilməsinin həyata keçirilməsi ilə bağlı siyasi iradə lazımdır.