XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

17 Noyabr 2016 - 14:56

Amerikalı tədqiqatçı:“Azərbaycanda təhsilin inkişafı hiss olunur”

usa-12

“Bu konfrans Azərbaycanın təhsilə yüksək önəm verdiyinin göstəricisidir. Azərbaycanda müasir tədris texnologiyalarının elmin və təhsilin inkişafına təkan verdiyini yaxşı anlayırlar”.

Bunu Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Təlimin keyfiyyətinin yüksəldilməsi” adlı beynəlxalq konfransda iştirak edən təhsil üzrə tanınmış beynəlxalq məruzəçi Bill Martin deyib. Amerikalı tədqiqatçı bildirib ki, müasir tədris resursları xüsusilə orta təhsil sahəsində çalışan müəllimlərin tədris etdiyi fənni daha mükəmməl mənimsəməsinə öz töhfəsini verir və onların daha da inkişaf etməsinə şərait yaradır: “Avropa Azərbaycan Cəmiyyətinə, Azərbaycan Müəllim İnkişafı Mərkəzinə bu cür gözəl konfransların təşkilinə görə təşəkkür edirəm. Hazırda bir çox ölkə təhsil sahəsində geri qalsa da, Azərbaycanda təhsilin inkişafı hiss olunur. Azərbaycan bunu bacarıb. Lakin Azərbaycanda uzun müddət olmadığıma görə, ölkənizin təhsil sistemi haqda geniş məlumata malik deyiləm. Demokratik ölkə olaraq Azərbaycan çox gəncdir. Azərbaycan 1991-ci ildə müstəqillik əldə edib. Bir ölkədə təhsilin tam formalaşması və inkişafı üçün yüz illər lazımdır”.

B. Martin son 15 il ərzində 12 ölkədə çalışdığını söyləyib: “Mənim böyük öyrətmək həvəsim var. 2013-cü ildən bəri 6 ölkədə 180-dən çox məktəbdə çalışmışam. Mən 68 ildir öyrənirəm və öyrədirəm. Son 14 il ərzində dünyanı gəzmişəm. Milli və regional səviyyədə dünyanın ən yaxşı müəllimi olmaq üçün uzlaşmaq lazımdır. Başqa şəxslərlə əməkdaşlıqda uzlaşma bir nəbz, bir ürəkdir. Eyni zamanda, mental modellər var. Mental modellər çaşdırıcı ola bilər. Sadə dildə desək, mental modellər bizim inanc və dəyərlərimizdir. Həyatda göstərdiyimiz davranışlar bizim inanc və dəyərlərimizə bağlıdır. Əgər mən etdiyim işə inanmasaydım, bu gün burda olmazdım".

B. Martin qeyd edib ki, müəllimlər uşaqlar üçün yaxşı təlim vermək istəyirlərsə, onların düşüncə tərzi, sistemli strukturları və mental modelləri dəyişməlidir: “Müəllim məktəbdə tədrislə bağlı dilxor olursa, deməli, mental modellərdə, sistemli strukturda, inanc və dəyərlərin arasında uzlaşma, ahəng yoxdur. Sinif otağında, təhsil sahəsində uzlaşma reallıq olmalıdır. Müəllimlərin inanc və dəyərləri uzlaşmalıdır. Sistemli strukturlar dəstəklənməlidir. Sistemli strukturlarla inanc və dəyərlər uzlaşanda müəllim təkmilləşəcək, dəyişiklik baş verəcək”.

Qeyd edək ki, B. Martin “Uğura nail olan məktəblər” kitabının həm müəllifidir. O, ABŞ-da məktəb direktoru işləyib, Monrou orta məktəbinin direktoru kimi yüksək liderlik fəaliyyətinə görə Miçiqan dövlət qanunvericilik hakimiyyəti tərəfindən mükafatlandırılıb. B. Martin idrakla bağlı beynəlxalq konfranslara dəvət alaraq əsas məruzəçi olub, Birləşmiş Millətlər Təşkilatının Küveytin təhsil sistemində islahat aparmaq üçün yaratdığı qrupa daxil edilib, Norveç və İsveç məktəblərinin liderlik potensialının artırılması məqsədilə uzunmüddətli peşəkar inkişaf proqramları yaradıb və tətbiqinə yardım edib. (APA)