XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

18 Noyabr 2016 - 17:44

Gürcülərdən SOS:“İrəvandakı “İsgəndər”lər...”

georgian

Gürcüstan faktiki olaraq Rusiya tərəfindən mühasirəyə alınıb.

Bunu Gürcüstanın “Rezonans” qəzetinə müsahibəsində gürcü hərbi ekspert İrakli Aladaşvili söyləyib. Onun sözlərinə görə, “İsgəndər” raketlərinin Ermənistanda yerləşdirilməsi Gürcüstan üçün təhdiddir:

“Rusiyanın müasir raket sistemləri Gürcüstan səmasını örtməyə qadirdirlər. Əgər Gümrüdəki rus bazası əmr alsa, istənilən an Gürcüstana qarşı hərəkətə keçə bilər. Üstəlik, Gürcüstan ərazisində qondarma Cənubi Osetiya və Abxaziya regionları da var”.

Digər gürcü ekspert Vaxtanq Maisaya isə Rusiyanın Ermənistandakı “İsgəndər”lər vasitəsilə Gürcüstanın Qərbə inteqrasiyasının qarşısını almağa çalışdığını bildirib:

“Rusiya Gürcüstanı öz təsir dairəsi hesab edir. Moskva planlarını bizim NATO-ya inteqrasiyamız ucbatından reallaşdıra bilmir. Rusiya istənilən an Şərqi Avropadan NATO və Avropa Birliyinə üzv olmayan ölkələri aktiv şəkildə öz təsir dairəsinə qaytarmağa başlaya bilər. “İsgəndər”ləri Ermənistanda yerləşdirməklə Moskva Gürcüstana hədə-qorxu gəlir. Bu kompleks vasitəsilə buraxılan raketlər 500 kilometrə qədər məsafədə yerləşən hədəfləri məhv edir. Bu isə Bakı-Supsa neft kəmərinə, Qori, Tiflis və digər şəhərlərimizə təhdiddir”.

Qeyd edək ki, Rusiya bir müddət öncə Ermənistana İsgəndər-M raketlərini verib. Moskva bu addımını indiyə qədər heç nə ilə izah etməyib. Rəsmi İrəvan belə bir raketi bölgədə stabilliyi qorumaq üçün aldığını açıqlayıb. İndiyə qədər Ermənistana İsgəndər-M-lərin nə qədər və hansı qiymətə verildiyi açıqlanmayıb.

İsgəndər-M yalnız Rusiya ordusu üçün nəzərdə tutulub və dünyanın heç bir ölkəsinə ixrac edilmir. Bu raketlərin Ermənistana verilməsi onun xarici ölkəyə satıldığı ilk haldır. (Axar.az)