XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

24 Noyabr 2016 - 10:41

“Rabitə işi”ndə korrupsiya faktları tükənmir –“Aztelekom”un mühasibi də külli miqdarda “şapka” alırmış

rabite-1

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyətinin həbsdə olan sabiq baş mühasibi Oktay Rüstəmovun tender qalibindən külli miqdarda pul alması müəyyən olunub.

Bu barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində RYTN-in sabiq yüksək rütbəli məmurları ilə bağlı aparılmış cinayət işinin istintaq materiallarında qeyd olunur. (Trend)

Sözügedən cinayət işi ilə bağlı ibtidai istintaqda şahid qismində dindirilmiş “Xəzər” MMC və “Xəzər 2011” MMC-nin təsisçisi və direktoru Cabbarov Ənvər Məmməd oğlunun ifadəsindəki bir çox məqamlar tenderlərdə udulmuş işlərin icrası zamanı yol verilmiş yeyinti faktları ilə bağlı diqqət çəkir.

Ə.Cabbarov ifadəsində bildirib ki, 2002-ci ildə “Xəzər” MMC-ni təsis edərək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa başlayıb. 2009-cu ildə qonşusu Vilayət Səlimov RYTN-də tanışları olduğunu deyərək, ona nazirliyin tikinti işlərini birlikdə görməyi təklif edib. Ə.Cabbarov V.Səlimovla razılaşıb. Razılaşmaya görə, “Xəzər” MMC-nin hesabına köçürüləcək vəsaitin 2 faizi Ə.Cabbarova veriləcəkmiş. Razılaşmadan sonra “Xəzər” MMC-nin sənədləri V.Səlimova verilib və faktiki olaraq, tenderdə udulan işlərin icrasına rəhbərliyi o edib.

Bir müddət “Azərpoçt” MMC ilə işlədikdən sonra V.Səlimov “Aztelekom” MMC-nin tabeliyində olan Telekommunikasiya Qovşaqları ilə Ə.Cabbarovun təsisçisi olduğu “Xəzər” MMC və “Xəzər 2011” MMC-lər arasında podrat müqavilələri imzalamağı təşkil edib. Bu işlərlə bağlı bütün sənədləşmə işlərini, kotirovka sorğularında iştirakları V.Səlimov təşkil edib. “Xəzər” MMC “Aztelekom” MMC-nin tabeliyində olan Salyan, Qobustan, Goranboy və Beyləqan rayon Telekommunikasiya Qovuşaqlarının ATS-lərinin təmiri işlərini həyata keçirib. Ümumilikdə, “Aztelekom” MMC-dən “Xəzər-2011” MMC-nin hesabına 250.000 manata yaxın vəsait köçürülüb. Cəmiyyətlərin hesabına köçürülmüş vəsaitləri “Zaminbank” ASC-nin İnam filialından nağd götürülüb. Məbləğin 18 faizi əlavə dəyər vergisi, 0,5 faizi isə bank xidmət haqqı kimi çıxılıb. Ə.Cabbarov nağdlaşdırdığı pulu V.Səlimova verib. Fəhlələrin əmək haqqını, avtomobil xərclərini V.Səlimov ödəyib. Köçürülən pulun 2 faizi, yəni 500-1000 manat arası məbləğ Ə.Cabbarova qalıb. İşləri V.Səlimov təşkil etdiyindən, “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmovla da əlaqələri özü qurub. Ə.Cabbarov Telekommunikasiya Qovşaqları tərəfindən elan edilmiş kotirovkalarda iştirak etməyib, sənədləşmələr formal olaraq aparılıb.

Ə.Cabbarov ifadəsində “Xəzər-2011” MMC-yə ayrılmış 490.152 manat vəsaitdən iş həcmlərinin dəyərinin artırılması yolu ilə şişirdilmiş 308.087 manatdan 200.000 manatın V.Səlimovun vasitəsi ilə “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmova göndərildiyini, qalan pulu isə V.Səlimovla aralarında böldüklərini, işlərə görə aylıq onlara 1000-1500 manat arası pul qaldığını göstərib.

Şahid qismində dindirilmiş Səlimov Vilayət Əmiraslan oğlu isə ifadəsində göstərib ki, Ə.Cabbarovu yaşadığı 7-ci mkr. ərazisində qonşu kimi tanıyıb, onunla yaxın münasibətləri olub. V.Səlimov deyib ki, Ə.Cabbarov dəfələrlə ondan təmir-tikiniti işlərində yardım etməyi xahiş edib. O bildirib ki, 2009-cu ildə “Azərpoçt” MMC və “Aztelekom” MMC-nin tabeliyində olan filiallarla bağlı təmir tikinti işlərinin icra olunduğunu eşidib və bu barədə qonşusu Ə.Cabbarova məlumat verib, birlikdə işləmələrini məsləhət bilib. İşlərin ona verilməsi ilə əlaqədar “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmov və “Azərpoçt” MMC-nin əməkdaşı ilə danışıb. O.Rüstəmov kotirovka və tenderdə qalib gələn müəssisələrin hesabına köçürülən vəsaitin bir hissəsinin onlara qaytarılmalı olduğunu bildirib. V.Səlimov O.Rüstəmovla razılaşıb və Ə.Cabbarova bu barədə məlumat verib. V.Səlimov 2010-cu ildən başlayaraq, “Xəzər-2011” MMC ilə “Aztelekom” MMC-nin tabeliyində olan Telekommunikasiya Qovşaqları ilə müqavilə imzalayıb. “Aztelekom” MMC-də bütün sənədləşmələri, kotirovkaları O.Rüstəmov icra edib.

“Xəzər” MMC və “Xəzər 2011” MMC tərəfindən “Aztelekom” MMC-nin tabeliyində olan Salyan, Qobustan, Goranboy və Beyləqan rayon Telekommunikasiya Qovşaqlarının ATS-lərinin təmir işləri həyata keçirilib. Ümumilikdə, “Aztelekom” MMC-dən “Xəzər-2011” MMC-nin hesabına 250.000 manata yaxın vəsait köçürülüb. “Aztelekom” MMC-dən cəmiyyətlərin hesabına köçürülmüş vəsaitləri Ə.Cabbarov nağd olaraq alıb, qalan 50 faizini isə “Aztelekom” MMC-nin baş mühasibi O.Rüstəmova verib. “Aztelekom” MMC-nin tabeliyində olan Telekommunikasiya Qovşaqlarına aid olan Elektron Avtomat Telefon Stansiyası (EATS) binalarının təmir-tikintisi ilə əlaqədar qiymətlər şişirdilərək yazılıb. EATS binasının təmir-tikintisinə, kv.m-dən asılı olaraq maksimum 800-5000 manat arası vəsait sərf olunmasına baxmayaraq, kotirovka sorğularında qiymətlər 10.000-17.000 manat arası sənədləşdirilib.