XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Noyabr 2016 - 18:40

Avropa İttifaqının nümayəndəsi:"Aİ “Şərq tərəfdaşlığı” ölkələrinin ərazi bütövlüyünü dəstəkləyir"

qacqin

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun üzvləri ilə görüş keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən verilən xəbərə görə, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsin sədri Əli Həsənov Dağlıq Qarabağ münaqişənin tarixi barədə danışıb.

Azərbaycan Respublikasının Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair saziş layihəsini ötən il təqdim etdiyini xatırladan Ə. Həsənov Aİ Şurası tərəfindən Azərbaycanla hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəyə mandat verilməsini yüksək qiymətləndirib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard geniş tərkibli nümayəndə heyətinin Bakıya səfərinin Azərbaycan və Aİ arasında əməkdaşlığın inkişafına töhfə verməsi baxımından önəmini qeyd edib. O, Aİ Şurası tərəfindən Azərbaycan Respublikası ilə hərtərəfli razılaşmanın hazırlanması üzrə danışıqların aparılması üçün Avropa Komissiyasına və xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Federiko Mogeriniyə mandatın verilməsinin bu istiqamətdə atılan növbəti uğurlu addım olduğunu bildirib.

Aİ Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun rəhbəri Vinot Karolin isə deyib ki, Azərbaycan Avropa İttifaqı üçün təkcə enerji sahəsində deyil, eyni zamanda, dünyəvilik baxımından da vacib tərəfdaşdır: “Azərbaycanla münasibətlərimizi yeni səviyyəyə qaldırmaq istəyirik. Düşünürük ki, bunun üçün geniş potensial var. Avropa İttifaqı “Şərq tərəfdaşlığı” proqramının əhəmiyyətini yüksək qiymətləndirir. Qurum bu proqramda iştirak edən ölkələrin ərazi bütövlüyünü dəstəkləyir, həmin dövlətlərin ərazilərində baş verən problemlərin sülh yolu ilə həllinə çalışır”.

Görüşdən sonra Avropa İttifaqı Şurasının Avropa və Mərkəzi Asiya üzrə işçi qrupunun üzvləri Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınmış məhəllədə yaradılan şəraitlə tanış olublar.  (APA)