XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Noyabr 2016 - 18:04

İndoneziyalılar BANM-də –Səfir də görüşə qatıldı

indoneziya-bnm

Bakı Ali Neft Məktəbində (BANM) İndoneziya Respublikasının Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin rəhbərlik etdiyi və bu ölkənin dövlət qurumlarının, ali təhsil müəssisələrinin rəhbər işçilərindən və professor-müəllim heyətindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən Strateq.az-a verilən məlumata görə, Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektor Ramiz Hümbətov Ali Məktəbin rektoru Elmar Qasımovun adından qonaqları salamlayaraq, onları Azərbaycanda və bu ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu dilə gətirib. O, BANM-in yaranma tarixi, fəaliyyəti, bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, tədris prosesi haqqında  təqdimatla çıxış edib, qonaqlara ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə yaradılmış Ali Məktəbdə qısa vaxtda ölkə başçısının “Neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının reallaşdığını bildirib.

Səmimi qəbula görə təşəkkür edən İndoneziya Respublikasının Azərbaycandakı  fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani nümayəndə heyətinin Bakıda keçirilən İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiklərini, təmsil etdiyi ölkənin elm və təhsil sahəsində Azərbaycan universitetləri ilə əməkdaşlıqda marağını və bu əməkdaşlığa dəstək verməyə hazır olduğunu bildirib.

Qonaqlar BANM-də olmaqdan məmnunluqlarını dilə gətirərək belə görüşlərin ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd ediblər. Görüşdə universitetlərarası gələcək əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin təhsil və elm istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.