XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Dekabr 2016 - 13:19

“Yanan bina”nın məhkəməsində saxta məktublara etiraz:“Ona niyə ittiham irəli sürülüb?"

bina-yanan-bine

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

 Hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə sənədlərin tədqiqi davam etdirilib. Elan olunan sənədlərdə göstərilib ki, binada aparılan işlər zamanı yanğın təhlükəsizlik qaydalarına əməl olunub. Miryusif Mahmudovun vəkili İlhamə Həsənova deyib ki, işdə olan məktublardan çoxu qeydiyyatdan keçməyib: "Guya Binəqədi rayon İcra Hakimiyyətinə 2012-ci ildə məlumat olub ki, poliuretan üzlüklər təhlükəlidir. Lakin bunun saxta olduğu aydındır. Məktub qeydiyyatdan keçməyib".  (APA)

 Hakim vəkilin dediklərinin protokola yazıldığını deyib. İ. Həsənova isə dediklərinin araşdırılmasını istəyib: "Protokola yazmaq yox, araşdırmaq lazımdır".

 Qəzənfər Novruzovun vəkili Nüşabə Ağayeva istintaqın düzgün aparılmadığını deyib. Prokuror isə bildirib ki, bütün məsələlər araşdırılacaq.  Təqsirləndirilən Uğur Bəşirov deyib ki, materialın təhlükəli olması haqqında məlumat olubsa, niyə heç bir tədbir görülməyib.

 İclasda Binəqədi rayon İcra Hakimiyyətinin başçısı tərəfindən baş prokurorun birinci müavini Rüstəm Usubova göndərdiyi məktub elan edilib. Məktubda icra başçısının müavini Qüdrət Seyfullayevin sərəncamla işdən çıxarıldığı bildirilib.

Daha sonra prosesdə Uğur Bəşirovun vəkili Cavid Rzazadə vəsatət verib. O, Binəqədi rayon İcra Hakimiyyətindən məktubların qeydiyyat kitablarından çıxarışlarının məhkəməyə təqdim olunmasını istəyib. Hakim vəsatətə sonra baxılacağını deyib.

 Ədalət Rəcəbovun vəkili isə bildirib ki, müdafiə etdiyi şəxs binada üzləmə başa çatandan sonra İcra Hakimiyyətində təsərrüfat şöbəsinin rəisi işləyib: "Ona niyə ittiham verilib?"

 Hakim hazırda həmin məsələnin araşdırılmadığını deyib.

 Proses dekabrın 5-də davam edəcək.