“25 il bundan əvvəl Rumıniya Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olub. Ötən 25 il ərzində xalqlarımız arasındakı bağlarımız bütün sahələrdə daha da güclü inkişaf edib”.
Bunu Rumıniyanın Azərbaycandakı səfirliyinin ölkənin Milli Günü münasibəti ilə təşkil etdiyi rəsmi qəbulda səfir Dan İanku deyib.
Hər iki ölkənin hazırda həqiqi dostluq, həmrəylik, inam üzərində əsası qoyulan yaxın və möhkəm münasibətlərdən bəhrələndiyini deyən D.İanku əlavə edib ki, 2009-cu ildə imzalanan ikitərəfli Strateji Tərəfdaşlıq – Azərbaycanın Aİ və üzv dövlətlərlə bağladığı ilk belə bir müqavilə artıq çox dinamik vəziyyət alan əməkdaşlığımızı tam təsdiqləyib, ona yeni impuls verib: “Rumıniya Azərbaycanın beynəlxalq arenada həmişə yaxın tərəfdaşı olub və olmaqda da qalacaq. Biz Azərbaycan və Aİ arasındakı dialoqun inkişafını, olduqca iddalı olacaq yeni Saziş üzrə danışıqların erkən başlanmasını bütünlüklə dəstəkləyirik”.
Azərbaycan hökuməti adından Rumıniya xalqını bayram münasibəti ilə təbrik edən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, ölkələrimiz arasındakı əlaqələr strateji təfərdaşlıq xarakteri daşıyır. O, bununla bağlı Azərbaycan və Rumıniya arasında fəaliyyət planının mövcudluğunu və bu planın icrasında maraqlı olduğunu vurğulayib.
Nazir müavini əlavə olaraq bildirib ki, Rumıniya həmişə Azərbaycana dəstək olub.
Strateq.az