XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

02 Dekabr 2016 - 20:51

AMEA ilə ASK arasında memorandum imzalandı –FOTO

memmed-akif

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində AMEA ilə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) arasında Memorandum imzalanıb.

AMEA-dan Strateq.az-a verilən məlumata görə, memorandumun məqsədi elmi nailiyyətlərin və yeniliklərin istehsalatın müxtəlif sahələrində tətbiqi, sahibkarlıq subyektlərinin maarifləndirilməsi və fəaliyyətlərinin inkişafına kömək göstərilməsi ilə bağlı birgə əməkdaşlıq münasibətlərini müəyyən etməkdir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə Memorandumdan irəli gələn məsələlər və görüləcək tədbirlər haqqında məlumat verib. Konfederasiya ilə əlaqələri yüksək qiymətləndirən AMEA rəhbəri bildirib ki, bu əməkdaşlıq ölkədə innovativ iqtisadiyyatın dəstəklənməsi, elm və istehsalat arasında əlaqələrin gücləndirilməsi, tətbiqi elmi araşdırmaların bazarın tələbatına uyğunlaşdırılması baxımından olduqca əhəmiyyətlidir.

AMEA-nın biliklər iqtisadiyyatı quruculuğu istiqamətində islahatları davam etdirdiyini qeyd edən akademik Akif Əlizadə əməkdaşlığın bu yöndə fəaliyyətə, texnoloji, elmtutumlu milli məhsulların istehsalına və ölkədə intelektual biznesin formalaşdırılmasına böyük töhfə verəcəyini vurğulayıb.

Sonra Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib. Təşkilatın fəaliyyət istiqamətləri haqqında məlumat verən Məmməd Musayev bildirib ki, ASK Azərbaycanda biznes mühitinin yaxşılaşdırılmasına təkan verən, sahibkarların fəaliyyətini əlaqələndirən, hüquqi və iqtisadi mənafelərini müdafiə edən, onlara ölkədə və xaricdə tərəfdaşlar tapmağa kömək edən bir təşkilatdır. Konfederasiya prezidenti ASK-nın ölkənin yüksək iqtisadi səmərəliliyə nail olması, dünya iqtisadi sisteminə uğurlu inteqrasiyası üçün məqsədyönlü tədbirlərin həyata keçirilməsində fəal iştirak etdiyini deyib. ASK-nın sosial-iqtisadi yönümlü beynəlxalq təşkilatların üzvü olduğunu, eləcə də respublikamızın xarici ölkələrdəki səfirlikləri ilə sıx əməkdaşlıq etdiyini qeyd edib.

Hazırda ölkədə elm sahəsinə yeni yanaşmanın formalaşdığını söyləyən Məmməd Musayev AMEA ilə əməkdaşlığı elmlə biznesin bütünləşməsi baxımından mühüm addım kimi qiymətləndirib. Gələcəkdə elm-biznes sektorunun inkişafını təmin etmək üçün elm adamlarının sahibkarlarla birgə fəaliyyətinə böyük ehtiyac yarandığını vurğulayıb.

Tədbirdə məhsulların istehsalında elmi nailiyyətlərin tətbiqi, elmi-texniki xidmətlərin göstərilməsi, yüksəkixtisaslı kadr hazırlığında elm, təhsil və istehsalat arasında əlaqələrin möhkəmləndirilməsi, müştərək layihələrin həyata keçirilməsi, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində AMEA ilə ASK-nın birgə inkişaf proqramlarının hazırlanması, sahibkarlığa dair konfederasiyanın təcrübəsinin öyrənilməsi və digər prioritetlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib. Müzakirə olunan məsələlər ətrafında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev, AMEA-nın İşlər  İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev, AMEA-nın Kimya Elmləri Bölməsinin akademik-katibi, akademik Dilqəm Tağıyev, “Mətanət A” şirkətinin prezidenti Elxan Bəşirov, “Neuron Technologies” MMC-nin direktoru İsmayıl Ələkbərov, AMEA Rəyasət Heyəti aparatının İnnovasiya şöbəsinin müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Vüqar Babayev, AMEA Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, geologiya-mineralogiya elmləri doktoru Çingiz Qaşqay və digərləri çıxış edərək, qurumlar arasında əməkdaşlığın elm və istehsalat münasibətlərinin uğurlu inkişafına nail olmaq baxımından əhəmiyyətini vurğulayıblar.

 Memorandumu AMEA-nın prezidenti, akademik Akif Əlizadə və ASK-nın prezidenti Məmməd Musayev imzalayıblar.