XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

06 Dekabr 2016 - 18:12

Nazir:“Kipr birləşsə, türk tərəfi avtomatik Avropa İttifaqının tərkibində olacaq”

ioannis

Avropa Şurası Nazirlər Komitəsinə (AŞNK) sədrlik edən Kiprin xarici işlər naziri İoannis Kasoulides adanın birləşməsi istiqamətində aparılan danışıqların son vəziyyətindən danışıb.

Avropa Şurası yanında daimi akkreditasiya olunmuş bir qrup jurnalisti Nikosiyada qəbul edən nazir bildirib ki, gələn il yanvarın 9-12-də Cenevrədə Kipr adasının gələcəyinin müəyyənləşdirilməsi istiqamətində mühüm beynəlxalq konfrans keçiriləcək: "Adanın hər iki tərəfinin liderləri ilə yanaşı, ilk dəfə üç qarant ölkə, Türkiyə, Yunanıstan və Böyük Britaniya da tədbirə qatılacaq. Bu görüşdə Kiprin adanın tarixi, təhlükəsizliyi və zəmanət məsələləri ətrafında ciddi danışıqlar aparılacaq. Türkiyə bildirir ki, adaya hərbi və birtərəfli şəkildə müdaxilə etməsinə tam haqqı var. Biz Türkiyənin mövqeyini qəbul edirik. İndiyədək aparılan müzakirələrdə  cavab belə olurdu ki, münaqişə və onun həlli Kiprin iki icması arasında olan məsələdir, danışıqlar da onlar arasında aparılır. Doğrudur, biz öz aramızda danışıqlar aparırıq və hazırda bu məsələnin demək olar, bütün müddəaları üzrə həlli istiqamətində addımlayırıq. Amma bir məsələ var ki, o ya həll olunacaq, ya da uğursuzluqla nəticələnəcək. Bu da təhlükəsizlik məsələsidir. Biz bu dəfə 19 ay davam edən danışıqlardan sonra ilk dəfə prezident Rəcəp Tayyib Ərdoğanın və Türkiyə hökumətinin rəsmi mövqeyini eşidəcəyik. İndiyə qədər Ərdoğan və hökuməti danışıqlar prosesini dəstəklədiklərini bildirir, bu münaqişənin tezliklə həllinin tərəfdarı kimi çıxış edirdi. Fikrimcə, vəziyyəti müsbətə doğru dəyişə biləcək bir neçə amil var. Türkiyə Ordusunun indiyə kimi mövqeyi bundan ibarət idi ki, Kipr məsələsinin müzakirəsinə ehtiyac yoxdur, məsələ 1974-cü ildə, Türkiyə Ordusunun adaya girdiyi il həll olunub. İndi isə deyə bilərik ki, Ərdoğan bu məsələdə daha sərbəst qərarlar qəbul edə bilər”.

Nazir bildirib ki, Kipr məsələsinin həllində Suriyanın şimalındakı vəziyyət, kürd problemi və Mosul digər məsələlər Türkiyənin qərarlarına təsir göstərə biləcək. Kipr ətrafındakı qaz yataqlarının birgə istismarı və Türkiyə üzərindən təbii qazın Avropaya nəql edilməsindən Türkiyə yararlana biləcək.

Kipr birləşərsə, adanın türk tərəfinin gələcək aqibətinə dair suala cavab verən nazir deyib ki, yaradılacaq federal dövlətdə hər iki tərəf ölkənin siyasi həyatında iştirak edə biləcək: “Ada birləşdiyi təqdirdə, Kiprin türk tərəfi avtomatik olaraq Avropa İttifaqının tərkibinə qatılacaq. Razılaşmadan dərhal sonra bütün ada Aİ-nin üzvü olacaq. Birləşmə baş verərsə, bu ikiicmalı, ikizonalı və federal dövlət olacaq. Federal hökumət yaradılacaq və bu dövlətdə hər iki tərəf siyasi bərabərlik ruhunda iştirak edəcək. İkipalatalı parlamentin yaradılması nəzərdə tutulur”.  (APA)