XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 December 2016 - 12:11

Səyyar “ASAN xidmət” Samuxda olacaq- Bu tarixədək

Səyyar “ASAN xidmət” dekabrın 13–27-də Samux şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. Bundan başqa, səyyar “ASAN xidmət” avtobusları noyabrın 14-dən dekabrın 13-dək Astarada, noyabrın 29-dan dekabrın 28-dək Qubada, dekabrın 2-dən 16-dək Saatlıda, dekabrın 5-dən 19-dək Siyəzəndə, dekabrın 5-dən 24-dək Tovuzda, dekabrın 5-dən 14-dək Qaradağ rayonunun Ələt qəsəbəsində, dekabrın 9-dan 28-dək Ağcabədidə, dekabrın 12-dən 15-dək Cəlilabadda, dekabrın 12-dən 26-dən Qobustanda vətəndaşların xidmətində olacaq.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən bildiriblər ki, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.