XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

14 Dekabr 2016 - 00:24

Tanınmış simalar dəstək verdilər:"Qadın zorakılığına yox!" - FOTO/VİDEO

_mg_5458

Azərbaycanın tanınmış kişi simaları – Xalq artisti Fəxrəddin Manafov, jurnalist Əvəz Zeynallı, iqtisadçı Azər Mehtiyev, yazıçı-publisist Elçin Şıxlı, politoloq Hikmət Hacızadə, hüquqşünas Ələsgər Məmmədli, ictimai xadim Əliməmməd Nuriyev, kinorejissor Ayaz Salayev, media mütəxəssisi Mehman Əliyev "Qadın zorakılığına yox!"adlı videoçarxda rol alıblar

Qadın ana, qadın bacı, qadın həyat, ömür-gün yoldaşıdır. Əsrlər boyu qadına qarşı olan qəddar münasibət sivil toplumlar tərəfindən qınanılıb, qadın zorakılığına qarşı müxtəlif yollarla mübarizə aparılıb. Bəs Azərbaycanda necə, bu problem hansı səviyyədə həll olunmağa çalışılır?

_mg_5464

Bu suala Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyәtinin qatıldığı “Qadınlara Qarşı Zorakılığa SON!” adlı16 Günlük Fəallıq Kampaniyasına həsr olunmuş Forumda cavab tapmağa çalışıldı.Forumun keçirilməsinin әsas mәqsәdi ölkədə Qadınlara qarşı artımla müşahidə olunan zorakılıq mövzusuna ictimai diqqətin cәlb edilmәsidir.

Qeyd edək ki, Forum Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyәtinin “Qadınlara qarşı Zorakılıqla mübarizə” mövzusunda tərəfdaş olduğu Asiya İnkişaf Bankı, Kvinna till Kvinna Fondu və German Marşal Fondunun Qara Dəniz region təşkilatı ilə əməkdaşlığı nəticəsində әrsәyә gәlib.

_mg_5459

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin sədri Şəhla İsmayıl “Qadınlara qarşı zorakılığa yox deyək!” kampaniyası çərçivəsində təşkilatın gördüyü işlər haqqında məlumat verdi. Onun sözlərinə görə, son bir neçə ildə 70 rayon icra hakimiyyətində təşkilat tərəfindən hazırlanmış filmlər nümayiş etdirilib.

120 QHT-dən ibarət şəbəkə yaradılıb, bu işlərdən 137 min insan birbaşa faydalanıb, qadın zorakılığına qarşı ictimai diqqət və maraq yönləndirilib. Şəhla İsmayıl bütün fəaliyyətlərinin arxasında nəhəng iş dayandığını qeyd etdi. Onun fikrincə, problemin həll olunması üçün maarifləndirmə olduqca vacibdir. Bunun üçün həm də qadın və icma əsaslı təşkilatlara böyük ehtiyac var. Qadınların iqtisadi müstəqilliyini artıran layihələrə ehtiyacları var. Ona görə də bu istiqamətdə çoxtərəfli mütəmadi iş aparılmalıdır. Beynəlxalq təşkilatlar, səfirliklər, beynəlxalq qurumların da üzərinə vəzifələr düşür.

Bundan sonra Şəhla İsmayıl rəhbəri olduğu Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin kampaniya çərçivəsində hazırladığı buklet-təqvimlə forum iştirakçılarını tanış elədi.

Asiya İnkişaf Bankının Azәrbaycandakı nümayәndəsi Sәbinә Cəfәrova qadınlara qarşı zorakılıqla mübarizə mövzusunun önәmliliyini vurğuladı. Onun sözlərinə görə, son illər Azərbaycan televiziyalarında nümayiş olunan filmlərdə qadın zorakılığı ilə bağlı düzgün olmayan mesajlar verilir. Cəmiyyət olaraq qadına baxışımız dəyişməyənə qədər problemin həll olunması mümkünsüzdür. Bu məsələ mütləq dövlət tərəfindən həll olunmalıdır.

Daha sonra Azərbaycanın tanınmış kişi simalarının iştirakı ilə “qadın qətllərinə son” devizi altında çəkilmiş sosial çarxın tәqdimatı oldu.

Çarxda rol alan "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev qadın zorakılığına son illərdə nisbətən az rast gəldiyini və bu istiqamətdə müsbətə doğru gedildiyini dedi.

“Xural”qəzetinin baş redaktoru Əvəz Zeynallı “qadın qətllərinə son!” kampaniyasının bütün kampaniyalardan önəmli olduğunu bildirdi.

 “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucova Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyәtinin digər təşkilatlarla müqayisədə bu cür kampaniyalarda daha fəal olduğunu, təşkilatın rəhbəri Şəhla İsmayılın mütəmadi olaraq bu istiqamətdə əhəmiyyətli işlər gördüyünü vurğuladı.

“Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev erkən nikahlarla bağlı fikir bildirdi.

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun Qanunvericilik və siyasət üzrə layihə əməkdaşı Xalisə Şahverdiyeva bildirdi ki, istər hökumətlə əməkdaşlıq çərçivəsində müraciət edən şəxslərin işlərinin araşdırılması, istərsə də zorakılığa məruz qalan insanlara qarşı edilən cinayətlərə cavab tədbirləri həyata keçirilməsi üçün model formalaşdırılır. Bu model dövlət orqanları arasında güclü bir əlaqələndirici funksiyanı yerinə yetirməlidir.

Psixoloq Kəmalə Abdullayeva qadın zorakılığının əsasında tək iqtisadi problemlərin durmadığı qənaətindədir.

Forum işini qadınlara qarşı zorakılıqla bağlı cari vәziyyәt, çәtinliklər vә görüləsi işlәr barәdə müzakirәlәrlә davam etdi. 

Strateq.az