XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

14 Dekabr 2016 - 12:03

Azərbaycanda yeni tələbə kartıtəqdim edildi

Bu gün "Azərbaycan Tələbə Kartı" yeni variantda təqdim edilib.

Trend-in verilən məlumata görə, tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu çox maraqlı və faydalı bir layihədir və tələbələr üçün dəstək və köməkdir.

Nazir bildirib ki, tələbələrimizin böyük uğurları var:

“Tələbələrimiz Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə, o cümlədən birinci Avropa Oyunlarında, Formula 1-də könüllü kimi fəal iştirak ediblər. Biz istəyirik ki, bu kart tələbələr üçün bir kömək olsun”.

A.Rəhimov vurğulayıb ki, bu kart gələcəkdə tələbələrə daha çox imkanlar açacaq.

Tədbirdə həmçinin Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri, Milli Məclisin deputatı Şahin İsmayılov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyav və "Azərbaycan Tələbə Kartı" ilə əməkdaşlıq edən şirkətlərin nümayəndələri çıxış edərək kartın əhəmiyyəti barədə danışıblar.

Qeyd olunub ki, bu layihə tələbələrə sosial dəstəyin artırılması məqsədi daşıyır. Bildirilib ki, layihə artıq özünü doğruldub və daha çox şirkətlər layihəyə qoşulub. Həmçinin qeyd edilib ki, "Azərbaycan Tələbə Kartı" ilə əməkdaşlıq edən şirkətlərin sayının artırılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Sonra bir sıra tələbələrə yeni kartlar təqdim edilib.

Qeyd edək ki, təhsil alan gənclərə sosial dəstəyin artırılması və tələbələrin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması məqsədilə 2012-ci ildən etibarən Gənclər və İdman, Təhsil Nazirliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün 196 min ədəd "Azərbaycan Tələbə Kartı" hazırlanaraq pulsuz paylanıb.

"Azərbaycan Tələbə Kartı" Avropa Gənclər kartı ilə birgə buraxılır. 1987-ci ildə təsis edilən Avropa Gənclər Kartı Assosiasiyası üzv təşkilatları sosial, mədəni, təhsil və iqtisadi cəhətdən mobil olmaq üçün daha çox gəncləri stimullaşdırmaq istiqamətində birgə fəaliyyət məqsədi daşıyır. Plastik kartın üzərində Avropa Gənclər Kartının loqosu var və ona uyğun olaraq kartın içində mikroçip yerləşdirilib. Bu da kart sahibinə Avropanın 37 ölkəsində aşağıdakı 80.000-dən artıq və Azərbaycanda 200-dən artıq obyektdə 5%-dən 55%-ək endirimlər təklif edir.

Kartdan aşağıdakı istiqamətlər üzrə istifadə etmək imkanı var:

– səyahət zamanı: hotellər və hostellər, ekskursiyalar və turlar
– nəqliyyat: qatarlar, avtobuslar, hava və su nəqliyyatı
– mağazalar: kitab, idman, paltar və digər
– iaşə obyektləri: restoranlar və kafelər
– xidmətlər: sığorta, abunə servisi, bələdçi